Can Azərbaycana Əlvida .

Can Azərbaycana Əlvida .

Azərbaycana gəlişimin düz beş ili tamam oldu. İlk gəldiyim vaxtlarda gəncliyin, daha doğrusu yeniyetməliyimin verdiyi rahatlıqla bura aid məhdud məlumatlarımın bir çoxunun səhv olduğunu öyrətdilər mənə. Məsələn, səhv etdiyim məsələlərdən biri dillərimizin tamamən eyni olması idi.

 Həddən artıq yaxınlıq var, amma Azərbaycan türkcəsi fərqlidir. Bəznər tərəfləri ilə yanaşı bilinməyən tərəfləri də var. Xüsusilə də burada keçirdiyim beş il ərzində eşitdiyim ən gözəl səs Azərbaycan bölgələrinin müxtəlif ləhcələri oldu. Məsələn, Şəki ləhcəsi…

Yanıldığım başqa mövzular da var. Dilə gətirmək istəməsəm də qeyd edim ki, Azərbaycan vətənimdən daha şərqdə olduğu üçün soyuq, bir az da kobud xəyal edirdim. Amma buraya gəldiyim ilk gün bu fikrin yanlış olduğunu başa düşdüm. Həmin gün mindiyim taksinin sürücüsü ilə bir-birimizi tam başa düşməsək də aramızda şirin söhbət yarandı. Yaşlı əmi hər dəfə sözə başlarkən mənə “abi” deyə səslənirdi. Aramızda 40 yaş fərq olmasına baxmayaraq o qədər nəzakətlə danışırdı ki, necə cavab verəcəyimi bilmirdim.

Azərbaycan haqqında yazacaqlarımı iki səhifəyə sığdırmaq imkansızdır. Ona görə də burada qeyd edəcəklərim yalnız giriş xarakterlidir. Allah qismət edərsə gələcəkdə daha ətraflı “Can Azərbaycanı Özlədim” adlı kitabda paylaşacağam.

Həqiqətən həsrətini çəkəcəyim xüsuslar, yaşanmış anlar var Azərbaycanda. Birinci kursda oxuyarkən Şəkidə keçirdiyim 11 günlük Novruz tətilini heç vaxt unutmayacağam. Zaqatala şəhərində bir avar toyunda ev sahibinin mənə yaxınlaşıb “istəyirsən sənin üçün halay çalsınlar”, -deməsini unutmayacağam. Astarada 11 nəfərin bir otaqda yemək yeməsini unutmayacağam. Mingəçevirin qaranlıq küçələrində qonaq olduğum evin məhələ uşaqlarının mənə göstərdikləri qayğını unutmayacağam. Unudulmaz o qədər xatirələr var ki, inanın, hansını söyləyəcəyimi özüm də bilmirəm.

Mənə Azərbaycanda qalmaq üçün yer verən, çalışıb təcrübə qazanım deyə iş verən, ailəmdən minlərlə km. uzaqda asudə yaşamamı təmin edən Gəncliyə Yardım Fondunu da unutmayacağam. Təbii ki, bu damın altında xidmət eşqiylə çalışan abilərimi də unutmaq imkansızdır.

Məsələn, işləməyim üçün mənə dəstək olan və özümü yetişdirməm xüsusunda köməyini əsirgəməyən Əhməd abimi, birlikdə əlil arabası paylamağa getdiyimiz Salman müəllimi, hər dəfə maddi sıxıntıya düşdükdə rahatlıqla qapısını döyə bildiyim və “Hasan, biz səni çox sevirik”, -deyən Nəcməddin abimi, maddi və mənəvi yardımlarını əsirgəməyən, yanında xoş anlar yaşadığım ustadım, əmim, abim, gələcəkdə nikah şahidim olmasını düşündüyüm Əli abim, 5 il ərzində şənbə günləri bizə söhbət etməkdən yorulmayan Sədat abim, fanatik Trabzonsporlu İbrahim abimi və üz-üzə görüşmək heç nəsib olmayan, yalnız internetlə görüşdüyümüz Adəm abimi əsla unutmayacağam.

Burada adını zikr etdiklərim Salman müəllimi çıxmaqla Türkiyədən buraya xidmət üçün gələn abilərimdir. Buranın yerli sakinləri olub, öz vətənlərində insnalara xidmət etməyə çalışan,  Azərbaycanı və Azərbaycan insanını mənə daha çox sevdirən abilərimi də unutmayacağam.

Məsələn, iş həyatımda ikinci müdirim olan, hər dəfə izin almaq üçün yanına getdiyim zaman söylədiyim bəhanələri könlümü qırmadan qəbul edən Eldar abimi, bəlkə də İstanbulda oxuduğu üçün həmişə dərdimi açdığım Abbas abimi, semestr və il sonlarında məni taksilərin ümidinə qoymayan Sərxan abimi, Azərbaycanda yediyim ən gözəl yeməyi (döşəməli aş) öz əlləri ilə hazırlayıb yedirən Nurlan abimi, daim zarafatları ilə məni güldürən Elşən abimi, qürbətdə ana yeməyinə həsrət qoymayan Mahir abimi, hər zaman sataşdığım, zarafatlaşdığım Ülvi və Ömər abilərimi, yataqxanada qaldığım illərdə problemli tələbə olduğumu bilən, buna baxmayaraq məni ən gözəl şəkildə 3 il idarə edən Şaiq və Nizami abilərimi əsla unuda bilmərəm.

Beş il ərzində münasibətimiz bir o qədər olmasa da eyni atmosferdə çalışdığımız və hər dəfə qarşılaşdıqda mənə gülər üzlə salam verən Namiq, İbrahim, Həsən, Fərasət, Zaur, İsmət, Rasim, Arif, Babaratma və adı yadıma düşməyən bir çox abilərimi unutmayacağam.

Səmimiyyətlə söyləyirəm ki, özümü sizin yanınızda xoşbəxt hiss etməmə səbəb oldunuz. Hər dəfə bunu dilə gətirdiyim zaman atam “mənim adımdan bir-bir hamısına təşəkkür et”, -deyərdi. Buradan həm atamın adından, həm də öz adımdan Can Azərbaycanda keçirdim bu beş il ərzində nazımı çəkdiyiniz və sahib çıxdığınız üçün hamınıza bir-bir təşəkkür edirəm. Mən sizi və Can Azərbaycanı əsla unutmayacağam. Ümidvaram ki, siz də unutmazsınız. Haqqım varsa halal olsun, siz də haqlarınızı halal edin.

Hörmətlə: Hasan qardaşınız.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz