Bir İnsan Qurtarmaq...
Son dövrlərin ən populyar mövzularından biridir: dünyamızı xilas etmək.
Və ən böyük qorxularımız: qlobal istiləşmə, nüvə müharibələri, kütləvi iğtişaşlar, dünya əhalisinin sayının artması, ərzaq qıtlığı... Hər kəs bütün insanlıq üçün narahat imiş kimi görünür, amma dəyişən bir şey görə bilmirik. Havanı zəhərləyən zavod və fabriklər var gücü ilə işləyir, dövlətlər arasındakı silahlanma yarışı da maksimum sürətlə davam edir. Aclığın və kasıbçılığın hökm sürdüyü “qara qitə”nin isə taleyində hələki bir dəyişiklik görünmür. Bəs yaxşı, insanlığı qurtarmaq istəyən, insanlığın qeydinə qalan, insanlığın gələcəyi üçün narahat olan biri nə etməlidir?
İnsan danışmağa başlayarkən əvvəla bir-iki səsi tələffüz edir, sonra bir-iki heca, bir-iki söz və nəhayət, o, danışmağı öyrənir. Necə ki, kitabxanalara sığmayan kitablar yan-yana düzülmüş kiçik hərflərdən meydana gəlib, bütün bir insanlıq da fərdlərdən, şəxslərdən meydana gəlib. Hərf-hərf oxuyanda bütün kitablar günün birində son səhifəsini bizə göstərir, bəs insan necə?
Özünü: “Bir insanı qurtaran bütün insanlığı qurtarmış kimidir” buyuran ilahi vəhyin müxatəbi olaraq hiss edən hər bir şəxs insanlığı qurtarmaq naminə bir şəxsi qurtarsaydı...
Məscidlərdən azan oxunanda, bu ifadənin üzərində çox düşünməsək də, tez-tez eşidirik: “hayyə aləl fəlah” – haydı qurtuluşa, gəlin qurtuluşa... İslam dinində kasıba, kimsəsizə, evsizə, yurdsuza, ac-susuzlara, yolda qalmışlara kömək etmək çox böyük ibadət sayılır. Bunun bir məqsədi o ehtiyac sahiblərini sevindirməkdir, bir məqsədi də o yardımı edən şəxsin “qurtulması”dır. Məkkənin fəthində təvazösündən başını əyərək: “Əsl həyat axirət həyatıdır”, - deyən bir peyğəmbərin ümməti üçün əsl hədəf, əsl qurtuluş axirət həyatı deyilmi? Bir insan qurtarmaq istəyərkən onun dünyəvi problemlərini düşündüyümüz kimi, onun axirət həyatını qurtarmaq təlaşına da düşməli deyilikmi?
Həzrət Peyğəmbər (s.ə.s) buyurur: “Mənimlə camaatın halı ocaq qalayan bir kimsənin halına bənzəyir. Ocaq alovlanıb şölə saçmağa başlayanda ətrafdan gələn kəpənəklər, cücülər özlərini oda atmağa başlayarlar. O adam isə onları oddan uzaqlaşdırmağa, qurtarmağa çalışar. Amma onlar yenə də atəşə tərəf can atarlar. İndi mən də sizi atəşdən qurtarmaq üçün camaatın ətəklərindən yapışan kəs kimiyəm. Halbuki onlar atəşə atılmaq üçün can atırlar”. (Səhihi-Buxari)
Elə isə, əsl qurtuluş bir insanı əbədi oddan qurtarmaq deyilmi?
Hər əşyaya onu daha yaxşı istifadə etmək üçün təsir edən başqa bir əşya var. Məsələn, buz istidə əriyər, torpaq şumlanaraq əkilər, odun doğranaraq daha rahat istifadə edilər və s. İnsana ən çox təsir edən vasitə isə dildir, səsdir, danışıqdır, nitqdir... Onu qurtarmaq üçün ən yaxşı istifadə edə biləcəyimiz vasitə budur. Bəs bu vasitənin ən yaxşı istifadə üsulu nədir? Yenə də bu işin ustasına, Peyğəmbərimizə müraciət edək:
Peyğəmbərimiz bir insanı qurtarmaq üçün nələrə diqqət edərdi: ən əsası gözəl dil – müxatəbinin ağıl və elmini, məqam və mövqeyini nəzərə alaraq şəxsə xüsusi xitab tərzi var idi. “İlanı belə yuvasından çıxardan gözəl dil” nələrə qabil deyil?! Hətta Peyğəmbərimiz daha əvvəl görmədiyi, tanımadığı müxatəbinin əsil-nəcabətini, haralı olduğunu, nə kimi problemlərinin və ya məziyyətlərinin olduğunu öyrənərək təbliğə başlayardı. Bəzən də qurtarmaq istədiyi şəxsin incə damarını tutmaq üçün onun könlünü oxşayacaq iltifatı özünə ar bilməzdi. Məsələn, Bizansa göndərdiyi məktubda “Bizans hökmdarı” demir, “Rumun ulusu” deyir; Misirə göndərdiyi məktubda “Qibtilərin rəisi” demir, “Qibtilərin böyüyü” deyirdi...
Qarşıdakının dərdini, hansı əhvali-ruhiyyə içində olduğunu, dünyəvi və mənəvi sıxıntılarını dinləyərək, səbirlə qulaq asaraq ona doğru yolu göstərə biləcək, ağıllı bir məsləhət verə biləcək böyüklərə nə qədər də ehtiyacımız var..! Taifdəki daşqalaqda aldığı yaraları unudaraq bir köləni hidayətə çatdırma həyəcanını əsirgəməyən, arxasınca azğın qatillərin düşdüyü hicrət səfərində qarşısına çıxan hər bədəvini hidayətə dəvət etmə həyəcanını itirməyən bir peyğəmbərin həyatdan küsmüş, ümidini itirmiş ümməti olmaq mümkündürmü?
İnsan nə qədər vəhşiləşsə də, azğınlaşsa da, pozulub yoldan çıxsa da, onun içindəki saflıq ruhu, uşaqlıq paklığı rahat-rahat yoxa çıxmır. Bəlkə də üstü toz bağlayır, paslanır, görünməz olur, amma son nəfəsini verənə qədər onun ürəyinin bir küncündə tənhalığa tərk edilmiş bir körpə kimi inildəyə-inildəyə yaşayır. Əgər o insanın hisslərinə xitab etməyi bacarsaq, o məsum və həssas damarının üstünə örtülən qalın və soyuq pərdələri təsbit edərək bir-bir qaldırıb ata bilsək, o körpə mütləq ayaq açıb üzümüzə güləcək, o məsum təbəssümü simasına yenidən qaytaracaqdır. Onun ürəyinə uzanan yardım əlinin bizim dilimizdən yola çıxaraq onun qulaqlarından süzüləcəyini və ürəyinin dərinliklərinə yol tapacağını ümid ediriksə, bu əlin sığallı, yumşaq və nəzakət dolu olması, onun ürəyini incitməməyimiz üçün labüd deyilmi?
ŞƏRHLƏR