Tövhidi Anlamaq
Tövhid - Uca Allahın zatını zehinlərdə təsəvvür və xəyal edilən hər şeyin fövqündə tutmaq deməkdir. Bu da üç şeylə;
1) Allahın Rububiyyətini (yaratmaq, diriltmək, kainatdakı bütün işləri idarə etdiyinə inanmaq və) bilməklə, 2) Vəhdaniyyəti, Birliyini təsdiq etməklə, 3) Ona heç bir şeyi ortaq qoşmamaqla olur.
Tövhid - birləmək, bir Allahdan başqa ilah olmadığına inanmaq deməkdir. Hər yerdə və hər şeydə Allahdan başqa təsir və hakimiyyətin olmadığını anlamaq, bilmək və buna inanaraq yaşamaq deməkdir.
Termin olaraq isə tövhid Allahı zatında, sifətlərində, isimlərində və feillərində birləmək, Ona heç bir şeyi ortaq qoşmamaqdır. Tövhid kəlməsi “lə iləhə illəllah”dır. Yəni “Allahdan başqa ilah yoxdur” deməkdir. Uca Rəbbimiz buyurur: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” - deyə vəhy etməyək.” (əl-Ənbiya 25).
Allahdan başqa ibadət / qulluq edilməyə, Onun xaricində mütləq olaraq itaət edilməyə və boyun əyilməyə layiq heç kim və heç nə yoxdur. Və diqqət edilməsi gərəkən bir şey var ki, kəlmeyi-tövhidi söyləyənlər, əvvəlcə Allahdan başqa bütün ilahları rədd etməli və ilah olaraq sadəcə Allahı qəbul etməlidir.
Allahı yeganə ilah, Rəbb və güc-qüdrət sahibi olaraq tanımaq, birliyini təsdiq və etiraf etmək, hər cür ortağı Ondan uzaq tutmaqla gerçəkləşən tövhid İslam dininin ən əhəmiyyətli xüsusiyyətidir.
Tövhidin özəyində Allahdan başqa ilah olaraq tanınan varlıqların hamısını inanc dünyasından təmizlənməsi, atılması vardır. Bütün güc və qüvvətin, izzət və şərəfin, böyüklük və səltənətin yalnız Allahda olduğuna inanmaq tövhidin ruhudur.
Tövhid - iman gətirənlərlə küfr edənləri, inananlarla inkar edənləri bir-birindən ayıran ən aydın vəsfidir. Müvəhhidlərin paroludur. Buna görə də bütün peyğəmbərlər insanları əvvəlcə Allahın birliyinə, tövhidə, Allahdan başqa ilah tanımamağa və digər bütün ilahları rədd etməyə, fani varlıqlar qarşısında alçalmamağa, boyun əyməməyə və əyilməməyə dəvət etmişlər. İnsana lütf edilən yaradılmışların ən üstünü olma şərəfi, ancaq bu tövhid şüuruyla qoruna bilər.
Bir şəxs “lə iləhə illəllah” deməklə əslində bunları söyləmiş olur: “Allahdan başqa ibadət ediləcək, sitayiş ediləcək, qorxulacaq, çəkinəcək, bel bağlanacaq, əl açıb yalvarılacaq, dua və yalvarışlara cavab verib gərəyini yerinə gətirəcək, sığınılacaq başqa biri yoxdur.” Kəlmeyi-tövhidin mənası, açıqlaması bu deməkdir!
Hz. Əli (r.a) deyir ki, Rəsulullah (s.ə.s) belə buyurdu: “Bir şəxs dörd şeyə inanmadıqca mömin sayılmaz: Allahdan başqa ilah olmadığına və mənim Allahın qulu və elçisi olduğuma, məni bütün insanlara haqla göndərmiş olduğuna şəhadət etmək, öldükdən sonra təkrar dirilməyə və qədərə inanmaq.” (Tirmizi).
Yenə Rəsulullah (s.ə.s) buyurur: “Hər kim Allahdan başqa ilah olmadığını bilərək ölərsə, cənnətə girər” (Müslim, Buxari, Əbu Davud).
Hədisi-şəriflərdən tövhidin əhəmiyyətini açıq şəkildə görməkdəyik. Əlbəttə ki, sadəcə, quru bir söz olaraq “lə iləhə illəllah Muhammədur-rasulullah” deməklə iş qurtarmır; əksinə, iş bundan sonra başlayır. Kəlmeyi-tövhidə inanan insan Allah və Rəsulunun əmr etdiklərini etməli, qadağan etdiklərindən də çəkinməlidir. Qurani-Kərimdə Uca Yaradanımız belə byurmaqdadır: “İnsanlar (möminlər) yalnız: “İman gətirdik!” -demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar! Yoxsa pis əməllər edənlər (bizdən) əzabımızdan sovuşa (qaça) biləcəklərini (etdikləri pis işlərin cəzasını görməyəcəklərini)mi güman edirlər? Onlar necə də pis (yanlış) mühakimə yürüdürlər (düşünürlər, hökm verirlər)!” (əl-Ənkəbut 2-4). Başqa ayələrdə belə buyurulur: “Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” (İsra 19). “İman gətirənlər və yaxşı işlər görənlər isə, cənnət xalqlarıdır və orada əbədi olacaqlar.” (Bəqərə 82).
Tövhid sözlə deməklə gerçəkləşmir. Lüzumunu yerinə yetirməklə və tövhidi pozan davranışlardan uzaq durmaqla həqiqi tövhid gerçəkləşir. Tövhidi qorumaq, tövhidin dəyərini bilmək lazımdır. Tövhidin zədələnməsinə qətiyyən imkan verməmək lazımdır. Düşünüb, anlayıb tövhidi zədələyəcək davranışlardan da qəti şəkildə uzaq durmaq gərəkdir. Söylənən sözlərin, görülən əməllərin nə ifadə etdiyini düşünərək söylənməsi və hərəkət edilməsi əhəmiyyət daşıyır. Nə söylədiyimizi və nə etdiyimizi yaxşı bilməliyik. Etdiyimiz işlər Allahın rizasına, Rəsulunun sünnəsinə və Quranın əxlaqına uyğundursa, davam etməli; əgər etdiyimiz işlər və danışdığımız sözlər Allahın rizasına, yəni İslama, İslamın ruhuna tərsdirsə, dərhal onu tərk etməli və tövbə edərək özümüzü düzəltməliyik. Allaha qulluq vəzifəmizi kamil yerinə yetirmək, qurtuluşa çatanlardan olmaq istəyiriksə, bundan başqa yolumuz yoxdur! “De ki, şübhəsiz mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür.” (əl-Ənam 162) deməyimizi və bu şəkildə yaşamağımızı Rəbbimiz Allah əmr etməkdədir.
ŞƏRHLƏR