Bir Yanlışı Düzəltmək

Bir Yanlışı Düzəltmək

“Allah Baba” demək olmaz.

Bu gün daha çox azyaşlı uşaqlara Allahı sevdirmək və ya Allahın böyüklüyünü təlqin etmək məqsədi ilə “Allah baba” dedirdildiyinin hamımız şahidi olmuşuq. Bəs bu nə dərəcədə doğrudur? Uca Yaradan Qurani-Kərimin İxlas surəsində özü haqda belə buyurur: De: “O Allah Təkdir! Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (əl-İxlas, 1-4) “Allah baba” deməyə vərdiş edən bir uşağın şüur altına əslində Allahın şəklini çəkmiş oluruq ki, bu da son dərəcə təhlükəlidir. Həmçinin qeyd etmək lazımdır ki, xristianlıqda Allah-Təala üçün “Ata”, “Atanız Allah” ifadələri vardır. Böyük ehtimalla “Allah Baba” ifadəsi dilimizə oradan yol tapmışdır. Qətiyyətlə qeyd etməliyik ki, Allahı tərif edərkən “ata, baba” kimi sözlərdən istifadə etmək olmaz.  Allah-Təala yaratdığı heç bir varlığa bənzəməz. Şura surəsində buyurulduğu kimi “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.” (əş-Şura, 11) Allah yaratdığı varlıqlara bənzəmədiyi üçün biz insanların da Onu hansısa sonradan yaradılmış bir varlığa bənzətməyimiz və dilimizlə ifadə etdiyimiz sözlərdə bu kimi səhvlərə yol verməyimiz qəbuledilməzdir.

Nəticə: Allah demək doğru, Allah Baba demək yanlışdır.

Əvvəlcə çörək, yoxsa Quran?

İctimaiyyətdə tez-tez kiminsə belə dediyini eşidirik: “Çörək Qurandan əvvəldir, çörək haqq filan iş belə olub”.

İlk növbədə bilmək lazımdır ki, Quran Allahın kəlamıdır və İslam inancına görə Onun kəlamı özü qədər qədimdir. Əzəli və əbədidir. Kitab halına sonradan gətirilmiş olması onun sonradan olduğuna dəlalət etməz. Nəticə etibarilə Quran yaradılmış hər şeydən əvvəldir. Eyni zamanda burada “çörək haqqı” deyərək and ifadəsi vardır ki, bu cür and içmək də doğru deyil. And içmək yalnız Allahın adlarını söyləyərək gerçəkləşmiş olur. Bunun əksi haramdır. Həzrət Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Sizdən biri and içəcəyi zaman ya Allaha and içsin, yaxud da sussun!” (Müslim, Eyman, 1; İbn Macə, Kəffarə, 2)

Nəticə: Çörək Qurandan əvvəldir demək və çörəyə and içmək yanlışdır. Quran Allahın kəlamıdır, əzəli və əbədidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz