SUAL? - CAVAB!
1. Nisab miqdarından çox alacağı olan bir şəxs həmin pulun zəkatını verməlidirmi?
Cavab: Başqalarının öhdəliyində olub nisab miqdarına çatan nağd pulları geri alacaq şəxslərin (borc verənlərin) həmin məbləği, zəkata daxil olub-olmaması baxımından üç qismə bölmək mümkündür:
a. Qüvvətli alınacaq borclar: Borc olaraq verilən pullar, nisyə satılan ticarət mallarının əvəzi, borclu borcunu qəbul edirsə və ya borcun sənədlə sübuta yetirilmə imkanı varsa, bunlar qüvvətli alacaq hesab edilir. Ona görə də bu kimi alacaqların keçmiş illərə aid olan zəkatları da verilməlidir.
Qüvvətli və üstündən bir il keçmiş alacaqdan, zəkat verməklə məsul olan şəxs, zəkat nisabının ən az beşdə bir miqdarını əldə etdikdə, bu miqdarın zəkatını dərhal verər. Bundan az olarsa, zəkata daxil başqa malı da olmazsa, zəkatını dərhal verməsi vacib deyil.
b. Orta dərəcədə alınacaq borclar: Ev və ya dükan icarəsi kimi zəkat predmeti olmayan bir əmlakdan gələn gəlirlər bu qismə daxildir. Bu kimi borclarda bir il keçmə müddəti kirəkeşin borclanmağa başladığı tarixdən etibarən başlayır və keçən hər bir il üçün zəkat verilməlidir. Ancaq tam nisab miqdarı qədər əldə edilmədikcə, eləcə də sahibinin zəkata daxil başqa malı da yoxdursa, zəkatını dərhal vermək məcburiyyəti yoxdur. Əbu Hənifədən daha sağlam sayılan bir rəvayətə görə, alınacaq bu kimi borcların keçmiş illərə aid zəkatlarını verməyə ehtiyac yoxdur. Nisab miqdarı qədər borcu alıb bir il keçdikdə və ya zəkata daxil başqa mal varsa, ilin keçməsi gözlənilmədən buna əlavə edilərək zəkatı verilir.
c. Zəif alınacaq borclar: Hər hansı mal əvəzi olmadan başqasının öhdəliyində olan borclardır. Mehr, miras, vəsiyyət, müqaviləli boşanmada qadından alınan müxaliə əvəzi və alınacaq diyə kimi şeylər bu kateqoriyaya daxildir. Məsələn, mehr hər hansı mal mübadiləsindən əmələ gələn borc deyildir. Bu kimi borclardan nisab miqdarı əldə edilib üstündən bir il keçmədikcə zəkat vermək vacib deyil.
Yuxarıda qeyd olunan borcların təsnifatı Əbu Hənifəyə məxsusdur.
Nəticə etibarilə, verilən borcların hər birindən zəkat vermək vacibdir. Ancaq zəkat vermək verilən borcun geri alınmasından sonra fərz olur. Qüvvətli alınacaq borclarda nisabın beşdə biri alındıqda, orta və zəif borclarda isə, nisab miqdarı qədər alınan zaman zəkat verilməlidir. Bununla birlikdə, bir əvəz qarşılığı olmayan zəif borclar (məsələn mehr kimi), yeni qazanc əldə etmə xarakterli olduğu üçün, bunların üstündən bir il müddət keçməlidir. Zəkata daxil başqa bir mal mövcud olsa, bunlar bir-birinə əlavə edilərək zəkat verilir.
Əbu Yusif və İmam Məhəmmədə görə, diyə istisna olmaqla bütün borclar eynidir və qüvvətli borc kimidir. Əldə olunan borcun üstündən bir il keçməsə belə, zəkat verilir. Çünki borclunun yanında ikən keçən müddət borc verənin yanında keçmiş kimidir (bax. Kasani, “Bədayi”, II, 10).
Şafeilərə görə isə, qızıl, gümüş və ya ticarət malının müqabilindəki alınacaq borclar üçün, əldə etmə iqtidarı olduqda, keçmiş illərin zəkatı da verilməlidir. Ancaq alınacaq borc heyvan cinsindən və ya xurma, üzüm kimi qida maddələri qəbilindən olarsa, zəkat vacib olmaz (bax. Şirazi, “Mühəzzəb”, I, 142).
2. Ağac calamaq ilahi fitrəti dəyişdirmək dairsinə girərmi? Dinən bu işlə məşğul olmaq caizdirmi?
Cavab: Bu mövzu ilə əlaqədar Hz. Peyğəmbər əleyhissalamın Məkkədən Mədinəyə gəldikdən sonra baş verən bir hadisə vardır. Belə ki, Rəsulullah (s.ə.s) Mədinəyə gəldikdən sonra, bir gün mədinəlilərin xurma ağaclarına calaq vurduğunu görür və onlara: “Bunu etməsəniz daha yaxşı olar” – deyir və həmin il onlar ağaclarına calaq vurmurlar. Ağaclar bar verən vaxtı mədinəlilər ağacların yaxşı bar vermədiyini görürlər və bunu Hz. Peyğəmbərə xəbər verirlər. O da belə buyurur: “Siz dünya işlərinizi daha yaxşı bilirsiniz” (Müslim, Fəzail, 139, 141; İbn Macə, Ruh, 15; İbn Hənbəl, Müsnəd, V, 16, 298). Ona görə də ağacların calaq edilməsi ilahi fitrəti dəyişdirmək dairəsinə girmir və əlbəttə ki, bununla məşğul olmaq mübahdır. Bundan əlavə, fiqhi bir qaydaya görə “əşyada əsas olan onun mübah olmasıdır”, yəni bir işin qadağan olması ilə əlaqədar hər hansı nəss (ayə və ya hədis) yoxdursa, bir qayda olaraq həmin iş mübah hesab olunur.
3. Birja və hissə sənədinin alqı-satqısı halaldırmı?
Cavab: Birja “dövlətin qurduğu və nəzarət etdiyi xüsusi bazar növü, qiymətli kağızlar, səhmlər, istiqraz vərəqələrinin alınıb-satıldığı müəssisə və ya topdan mal alınıb-satılan müəssisə” kimi tərif edilir. Birja müəssisəsi ticarət və sənaye birjaları, təsərrüfat birjası, qızıl birjası kimi mərhələlərdən keçərək əmələ gəlmiş və get-gedə inkişaf etmişdir.
Faizli borc sənədlərini istər dövlət, istərsə də fiziki və ya hüquqi şəxs çıxarsın, bunlar faizlə borc alıb vermək, yəni sələmiçilik olduğu üçün caiz deyil. Məzənnəyə indeksli olsa da caiz deyil.
Şirkətin səhmlərinin alqı-satqısına gəlincə, bunları satışa qoyan şirkətin əmlakına görə dəyərləndirmək lazımdır. Belə olan təqdirdə, şirkətin fəaliyyəti, istehsalı və ticarəti halal yoldandırsa, bir mömin buna şərik ola bilər. Bundan əlavə, dövrümüzdəki anonim şirkət anlayışında səhmlərin dəyəri mövzusunda, təmsil etdiyi mallardan qopuq şəkildə birjadakı tələbat müvazinəti pozularaq, birja qiymətlərinə təsir göstərdiyini müşahidə edirik. Buna görə də aşağıda İslamın “səhmin dəyəri” ilə əlaqədar mövqeyi izah olunacaqdır:
Şərik şirkətdən ayrılmaq istədikdə, şirkətin malik olduğu malların bölünməsi mümkün olarsa, ayrılana düşən pay mal olaraq verilə bilər. Əks təqdirdə, onun payına düşən mallara qiymət qoyular və bu payını başqasına sata bilər. Burada satılan malın səhmin kağızı deyil, onun təmsil etdiyi mal olduğunda şübhə yoxdur. Bu prinsipə riayət edilməklə səhmin alqı-satqısı caizdir. Həmçinin, əsas şərtlərdən biri də odur ki, şirkətin istehsalat və ticarət sahəsi halal bir sahə olsun.
İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının təşəbbüsü ilə 1988-ci il tarixdə keçirilən və birja mövzusunda aparılan tədqiqatların müzakirəsindən sonra həmin Akademiyanın 1992-ci ildə Ciddədə təşkil olunan VII qurultayında qərara alınmışdır: “Səhmlər qazanc və zərərə şəriklik olduğu üçün bir qayda olaraq halaldır, lakin bunların hökmü həmin şirkətin ticari fəaliyyət və məqsədlərinin halal olub-olmaması ilə yaxından əlaqəlidir. Şirkət faiz, içki istehsalı və ticarəti, qaçaqmalçılıq, ehtikarlıq, hiylə, yalan və aldatma kimi dinən haram olan vasitələrlə qazanc təmin etdikdə, bunların səhmini alıb-satmaq və bundan gəlir əldə etmək haram və günaha iştirak etmək olduğu üçün caiz deyil”.
ŞƏRHLƏR