Reportaj - Dr. Alican Tatlı bəy
EHTİYAC SAHİBLƏRİNƏ YARDIM ETMƏK DİNİMİZİN ƏMRİDİR!
Alican Tatlı kimdir?
1964-cü ildə Girəsun Bulancak da dünyaya gəlib. İbtidai təhsili Girəsun Cümhuriyyət ilk Öyrətim məktəbində tamamladıqdan sonra 1975-ci ildə Girəsun İmam-Xətib liseyinə daxil oldu. Orta məktəbi və liseyi burada oxudu. 1983-cü ildə Mərmərə Universiteti İlahiyyat Fakültəsinə qəbul oldu. 1987-ci ildə fakültəni bitirdi və Mərmərə Universiteti Sosialoji Elmlər İnstitutunun “Təməl İslami Elmlər” bölümündə “hədis” sahəsində magistraturaya daxil oldu. 1989-cu ildə magistraturanı bitirib doktorluq dissertasiyasına başladı. 1996-cı ildə doktor adına layiq görüldü. Evli və iki qız atasıdır. 1996-2001-ci illərdə Azərbaycanda Gəncliyə Yardım Fondunun təhsil koordinatoru olaraq çalışdı.
Əsərləri:
1. Qazı İsmayıl b. əl-Əzdinin hayatı ilə birlikdə, eyni müəllifin “Kitabu Fadli’s-Saləti aln’n-Nəbi” adlı əlyazma əsərini redaktə və təhlil edərək magistratura işi olaraq hazırladı.
2. Doktorluq dissertasiyası: “Zühd Açısından Dünya ve Nimetleri” əsərini yazdı. Bu əsər rürk və rus dilində nəşr olunmuşdur.
3. Əhməd ər-Rifai həzrətlərinin ərəb dilində qələmə aldığı “əl-Məcalis” adlı əsərinin yarısını “Söhbət Məclisləri” adıyla tərcümə etdi. Əsər Erkam Yayınlarında nəşr oldu.
4. Əs’ad Ərbili həzrətlərinin “Kənzu’l-İrfan” adlı hədis kitabının təxricində (qaynaqlarını tapmada) vəzifə aldı.
5. Yerli və əcnəbi jurnallarda müxtəlif yazıları nəşr olunmuşdur. Bəzi jurnallarda hələ də yazmaqdadır: (Türk dilində jurnallar: Altınoluk, Söz Ola, Genç. Əcnəbi jurnallar: Azərbaycanda Qütb jurnalı, Arnavut dilində: Etika, Rus dilində: Zalatoy Rodnik (Altınoluk)
Əziz Mahmud Hüdayi Vəqfində idarəçi heyət üzvüdür, həmçinin vəqfin Xarici Ölkələr Üzrə Xidmət Sektorunun sədri vəzifəsində çalışır.
İrfan: Əfəndim, bir çox Afrika ölkələrində oldunuz. Dəfələrlə getdiyiniz bu coğrafiya ilə bağlı, oradakı insanların həyat tərzi ilə əlaqəli sual soruşulsa, hansı tablonu çəkərdiniz?
Alican Tatlı: Adətən bu cür suallar verilərkən sanki bir şəhərdən və ya bir ölkədən bəhs edirmiş kimi soruşulur. Halbuki Afrika əlli dörd ölkədən ibarət böyük bir qitədir. Hər birinin fərqli xüsusiyyətləri var. Qitənin ekvator boyunda yer alan ölkələri, şimal və cənub yarımkürəsində olan ölkələri bir-birindən fərqlənir. Hər bir ölkənin öz daxilində də müəyyən müxtəlifliklər var. Paytaxt və böyük şəhərlərdə həyat tamam fərqli olduğu halda kəndlərdə bambaşqa bir həyatla qarşılaşırsınız.
Qocaman bir qitə əsrlərlə istismara məruz qalıb. Müstəmləkə illərində onlarla nəsil dəyişib. İstismar olunmaq insanların geninə işləyib bir növ. Yalnız əllərindəki zənginlikləri deyil, sanki düşünmə qabiliyyətləri də istismar olunub. Bunun nəticəsi də həyat tərzlərinə əks edib. İnsanların sabaha aid heç bir düşüncələri yoxdur. Həyat bu gündən ibarətdir onlar üçün. İstehsal, ticarət, təhsil, bir sözlə hər şey “yalnız bu gün” fəlsəfəsinə dayanır.
Şəhərlərdə dar bir çərçivədə müasir həyat sonra tənəkədən düzəlmiş evlərdən ibarət kənar məhəllələr. Daha sonra tənəkənin də olmadığı qamış və kərpic evlər. Burada ev olaraq ifadə etdiyimiz yerlər sadəcə içinə girib yatdıqları məkanlardır. Onların həyatında bizdəki kimi mətbəx, zal, yataq otağı və s. yoxdur. Yeməyi çöldə yeyir, küçədə oturur və ev dedikləri yerdə də yatırlar.
İrfan: Əziz Mahmud Hüdayi Vəqfinin Afrika xidmətləri, oranın insanına əl uzatması hər zaman təqdirlə qarşılanmışdır. Belə bir sual vermək istərdik: nə üçün Afrika? Hansı duyğular, hansı yaşanmış hadisə sizi belə bir işə sövq etdi?
Alican Tatlı: Əziz Mahmud Hüdayi Vəqfi qurulduğu gündən etibarən imkanları daxilində hər bir ehtiyac sahibinin yanında olmağa çalışan vəqfdir. Həmçinin özündən yardım istəyən heç bir ehtiyac sahibini də geri çevirməmişdir. Bəlkə zaman-zaman istəyənin tələbini tamamən qarşılaya bilmədiyi də olmuşdur, amma heç kimə əsla laqeyd qalmamışdır.
Afrikadan da vəqfimizə yardım tələbləri gəldikdə ümmət olma şüuru və insanlıq adına əl uzatmağın zəruri olduğu qərarına gəldik. Dünyanın digər bölgələri ilə müqayisədə buradakı aclıq, susuzluq, sağlıq problemləri və təhsil ehtiyacı daha bərbad vəziyyətdə idi və təcili yardım etmək lazım gəlirdi. Bir tərəfdən bu problemlər vardı, digər tərəfdən missionerlərin təzyiqləri altında axirətlərini qurtarmağa cəhd edirdi müsəlmanlar. Özlərinin dediyi kimi aclığa və susuzluğa dözmək olardı. Bunlar yalnız dünyaya aid ehtiyaclar idi. Ancaq missionerlər tərəfindən qəlblərindəki imanları əldən gedərdisə nə dünyaları qalardı, nə də axirətləri. Bu duyğularla yardım istədilər, Hüdayi Vəqfi də imkanları nisbətində onlara əl uzatdı.
İrfan: Vəqfin Afrika xidmətləri hansı sahələri əhatə edir və daha çox hansı ölkələrə yardım əli uzadılmışdır?
Alican Tatlı: Afrika yardımlarını müəyyən başlıqlarla sıralamaq mümkün deyil. Qarşınızdakı adamın ehtiyacına görə sizin yardımınız da hər sahədən olmaq məcburiyyətindədir. Bu, bəzən acları doydurmaq üçün ərzaq paylama kampaniyası olur. Bəzən su qıtlığını aradan qaldırmaq üçün artezian qazmaq şəklində özünü göstərir. Bəzən paltar paylayırıq, bəzən tibbi ləvazimatlar...
Ancaq Afrika insanı üçün ən mühüm yardım təhsil yardımıdır. Çünki aclığı, susuzluğu, tibbi yetərsizliyi də təhsillə aradan qaldırmaq mümkündür. Hakim millətlərlə məhkum millətlər arasındakı fərq yalnız yetişmiş bir ovuc insandır. Nəticə etibarilə Afrikada bir ovuc təhsilli insan yetişdirə bilsək, o ölkəyə və millətə ən böyük yaxşılığı etmiş olarıq.
Ölkələrdəki şərtlərə görə bəzi yerlərdə məktəb tikmə və işlətmə fəaliyyəti göstərərkən bəzilərində qurulmuş, işləməkdə olan məktəblərə dəstək oluruq. Bir çox ölkənin məscidlərində azyaşlıların təhsilini dəstəkləyərək bir azcıq da olsa təhsil xüsusunda faydalı olmağa çalışırıq. Həmçinin bir çox Afrika ölkəsinə öz dillərində kitablar göndərərək insanların istifadəsinə veririk. Bu kitablar bir çox ölkələrdə dərs kitabı olaraq oxudulur.
İrfan: Sizcə müxtəlif ölkə və qurumlardan edilən yardımlar Afrika insanını xilas etməyə kifayət edəcəkmi? Afrika ölkələrinin öz ayaqları üzərində durması üçün hansı addımlar atılmalıdır?
Alican Tatlı: Afrika xalqı hər zaman müxtəlif vədlərlə onları müstəmləkəyə çevirən ölkələrdən zərər görmüşdür. Nə zaman yardım üçün əllərini uzatsalar, itirən tərəf özləri olmuşlar. Həm xristianlar, həm də müsəlmanlar bu vədlərin boş olduğunu, onlardan heç bir fayda görməyəcəklərini gec də olsa başa düşüblər. Nəhayət Afrikalı müsəlmanlar “din qardaşlarımız bizi bu vəziyyətdə qoymazlar” deyə müsəlman ölkələrinə əl açıblar. Onlar da yardım ediblər. Amma bu yardımdan necə istifadə edəcəkləri, bununla necə mədəniyyət formalaşdıracaqlarını başa salmayıblar. Bu məsələdə onlara yardım etməyiblər. Afrikalının aldığı yardım xərcləndikdən sonra bir növ əlaqə də kəsilib. Bu gün Afrika insanı həm yardım edəcək, həm də bu yardımları necə dəyərləndirəcəkləri mövzusunda özlərinə kömək edəcək ölkələr axtarır.
Bu da tam Türkiyə Cümhuriyyətinin öz qabığını qırıb yenidən dünya dövləti olma yoluna girdiyi zamana rast gəldi. Bir qeyri hökumət təşkilatı olan Hüdayi Vəqfi bu mənada üstünə düşən vəzifəni yerinə yetirir. İstər Türkiyədən, istərsə digər ölkələrdən Afrikaya çox yardım edilir. ancaq bu yardımlar onların nə aclığını, nə susuzluğunu, nə də digər ehtiyaclarını tamamən aradan qaldırmağa kifayət etməyəcək. Bu ehtiyaclar yalnız afrikalı insanların maarifləndirilməsi ilə aradan qalxacaq. İnsanlar maariflənməlidirlər ki, öz zənginliklərinə sahib çıxsınlar, o zənginlikləri maddi və mənəvi gücə çevirsinlər. Savadlansınlar ki, öz ehtiyaclarını özləri qarşılaya bilsinlər. Bir sözlə, Afrikanın öz ayaqları üzərində dura bilməsi üçün öz ayaqları üzərində dura biləcək qədər savadlı afrikalıya ehtiyac var.
İrfan: Aclıq və səfalət içində qıvranan bu coğrafiyaya qarşı bizə hansı məsuliyyət düşür?
Alican Tatlı: Hər şeydən əvvəl bir insan olaraq bu dünyanın nemətlərini paylaşmaq, əlimizdə olandan olmayanlara vermək bir insanlıq vəsfidir. Tutduğu ovunu başqasıyla paylaşmama eqoizmi göstərmək insanın vəsfi deyil.
Üstəlik ehtiyac sahibinin ehtiyacını qarşılamağı dinimiz əmr edir. Allah-Təala möminləri qardaş adlandırır. Rəsulullah (s.ə.s) ümmətini bir binanın kərpiclərinə bənzədir. Başqa bir ifadəsində möminləri bir-birindən məsul tutur. Məsul olduğumuzun hər an yanında olmalıyıq. Bu bərabərlik bəzən göndərəcəyimiz bir yardımla, bəzən yerimizə göndərdiyimiz bir yardımçı şəklində olacaqdır.
Hər şeydən əvvəl onları bir müsəlman qardaş olaraq qəlbimizdə daşımalı, ehtiyac içində olduqlarını bilməli, imkanlarımız ölçüsündə də yardım etməliyik. Yaşadığımız yer məkan olaraq Afrikadan çox uzaqdadır. Hər birimiz öz yardımlarını şəxsən oraya aparma imkanına sahib deyil. Ancaq oralara gedən vəqf, dərnək və təşkilatlarla yardımlarımızı göndərməliyik. Afrikalı hər hansı bir gənci özümüzə qardaş bilib daha yaxşı imkanlara sahib ölkələrdə oxuda bilərik.
İrfan: Sizi ən çox təsiri altında qoyan bir hadisəni oxucularımızla paylaşardınızmı?
Alican Tatlı: Afrikanın yardıma ehtiyacı təzəliklə yaranmadı. İstismar edildiyi gündən bəri yardıma möhtacdır. Osmanlı dövləti son zamanlarına qədər imkansız şərtlər altında olsa da Afrikaya yardımı kəsməyib.
İlk Qana ziyarətimdə Cümə namazı qıldığımız məsciddə bir Qurani-Kərim gördüm. Xarici görünüşü digərlərindən fərqlənməyən köhnə bir Quran idi. Maraqla içini açdım, Osmanlı xətti idi. Möhürünə baxanda II. Əbdülhəmid yazıldığını gördüm. Anladım ki, əcdadımız ən çətin anlarda belə buralara laqeyd qalmayıb. Bəlkə də bir çox başqa yardımlarla birlikdə onlara Quran da göndərib.
Başqa bir təsirli hadisəni də Efiopiyada yaşadım. Harar bölgəsində bir muzeydə ərəb dilində əllə yazılmış bri çox qiymətli qədim əsərin içində osmanlıca yazılmış bir məktub çox diqqətçəkici idi. Qurtuluş Savaşında Osmanlı əsgərlərinə dəstək olmaq üçün Türkiyəyə göndərdikləri yardımı təsdiqləyən bu vəsiqə çox mənalı idi. Deməli, 5000 km. uzaqda eyni duyğu və ruhu yaşayan, imkanlarını bizimlə paylaşan qardaşlarımız vardı.
1875-ci ildə Portuqaliya istilasına qarşı Osmanlıdan yardım istəyən buradakı müsəlmanlara, Osmanlının göndərdiyi əsgərlərin nəvələrindən 200 türk ailənin Hararda hələ də var olması və bizə: “uzun zamandır bizi yalnız qoydunuz. Nə olar indi yardım əlinizi və qayğınızı bizdən əsirgəməyin”, -demələri bizi çox duyğulandırmışdı.
İrfan: Son olaraq ürək sözlərinizi buyurun lütfən!
Alican Tatlı: Türkiyə aşiqi qanalı Nəsruddin qardaşımızın bu sözləri hamımızın ürək sözü olsun: “Lütfən, mədəniyyətvə xidmət yollarını bizə öyrətmək mövzusunda xəsislik etməyin. Çünki əkdiyiniz toxumların cücərdiyini görmək bizim, yəni Afrikanın qurtuluş ümidlərini artırır.”
İrfan: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik!
Alican Tatlı: Mən də öz növbəmdə sizə təşəkkür edirəm!
ŞƏRHLƏR