ALLAHIN SÜBUTİ SİFƏTLƏRİ - 4

ALLAHIN SÜBUTİ SİFƏTLƏRİ - 4

KƏLAM:

Uca Allah kəlam sahibidir. 

Bunun üçün səsə, hərflərə və bu hərflərdən meydana gələn söz və cümlələri tərtib etməyə möhtac deyildir. Yəni Onun danışması hərfdən də, səsdən də münəzzəhdir.  İnsanların söz və danışmasına əsla bənzəməz.

Yunus İmrə bu həqiqəti belə ifadə etmişdir:

Ey sözlərin əslin bilən

Gəl də bu söz qandan gəlir?

Söz əslini anlamayan,

Sanar bu söz məndən gəlir!

Allah kəlam sifəti vasitəsilə bütün əmr və qadağalarını mələklərinə, peyğəmbərlərinə və insan oğluna, hətta digər bütün məxluqata bildirir. Kəlamdakı bu qüdrətinin cüzi bir hissəsi insan oğluna nəsib olmuşdur. İnsana kəlam sifətindən pay verilməsi insan üçün ən böyük nemətlərdən biridir. Bu eyni zamanda insanın məsuliyyətini də artırmışdır. Bunu bir şeirində Yunus İmrə Həzrətləri belə ifadə edir:

Söz ola kəsə savaşı,

Söz ola kəsdirə başı,

Söz ola ağulu aşı

Bal ilə yağ edə bir söz!

Bütün ilahi kitablar Allahın kəlam sifətinin təcəllisi olaraq zühur etmişdir. Bu kitabların peyğəmbərlərə göndərilişindəki vəhylər mələk vasitəsi ilə olduğu kimi, bəzən birbaşa da olmuşdur. Bu, sanki Allah ilə bir danışmadır. Ayeyi-kərimədə belə buyurulur:

“Allah bir insanla ancaq vəhy yoluyla və ya hicab arxasından danışar, yaxud bir elçi göndərib izni ilə ona dilədiyini vəhy edər.  O, ucadır, hakimdir”. (əş-Şura, 51)

“... Allah xitab edərək Musa ilə danışdı.” (ən-Nisa, 164)

Allah Musa (ə.s) ilə dil və ya səs kimi maddi bir vasitəylə yox, əzəldəki kəlam sifəti ilə danışmışdır. Hz. Musanın yanında şahid olaraq gətirilən yetmiş adam bu ilahi danışığı eşitmədilər və hiss etmədilər.

Allah-Təalanın kəlam sifəti heç bir kəlama bənzəmədiyi üçün məna baxımından da hər cür kəlamın məhdudluğundan münəzzəhdir. Onun kəlamından bizim dünyamıza əks edən qismi zahirdə bizə bir neçə mənası bilinən ilahi bəyanı, həqiqətdə isə sonsuz bir məna dəryasını əhatə edir. Bunu  Allah-Təala  belə ifadə edir:

“De ki: Rəbbimin sözləri üçün dərya mürəkkəb olsa və bir o qədər də əlavə gətirsək də, Rəbbimin sözləri bitmədən əvvəl dəniz tükənəcək”. (əl-Kəhf, 18/109)

“Əgər yer üzündəki ağaclar qələm, dəniz də arxasından yeddi dəniz qatılaraq (mürəkkəb olsa) yenə Allahın sözləri (yazmaqla) tükənməz. Şübhə yox ki, Allah mütləq qalib və hikmət sahibidir”. (Loğman 31/27)

Var olan bütün kəlamlar Allahın kəlam sifətinin bir təcəllisidir. Beləcə, Allah-Təala kəlam sifətindəki sonsuz qüdrəti təzahür etdirməkdə, bundan əlavə O, öz uca ismi-şərifini saysız dil ilə zikr etdirməkdədir. O, cansız zənn edilənlər də daxil olmaqla,  hər məxluqa kəlam sifətindən ayrı bir dil bəxş etmişdir. Hal dili  deyilən məna budur. Ayeyi-kərimədə buyurulur:

“Yeddi göy, yer və bunlarda olan hər şey Onu təsbeh edər; Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur; lakin siz onların təsbehlərini anlamazsınız...” (əl-İsra, 17/44)

TƏKVIN:

Təkvin – Allahın yaratma sifətidir. Bu, yoxdan var etmək deməkdir; yalnız Ona məxsusdur. Saysız aləmlər onun “təkvin” sifətinin əsəridir. Onun yaratması üçün əlavə heç bir qüvvəyə, köməyə ehtiyac yoxdur. Bu həqiqət Yasin surəsinin 82-ci ayəsində belə anladılır:

“(Allah) bir şeyi (yaratmaq) istədiyi  zaman ona təkcə “ol!” deyər, o da dərhal olar”.

Bütün kainat, göz oxşayan təbiət və bizi heyrətə salan bədən quruluşumuz, qeyri-adi kiçik və böyük canlılar, hamısı Allahın gözəl yaratma sənətinin saysız misallarındandır. Ayeyi-kərimələrdə buyurulur:

“O (Allah) ki, yaratdığı hər şeyi gözəl etmiş və ilk başda insanı palçıqdan yaratmışdır”. (əs-Səcdə, 32/7)

“O, yerdə nə varsa hamısını sizin üçün yaratdı. Sonra (özünə xas bir şəkildə) səmaya yönəldi, onu yeddi qat olaraq yaradıb tənzimlədi. O, hər şeyi haqqıyla biləndir”. (əl-Bəqərə, 2/29)

“Yaşıl ağacdan sizin üçün atəş çıxaran Odur. Siz də atəşi ondan yandırırsınız”. (Yasin, 36/80)

“(Onlar) Allahın yaratdığı şeylərin kölgələrinin sağa-sola vuraraq boyun əyib Allaha səcdə  etdiklərini görmürlərmi?”  (ən-Nəhl 16/48)

Təkvin sifəti digər sifətlərdən fərqlidir. Kainatın sirri Təkvin (yaratma) sifətində gizlidir. Beləliklə, yaradılan hər zərrə Allaha şahidlik halındadır.

Nəticə olaraq, Allahın qulları tərəfindən bilinməsi əsasən bu sifətlərlə mümkündür. Bəhs etdiyimiz bu sifətlər və digər sonsuz sifəti-ilahiyyə ayrı-ayrı zaman və məkan şərtlərinə görə deyil, hər an Allahın varlığında mövcuddur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz