Reportaj / Prof. Dr. Şair Nurullah GENÇ
Prof. Dr. Şair Nurullah GENÇ: Biz mədəniyyətimizə şeir mərkəzli ədəbiyyatı hakim qılmış bir millətik.
Prof. Dr. Nurullah Genç 1960-cı ildə Xorasan-Ərzurumda anadan olmuşdur. Müasir türk şairi, akademikdir. 1983-cü ildə Atatürk Universiteti İqtisadi və İdari Bilimlər Fakültəsinin Menecerlik Bölümündən məzun oldu. Həmin universitetdə magistraturasını tamamladıqdan sonra doktor, dossent və professor ünvanlarına layiq görüldü. Hazırda İstanbul Ticarət Universiteti Ticari Bilimlər Fakültəsinin müəllimidir.
1990 Türkiyə Diyanət Vəqfi Böyük Nəti-Şərif Mükafatı laureatı (Yağmur şeiri ilə).
1987 Kültür və Turizm Bakanlığı Roman Təşviq Mükafatı laureatı (Tutkular Keder Oldu romanı ilə).
1996 Doğu Anadolu Gazeteciler Cemiyeti Kültür Hizmet Mükafatı laureatı.
1998 Tuzla Belediyesi Gül Şiirleri Armağanı Mükafatı laureatı (Gül ve Ben adlı əsəri ilə).
1999 Türkiyə Yazıçılar Birliyi İlin Şairi Mükafatı laureatı (Hüznün Lalesidir Dünya əsəriylə).
İrfan: Nurullah bəy, mədəniyyətimizdə ədəbiyyatın yeri nədir?
Nurullah Genç: Sahib olduğumuz mədəniyyəti digər mədəniyyətlərdən fərqləndirən müəyyən nüanslar var. Biz mədəniyyətimizə şeir mərkəzli ədəbiyyatı hakim qılmış bir millətik. Qədim dastanlarımızın formalaşdığı dövrlərdən bugünə qədər şeirlə yaşamış, şeiri yazmış, yaşamış, hətta sultanlarının 70-80 faizi şair olan bir millətik biz. Osmanlı İmperiyasını düşünək. Dövlətin genişləndiyi, üç qitəyə yayıldığı ən çiçəklənmə dövrünün sultanları eyni zamanda şair idi. Qanuni şair, Fateh Sultan Mehmed şair, Yavuz Sultan Səlim şair... Üstəlik sıradan şair deyillər. Divanları olan, çox güclü şeirlər yazmış şairlərimizdir. Qanuninin dövrün müftisi Əbussuud Əfəndidən fətva istəyərkən ona şeirlə müraciət edişi məşhurdur. Saray bağçasındakı armud ağaclarını qurudan qarışqaların öldürülməsi üçün bu beytlə fətva istəmişdi:
Dırahta gər ziyan etsə qarınca
Zararı var mıdır ânı qırınca
(Yəni məhsula zərər verən qarışqaları öldürməyin şəriət nöqteyi-nəzərindən bir zərəri varmı?
Əbussuud Əfəndi də şeirlə cavab verir:
Yarın Haqqın divanına varınca
Süleymandan haqqın alır qarınca.
Bunun kimi saysız misallar vermək olar. Söz sənətinin həyatımızdakı rolu çox böyükdür. Bu da öz növbsində mədəniyyətimizə damğasını vurub. Divan ədəbiyyatımızı tədqiq edərək Osmanlı dövrünün iqtisadi quruluşunu qələmə almış elm adamları var. İqtisadi düşüncə dövrün divan şeirlərinə əks etmiş. Məsələn, Füzulinin “Salam verdim, rüşvət deyil almadılar” sözü məşhurdur. Hər bir dövrün mənfiləri də, müsbətləri də şeirimizdə öz əksini tapmışdır. Şeir, sənət, ədəbiyyat sadəcə cəmiyyətin imtiyazlı təbəqəsini əhatə etmir. Bu və bu kimi ünsürlər millətin malıdır, insanların ortaq mədəniyyətidir. Xalq şeirimizə, türkülərimizə, divanlarımıza baxın. Hər bir xalq şeirinin arxasında bir tragediya, dram yaşanmışdır. Bizdə ədəbiyyat dedikdə ilk növbədə ağla şeir gəlir. Bizdə hekayə, roman, esse tərzinin az inkişaf etməsinin səbəbi şeir üzərində köklənməmizdən qaynaqlanır. Bunu qəbul etmək lazımdır. Ədəbi janrların inkişafı yüzillər tələb edir. Burada siyasi, sosial hadisələr də mühüm rol oynayır. Əgər ölkə inkişaf etməyibsə, ədəbiyyat da bundan təsirlənir.
İrfan: Əfəndim, mədəniyyətimizi şeirsiz tsəvvür etmək nə dərəcədə doğrudur?
Nurullah Genç: Hər şeydən əvvəl qeyd edək ki, mədəniyyətimiz rassional ağıldan çox qəlb üzərində dayanır. İşin əsasında eşq var, sevgi var. Sevgi və eşqi ən gözəl tərənnüm edən ədəbi janrsa məhz şeirdir. Buna görə babalarımız şeiri həyatımızın mərkəzinə yerləşdirmişlər. Bu gerçəyi gördüyümüz zaman işin məğzini çözmüş olarıq. Toplumdan şeiri qoparsanız, onu mədəniyyətdən qoparmış olarsınız. Bu gün insanımız öz mədəniyyətinə nə qədər vaqifdir? Türkiyədə bir şeir kitabı nə qədər tirajla çap olunur? Maksimum bir neçə min tiraj. Bəs satılırmı? Təbii burada şairlərdən də qaynaqlanan bəzi neqativ hallar var. Amma Yəhya Kamalar, Nəcib Fazillər də o qədər satılmır. Halbuki ildə ən az yüz min satılması lazımdır. Yunus Əmrəni, Füzulini oxumayan bir insanın öz mədəniyyətini tanıması nə qədər mümkündür? Mədəniyyətimizin izləri ordadır. Şeir bizi düşünməyə sövq edir. Şeir insanı hikmətin dalğalarıyla qovuşdurur, həqiqətin işıqlarını əks etdirir. Fəlsəfəyə qapı açar, amma fəlsəfə deyil, sosiologiyaya qapı açar, amma sosiologiya deyil. Psixologiya ilə iç-içədir, amma psixologiya deyil. Həyatın özüdür şeir. Həyatın içində də bu saydıqlarımız az, ya da çox var. Bunların bir araya gəlməsi mədəniyyəti formalaşdırır.
İrfan: Sizin ədəbiyyata marağınız, özünüzü şeirə verməniz necə gerçəkləşdi? İlk şeirlərinizi necə qələmə aldınız?
Nurullah Genç: Gözəl sual verdiniz. Mənim bəxtim onda gətirdi ki, ədəbiyyat aşiqi bir ailədə böyüdüm. Yaşadığım kənddə məktəb yox idi, amma şeir oxunurdu. Atam, əmilərim, babam öz yaşıdları ilə uzun qış gecələrində bir evə yığışıb şeirlər oxuyardılar. Mənzum əsərlər oxuyardılar. Battal Qazi dastanını, Koroğlu dastanını, Əsli-Kərəmi və neçə-neçə dastanı şeirlə dinlədim mən. Üstəlik təğənni ilə söyləyərdilər. Pərvanə kimi şeirin işığına toplaşardılar. Füzulinin şeirlərini ilk dəfə 8-9 yaşlarımda orada dinlədim mən. Soruşsanız bugünkü gənclərin çoxu Füzulidən bir beyt oxuya bilməz. Füzulinin “Məni candan usandırdı” qəzəlini avazla dinləyib öyrənmişəm. Atam əlini qulağına qoyub avazla oxuyardı. Sonralar öyrəndim ki, Füzulinin qəzəli imiş. O evlərdə keçən anlarım məni şeirə yaxınlaşdırdı. Xalq şairlərini orada tanıdım. Qaracaoğlanın, Dadaloğlunun şeirləri əzbər oxunurdu. Atam Niyazi Mirsinin divanını əzbər bilirdi. Yunus Əmrənin bütün şeirlərini əzbərləmişdi, Nizami Gəncəvidən əzbər şeirlər oxuyardı. Anam gəncəli olduğu üçün Nizamidən oxuyar və zarafatla “Bax, sizinkilərdən də oxuyuram”, -deyərdi. Uşaqlıq illərim bunlarla keçdi. Əmimin oğlu vardı, doqquz yaşım olanda Kərəm türküsünü qulağıma pıçıldayar mən də məclislərdə oxuyardım. Bir gün atama: “bu uşaq şairdir, Murad Çobanoğlunun, Yaşar Reyhaninin yanına qoyaq, xalq şairi olsun, ozan olsun”, -demişdi. Atam bu sözə hirslənərək “Mən onu oxudacağam”, -demişdi. Əmim oğlundan bu qənaətə necə gəldiyini soruşanda belə cavab vermişdi: “Qulağına Kərəmin türküsünü oxuyuram. Bəzən unutduğum yeri o tamamlayır.” Sonralar orta məktəbdə oxuyarkən, universitet illərində ədəbiyyat jurnallarına şeirlər yazdım. Ustadların yanına getdim, onlardan şeirlə bağlı dəyərli məlumatlar, dərslər aldım. Jurnallarda yayımlanan şeirlərimi toplayıb kitab halına gətirdik, mükafatlar aldım. Şairlik yolunu belə keçdim.
İrfan: Əfəndim, Türkiyədə və Azərbaycanda məşhur olan bir şeiriniz var: Yağmur. Yağmur şeiriniz Azərbaycanda çox tanınır. Müəllifi tanımayanlar belə bu şeirinizi sevə-sevə dinləyir. “Yağmur”un meydana çıxışını bizimlə paylaşmanız oxucularımız üçün də sürpriz olardı.
Nurullah Genç: Həzrət Peyğəmbərin varlığı ilə sözü şərəfləndirmək adına yazılmış bir şeirdir Yağmur. Müsəlman olan hər şairin mütləq bir nətinin olmasına inanıram. Rəsulullah üçün nə isə yazmaq zərurəti hiss etməlidir müsəlman şair. Sezai Karakoç: “Nət şeirin üfüqüdür”, -deyir. Bu, o deməkdir ki, şeirin son nöqtəsində nət var. Həzrət Peyğəmbər Allahın öz adı ilə yanaşı ismini zikr etdiyi yeganə varlıqdır. Bir kərə bilməliyik ki, Onun bizim tərifimizə, mədhlərimizə heç bir ehtiyacı yoxdur. Allah-Təala Onu bir günəş kimi insanlığın üfüqünə qoyub. Bizim ehtiyacımız var Onu mədh etməyə. Mən bir şair olaraq sözümü Onunla qiymətləndirməyin dərdində idim. 1980-90-cı illərdə, tam 10 il bunun çiləsini çəkdim. Mən niyə nət yaza bilmirəm, niyə nətim yoxdur? Dəfələrlə cızma-qara etdim, cırıb atdım. Onlarla nəti-şərifi incələdim, oxudum. On illik bu çilənin nəticəsində Allahın mənə nəsib etdiyi bir şeirdir Yağmur. Mənə onu yazacaq ruhu, qəlbi Allah verdi.
Avtobusla bir yerə səyahət edirdimş Pəncərədən insanlara baxarkən ora-bura tələsən insanları gördüm. Bunlar hara gedir? Bu gedişat nədir? Öz-özümə “hara gedirsiniz?”, ayəsini xatırladım. Xəyallarım Həzrət Peyğəmbərin zamanına getdi, Hz. Həmzənin şəhadəti yadıma düşdü. Uhuddan Osmanlının süqutuna qədər tarixi bir dəhliz açıldı gözlərimin önündə. Uhudda oxçuların Hz. Peyğəmbəri dinləmədikləri üçün döyüşdə məğlub olmaları ilə Osmanlını idarə edənlərin Rəsulullahın sünnəsindən ayrılışları ilə qocaman bir dövlətin süqutu arasında körpü qurdum. Və biletimin arxasına qeyri-ixtiyari bunları yazdım:
“Sensiz ufuklarıma yalancı bir tan düştü,
Sensiz kıtalar boyu uzayan vatan düştü.
Bir kölelik ruhuna mahkum olunca gönül
Yüzyıllardır dorukta bekleyen sultan düştü.”
“Yağmur”un ilk yazılan misraları bunlar oldu. Şeirin tamamlanması iki ay yarım çəkdi. Həmin müddət ərzində içimə qapandım, dost-tanışla əlaqələrim zəiflədi. Evdə xanımım tərəddüdlə nə baş verdiyini düşünürmüş. Məni bu halda görüb təlaş keçirirmiş. Şeiri bitirdikdən sonra bütün tanışlarımı toplayıb məsələni izah etdim. Bir nət qələmə aldığımı söylədiyim zaman çox sevindilər. Xəstələndiyimi düşünmüşdülər. Öz aralarında məni xəstəxanaya aparmağı planlaşdırırdılar. Sonra şeiri Diyanət İşləri Başqanlığının “Nət Yarışması”na göndərdik, orada da birinci seçildi. Şükürlər olsun. Hər halda səmimi yazdığım üçün buradakı qardaşlarımızın da dünyasında özünə yer edib həmin şeir. Yenə etiraf edirəm, mənim “Yağmur”a verəcəyim heç nə yoxdur, onun mənə verəcəkləri var. “Yağmur”da Peyğəmbərimiz var, mən Ona qiymət verə bilmərəm, əksinə, O məni qiymətləndirər. Şeir çox yuxarılarda, mən aşağıdayam. Tamamən Allahın məni bu işə vəsilə qıldığına inanıram.
İrfan: Bildiyimiz kimi şairliklə yanaşı başqa işlərlə də məşğulsunuz. Universitetdə dərs verirsiniz, fərqli yerlərdə menecerlik fəaliyyətləriniz var. Bütün bunlar sizin şairliyinizə çətinlik yaradırmı?
Nurullah Genç: Açığı, xeyli çətinlik çəkirəm. Universitetdə işləyirəm, peşəmlə əlaqədar başqa işlərim var, məsləhətçi qismində çalışıram, ədəbiyat və incəsənət proqramlarında iştirak edirəm, radio-televiziya verilişlərinə çıxıram, müxtəlif yerlərə ədəbi məclislərə gedirəm. Məsələn, bu gün Azərbaycandayam, iki həftə sonra Əlcəzairə getməliyəm. Əlbəttə ki, bütün bunlar yorucudur. Lakin bu qədər çətinliklərin sonunda işin bərəkətini görmək çox sevindirici olur. Yorğunluğum tamamən çıxır. Yanlış bir deyim var: “Bir əldə iki qarpız tutmaq olmaz.” Tuta bilən tutar. Yetər ki, üsulunu biləsən. Torbaya doldursan, onunu da tutarsan. Elə bir zəmanədə yaşayırıq ki, bir neçə qarpızı daşımaq məcburiyyətindəyik. Təkboyutlu ola bilmərik. Xüsusilə də bir mömin təkboyutlu olmamalıdır. Çünki həyat çoxboyutludur. Mən buna çalışıram. Səmimi niyyətimlə cəmiyyət üçün faydalı olmağa çalışıram. Allah da bərəkət ehsan edir. Buralara gətirib sizlərlə tanış edir. Ölkəmdən kilometrlərlə uzaqda Yağmur şeirimi sevən qardaşlarımın olduğunu görürəm. Hamısı Allahın bəxş etdiyi gözəlliklərdir.
İrfan: Ustad, sizin bir “Gülnarə” şeiriniz də var. Azərbaycanlı bir qızamı yazılmış bu şeir? Şeirin tarixçəsini bizimlə paylaşardınızmı?
Nurullah Genç: Şeirdə “Nerdesin ey masallar ülkesinin son kızı?” ifadəsi var. Burada konkret qız qəsd olunmur. Bildiyiniz kimi bizim təfəkkürümüzdə vətən anadır, gənc qızdır. Tam səmimiyyətimlə söyləyirəm, “Gülnarə” bir vətən şeiridir. Zatən “Azərbaycan ufkunda bir divanedir gönül”, “nerdesin ey Baküden, Genceden esen rüzgar?” ifadələri vətən arayışından xəbər verir. Bu arayışın üfüqündə gənc bir qız var. Çünki vətən dişidir, anadır, gənc qızdır.
1996-cı ildə Azərbaycandan yanıma bir qrup gənc tələbələr gəlmişdi. Şeirlərimdən oxudular, bəyəndiklərini söylədilər. Adlarını soruşdum. Azərbaycanda ən çox yayğın olan adlardan birinin Gülnarə olduğunu dedilər. Bu görüşdən sonra həmin şeiri qələmə aldım. Beləliklə “Gülnarə”ni yazdım və çox xoşuma gəldi. Gülnarə alov çiçəyi deməkdir. Nar çiçəyi mənasına gəldiyini düşünmüşdüm, amma elə deyil, “nar” alov, “gül” də bildiyimiz güldür. Alov gülü - Gülnarə Azərbaycanla mənim dünyamda birləşdi. Qarabağ işğal olunmuş, problemlər yaşanmış, Xocalı qətliamı… Bütün bunlar göz önündə tutularaq yazıldı “Gülnarə”. Şeirin gerçəyi budur, başqa heç bir gerçəyi yoxdur. Olsa çəkinmədən söyləyərdim. Bütün səmimiyyətimlə etiraf edirəm ki, “Gülnarə” bir Azərbaycan şeiridir.
İrfan: Nurullah bəy, dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik. Bütün oxucularımız adından ehtiramımızı ərz edirik.
Nurullah Genç: Mən də öz növbəmdə sizə minnətdarlığımı bildirirəm. Bu torpaqlardan ayrılarkən azərbaycanlı qardaşlarımla görüşməyin sevincini yaşayıram.
ŞƏRHLƏR