Səmalardan enən könül ruziləri

Səmalardan enən könül ruziləri

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Ruziniz və sizə vəd edilən şeylər göylərdədir”. (Əl-Zariyat/22)

Yerdə və göylərdəki kimsələrin kölgəsi ilə bərabər sabah-axşam istər-istəməz səcdə etdikləri Uca Allaha şükürlər və həmd-sənalar olsun.  Mübarək qəlbinə Uca Allahın ayələri endirilən, Rəbbinin hökmünə mətanətlə səbir edən, sabah-axşam Rəbbinin adını anan və gecənin bir bölümündə Rəbbinə uzun-uzun qiyam və səcdələrdə ümmətinin dərdlərini ərz edərək qurtuluş və diriliş naminə göz yaşları tökən  Hz. Muhammədə salətu-salam olsun.

“Mənə dua edin ki, duanıza qarşılıq verim”,- deyə buyuran Uca Allahın bəndələrindən gözlədiyi qulluq həssasiyyətinə varlığını fəda edəcək ölçüdə qarşılıq verən Allah Rəsulunun Rəbbani yaradılışın parlaq dəlilləri qarşısında ümmətinə təqdim etdiyi təslimiyyət örnəyi öyüd almaq üçün qəlbini İslama açan heç bir kimsəni  İlahi Rəhmətdən naümid qoymayacaq şəkildə mükəmməldir. Bu mükəmməlliyi qulluq həyatlarının hər bir mərhələsində canlı tutmağa çalışanlar çox gözəl bilirlər ki, duaların ilahi dərgahda qəbul görməsi üçün Rəsulullaha salavat gətirilməsi şərti ilə göylərə və Uca Ərşə uğurlanması, bu diləklərin ünvana yetişməsinə vəsilə olmaqdadır.

“Ruziniz və sizə vəd edilən şeylər göylərdədir”,- deyə bildirilən Rəbbani bəyanı rəhbər tutan mənəviyyat öndərləri göylərdən enən rəhmət, bərəkət və mərhəmət yağmurlarına daima ehtiyac duymuşlar. Mövlana həzrətləri göylərlə olan bu rəhmət  alış-verişini necə də mənalı bir şəkildə ifadə etməkdədir:

“Ya Rəbbi! Mən ruzimi göydən axtarmağa alışdım, çünki Sən mənə göylərdən bir qapı açmısan. Ey məkansızlıq aləmində məkan göstərmiş olan Allahım! Sən: - Ey insanlar! Sizin ruziniz göy üzündədir, - deyə buyurmusan”.

Rəbbimizin yer üzərində yaratdığı bütün varlıqların maddi bədənləri torpaqda bitən saysız-hesabsız bitki mənşəli məhsullarla bəslənməkdədir. Onlar belə ilahi bəyanla – “Göylərdən endirilən su” (Ər-Rad/17) – ilə yetişməkdədir. İnsan, Quran və yerləri, göyləri əhatəsinə alan kainat arasındakı mükəmməl vəhdəti məhsuldar çalışmaları ilə araşdıran Mühyiddin İbn Ərəbi həzrətləri adəm övladlarını bu vəhdəti qulluq həyatlarında canlı tutmağa dəvət etməkdədir:

“İnsan digər canlılar kimi sadəcə ayaqları altından (yəni yerdən, torpaqdan) bəslənən bir qafil olmamalıdır. Adam dediyin varlıq göydən də bəslənməsini, ruzilənməsini biləndir”.

Aşağıda izləyəcəyimiz hadisə göylərə yönələn səmimi və içdən gələn niyyətlərə qarşılıq olaraq göylərin sahibi tərəfindən dua və niyyət sahiblərinə ehsan edilən nemət yağmurlarını sərgiləyən bir ibrət lövhəsidir:

Zamanında möminlərin əmiri deyərək anılan Abdullah bin Mübarək həzrətlərinin bir köləsi var idi. Kölənin vəzifəsi gün ərzində qazanacağı pulun bir hissəsini sahibi olan Mübarək həzrətlərinə verməkdən ibarət idi. Kölənin davranışlarından şübhələnən ətrafdakılar bir gün sahibinə bunları söylədilər: “Kölən məzarları açıb kəfənləri soyur və bu surətlə də əlinə keçirdiyi pulları sənə verir”. Rəbbindən yalnız halal ruzi tələbi ilə əllərini daima göylərə açan Mübarək həzrətləri bu dedi-qoduya çox üzüldü. Köləni təqib etmə niyyəti ilə gecə vaxtı gizlincə ardına düşdü. Kölə isə izlənməyindən xəbərsiz məzarlığa girdi, bir qəbrin üstünü açıb orada namaza durdu. Mübarək həzrətləri səssizcə yaxınlaşıb ona baxdığında üzərində sadə bir çuval, boynunda isə bir zəncir gördü. Kölə səcdəyə gedib ağlamağa başladı. Onun bu halı əfəndisini də kövrəltdi. Kölə sabaha qədər ibadətinə davam etdi, sonra məzardan çıxıb onun üstünü örtdü. Sabah namazını da qıldı. Namazını bitirdikdən sonra: “Ey əsl sahibim olan Rəbbim! Məcazi (fani) sahibimə pul verməm lazımdır. Möhtacların sığınacağı sənsən”,- deyə yerlərin və göylərin sahibinə könül hüzuru ilə yönəldi. O zaman bir nurun müşayiəti ilə ovcuna bir dirhəm düşdü. Bu hadisəni heyrətlə seyr edən Mübarək həzrətləri dözmədi, yanına gedərək qucaqladı, öpüşlərə qərq edərək bunları söylədi: “Sənin kimi, göylərin sahibi tərəfindən bəslənən köləyə canlar fəda olsun. Aman Allahım! Nə olardı, sən mənim əfəndim, mən də sənin kölən olardım”. Bu hadisə üzərinə Rəbbi ilə əmsalı nadir olan ülvi rabitəsinin əyan olduğunu anlayan, məğrurluq, özündən razılıq, ehtiras kimi dünyəvi cəhalət yaralarına  təslim olmaq istəməyən kölə bunları söylədi: “İlahi! Halım anlaşıldı. Əmanətini al”. O anda göylərin rəhmət xəzinələri ilə bəslənən ruhunu rəbbinə təslim etdi. 

Kölənin və onun timsalında Allah və Onun Rəsulunun eşqi ilə yanıb yaxılan mənəviyyat öndərlərinin  bu müdhiş fərasətini qəlblərə nəqş etməyə çalışan Mövlana həzrətləri belə buyurur:

“Ey Haqqın qulu! Göylərə gedən yolu tapmaq ümidi ilə qalx, mehrabın önündə bir şam kimi ayaqda dur. İbadətə başla, başı kəsilmiş şam kimi bütün gecəni ağla. İstəklərin uğrunda göz yaşı tök, yan, yaxıl. Çox yeməkdən, içməkdən ağzını tut, göy üzü süfrəsinə yönəl. Zaman-zaman məna göylərindən sənə ruhani yağmurlar, ilahi eşq və yaxınlıq hərarəti gəlməkdədir. Sənin könül ruzin artdıqca artmaqdadır. Səni oraya götürsələr, bu işə təəccüb etmə. Sən acizliyinə baxma, istəyinə bax...”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz