Fürsət Aylari
Bəzən jurnaldakı yazılarımızda təkrar-təkrar eyni mövzulara təmas etdiyimizi dilə gətirən oxucularla rastlaşırıq. Əvvəlcə onu qeyd edim ki, biz oxuculardan gələn hər bir təklifi qəbul edirik və belə diqqətli oxucularımıza təşəkkür edirik.
Ancaq qeyd edək ki, jurnalımızda bəzi mövzuların təkrar edilməsi mövzu qıtlığından deyil, əksinə müraciət etdiyimiz mövzuların əhəmiyyətindən irəli gəlir.
Məsələyə psixoloji tərəfdən yanaşsaq görərik ki, təkrarın insan üzərində çox böyük təsiri var. Günümüzdə şirkətlər bundan çox məharətlə istifadə edirlər. Bir malı reklam edərkən bir çox reklam lövhələri qururlar. Lövhələrin hər birində eyni sözlər yazılır. Eyni reklamı bu şəkildə təkrar etmələri, bunun insan psixologiyasına təsirindən irəli gəlir.
Hər hansı bir düşüncəni yerləşdiirmək istədiyinizdə o düşüncəni dəfələrlə təkrar etmək çox mühümür. Müəyyən vaxt keçdikdən sonra insanın həmin düşüncəyə yaxınlaşdığını görə bilərsiniz.
Bəlkə müvəqqəti bir düşüncənin belə bir təkrara ehtiyacı yoxdur. Ancaq verdiyiniz mesajın qalıcı olmasını istəyirsinizsə, qəlblərin dərinliklərinə kök salması üçün təkrara ehtiyac var. Eynilə bir toxumun kök atıb böyüməsi üçün təkrar-təkrar sulanmağa ehtiyacı olduğu kimi.
İman da belədir. Ürəklərdə yerləşib kök atması üçün təkrar edilməsi və toxum kimi bəslənməsi lazımdır. Necə ki, namaz gündə beş dəfə təkrar edilir. Həmçinin Qurani-Kərimdə bir çox mövzular müxtəlif ayələrdə təkrar-təkrar verilmişdir.
Elə bu yazımda müraciət etdiyim mövzu əvvəllər də bir neçə dəfə qələmə aldığım övlad tərbiyəsidir.
Yenə yay fəsli gəldi. Və yenə təhsil ilinin yorğunluğunu övladlarının üzərlərindən atmaq istəyən valideynlər yəqin ki, onlar üçün mənalı istirahət və əyləncə yerləri seçməkdə xeyli götür-qoy edirlər. Nədənsə hər il yay tətili gəldikdə mənim də gündəmimə övlad tərbiyəsi gəlir. Bəlkə də övladlarına düşkün olan valideynlərin yay tətilində onların istirahətini mənalı təşkil etmək həyəcanı məni də bu mövzuya müraciət etməyə vadar edir. Bu, çox mühüm məsələdir. Çünki hər bir xalqın, hər bir millətin, hər bir ölkənin övladları onun həm bu günü, həm sabahı, həm də ümidir.
Övlad tərbiyəsi bir millətin istiqbalını hazırlayır. Buna laqeyd yanaşanlar millətin üfüqlərini qaraldırlar. Ancaq övladlarını tərbiyə edən millətlər gələcəyindən əmin ola bilərlər.
Allah-Təala insanı maddə və ruhdan xəlq etmişdir. Bədən üçün maddi qidalar ehsan etdiyi kimi, ruh üçün də mənəvi qidalar bəxş etmişdir. İnsanın sağlam yaşaması üçün bunların hər ikisi də mühümdür. Birinin az, digərinin çox olması insanın normal həyat yaşamasına məne olan amillərdəndir. Elə buna görə də bədənini maddi qidalarla bəsləyib, ruhunun mənəvi qidasına biganə qalanlar ağıllı insan olduqlarını iddia etməzdən əvvəl düşünməlidirlər.
Övladın sadəcə qarnını doyuzdurub, əynini geyindirmək, istirahətlərini təşkil etmək hələ onlara qarşı vəzifələri yerinə yetirmək deyil. Necə ki, dişi ağrayan birinin barmağına dərman sürtməklə dişinin ağrısı kəsməzsə, övladlarımızın da qarnını doyuzdurmaqla ruhlarındakı boşluğu doldurmaq mümkün olmaz.
Övladlarını çiçək yetirildiyi kimi yalnız yemək və içməklə bəsləyən, vitrindəki manikenlər kimi bəzəyib geyindirən, lakin kamil bir imana, gözəl əxlaqa sahib olması üçün çalışılmayan hər valideyn Allah dərgahında məsuliyyətdən yaxa qurtara bilməyəcəkdir. Hər bir valideyn övladına görə məsuliyyyət daşıyır. Bu məsuliyyət tarix boyu valideynləri övlad tərbiyəsinə sövq etmişdir. Bu məsuliyyət Peyğəmbərləri belə Allah qorxusu ilə titrətmişdir. Qurani-Kərimdə İbrahim və Yaqub peyğəmbərin öz oğlanlarına vəsiyyət edib: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (Bəqərə, 132) dediyi qeyd edilir.
Bu məsuliyyətdən xəbərdar olmayan valideynlər övladlarının dünya və axirətlərini ziyan edərlər. Dindən, imandan məhrum övladlar əbədi həyatda: “Ya Rəbbim! Məni iman və Qurandan məhrum edən, məni Allahdan qafil qoyan və əxlaqdan məhrum böyüdən, müsəlman olaraq yaradıldığım halda məni İslamdan uzaq tutan bu valideynlərimdir. Qətl etdikləri imanıma görə onlardan şikayətçiyəm.” -deməzlərmi? Axı hər bir övlad dünyaya gələndə və anasının qucağına təslim ediləndə İslam fitrəti üzrə yaradılmış olur. İslamiyyəti, dolayısı ilə, doğruluğu, dürüstlüyü, alicənablğı, əxlaqı, bir sözlə mələk kimi gözəl xüsusiyyətləri yaşayacağı qabiliyyətdə yaradıldığı halda valideynlərinin düşüncəsinə görə şəkilləndirilən övladın şikayət etməyə haqqı yoxdurmu?
Bu il yay tətilinin mübarək üç ayların qeyd edildiyi zamana düşməsi Allahın əmanəti olan övladlarımızın iman və İslam üzrə tərbiyə edilməsində bizim üçün bir fürsətdir. Üç aylar fürsət günləridir, çox bərəkətli bir mənəvi qazanc mövsümüdür. Bu fürsəti yaxşı dəyərləndirmək ümidi ilə... Unutmayaq ki, övladlarımıza verəcəyimiz ən qiymətli hədiyyə dünya və axirət səadətidir.
ŞƏRHLƏR