Zikr Daimi Məhəbbət Tərənnümüdür
Allah sevgis möminin iman zirvəsini meydana gətirən bir duyğudur. İmanın gücü bu məhəbbətlə artar və dərinlik qazanar. Sevgi dildən qəlbə, qəlbdən də əməllərə əks etsə, ülvilik qazanar. İmanda əsas olan qəlbin təsdiqi sayıldığı kimi, məhəbbətin həqiqisi qəlbdən duyulandır.
Qəlbin mərkəzində duyulan hisslər ruhun ucalmasına və mənəvi tərəqqiyə vəsilə olar. Bu da möminin hisslərini dəyişdirəcəyi daxili bir mexanizmanın hərəkətə keçməsi ilə mümkündür. Bu daxili mexanizm də dildə başlayan, oradan qəlbə enən və qəlbdən də bütün bədənə yayılan zikr halıdır. Zikr mütəmadi olaraq sevgi tərənnümüdür. Zikr bəndənin qulluğunun fərqində olması və Rəbbinə heyranlığını könül aynasına əks etdirməsidir. Zikr hər daim Allahla birgə olma halıdır.
Sevən sevdiyini bir an da olsa unutmaz. Onun adını xatırlamaqdan dərin bir həzz alar. Onu xatırlamaqdan bir anlıq qəfləti, sevgilisinə edilmiş haqsızlıq sayar.
Bir insan bəşəri sevgilərin, məhdud duyğu qələbəliyində nəfsani də olsa bir həzz alırsa, ilahi zikri hüceyrələrində hiss edən bir bədənin hansı mənəvi zövq içində olduğunu dərk etmək çətindir.
Məhəbbəti bəsləyən xüsus son nəfəsə qədər zikr halında olmaqdır. Məhəbbət quldan Rəbbinə doğru axan bir çay kimi olarsa, o sevginin qarşılığı Rəbbindən quluna doğur axan dəryalar kimi olar. Üstəlik Rəbbin hər neməti sonsuz olduğu kimi sevgi neməti də sonsuzdur.
Rəbbimiz Bəqərə surəsində xatırlamanın iki tərəfli olduğunu ifadə edərək:
“siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (əl-Bəqərə, 152) buyurur.
Qulun Rəbbini zikr etməsi nemətlərinə şükür, imtahanlarına səbir, əmrlərinə təslimiyyət və Rəbbin göstərdiyi istiqamətdən ayrılmamağı bir həyat düsturu halına gətirməkdir. Zikrin başqa bir məqsədi də niyyətlərin xalisləşməsi, mənəvi təkamülün davamlı inkişaf etməsidir.
Allahın qulunu unutmaması, ondan razı olması, onu himayəsi altına alması, hidayət nemətini verməsi, bəsirətini açması, qulluq şüurunu bəxş edərək ilahi istiqamət üzrə dünya və əbədi həyatında ona vəd etdiklərini verməsidir.
Maidə surəsində Allah məhəbbətin iki tərəfli olduğunu ifadə edir;
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar…” (əl-Maidə, 54)
Bir də Allahın zikrindən üz çevirmək var ki, qul üçün ən böyük fəlakətdir. Allahın zikrindən üz çevirmək Onun mərhəmət dəryasının içində olaraq Allahdan qafil olmaqdır. Buna görə hidayət Allahın qullarına verdiyi ən böyük nemət sayılır. Hidayət mömin üçün qurtarılmış bir limandır. Möminin hər duasının başında hidayət üzrə olmaq duası olmalıdır. Eynilə hər gün qırx dəfə Fatihə surəsində oxuduğumuz “bizi doğru yola yönəlt” duası kimi.
Zikrdən, təfəkkürdən, ibadətdən məhrum olmaq məhrumiyyətlərin ən acısıdır. Dünya və içindəkiləri yeganə məqsəd halına gətirmək, ilahi hisslərin önünə bir pərdə çəkməkdir. İnsan beləliklə Allah və Peyğəmbər ilə arasına maneələr qoyar. Nə gələn mesajı qəbul edər, nə də içində olduğu vəziyyətdən narahat olar.
Rəbbimiz Özünü unutmağın cəzasının dünyada çətinliklər içində olmaq, axirətdə də kor vəziyyətdə həşr olunmaq olduğunu xəbər verir:
Taha surəsindəki bu ayələr insanı dəhşətə salır:
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik! O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!” (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!” (Ta ha, 124-126)
Özünü unudanın aqibətinin necə olacağını xəbər verən Rəbbimiz insanda bir qəlbin olduğunu (əl-Əhzab,4) və həm fiziki olaraq bir tarazlıq meydana gətirdiyini, həm də mənəvi olaraq bir ürəkdə ancaq bir sevginin olmasının zəruriliyini bildirmişdir. Allah öz sevgisi ilə yanaşı başqa sevgi istəmir.
Xülasə, Allahın zikrindən üz çevirmək dünyada ağır bir həyat sürməyə səbəb olar. İşin axirət tərəfi daha da ağır olar.
Mömin davamlı təfəkkür, təzəkkür və təşəkkür halında olmalıdır. Qəflət, dünyaya meyil, ehtirasların ardından qaçmaq rəhmət qapısından uzaqlaşmağa, dünyəviləşməyə və əbədi həyatın məhv olmasına səbəb olur.
Hər səhər kainatın oyanışı kimi qəlblərimiz yenidən dirilməli, yenidən zikrə dalmalı və hər bir təcəlli qarşısında ürpərərək rəhmət qapısına baş qoymalıdır.
ŞƏRHLƏR