Reportaj - Ağsaqqal Nəsihəti

Reportaj - Ağsaqqal Nəsihəti

Vəsiyyətini cibində gəzdirən adam: Qoy gənclərimiz ruzinin ardinca deyil, rəzzaqin ardinca düşsünlər!

1951-ci il yanvar ayının 21-də Astara rayonunun Təngərüd kəndində dünyaya gəlib. Əmək fəaliyyətinə qonşu kənddə hərbi müəllimi olaraq başlayıb. Sonra kərpic kürəsində fəhlə kimi çalışıb. Ondan sonra yenə müəllim olaraq işləyib. Sonra kəndlərində traktor qarajında gecə növbətçisi olaraq çalışıb. Hal-hazırda Təngərüd kənd dini icmasının sədridir. Eyni zamanda əkin-biçinlə, heyvandarlıqla məşğul olur. Kənd camaatının dini vəzifələrini mənimsəməsi, insanların düz yol tutması üçün böyük əmək sərf edir. Söhbət əsnasında kimlərə nə qədər borcu varsa hamısını bir-bir kiçik kitabçasına yazıb cibində gəzdirdiyini də qeyd etdi.

 

Irfan: Feyzullah dayı, necə oldu ki, din xidməti ilə məşğul olmağa başladınız?

Feyzullah dayı: Atam rəhmətə getmişdi. Bizim kənddə xeyir-şər işlərinə baxan yox idi. Başqa kəndlərdə bu işə pul qarşılığında baxırdılar. Ağsaqqalardan da bəziləri deyirdi ki, bizdə pul vermədiklərinə görə heç kimin bu işdə marağı yoxdur. Bu söhbət 1982-ci ildə olmuşdu. Mən o zamanlar qonşu Siyakü kəndində hərbi müəllimi işləyirdim. Məclisdə bu işə öz üzərinə götürəcək bir adam axtarırdılar. Mən dedim ki, bu işi mən öz öhdəmə götürərəm. Atam rəhmətə getdiyi üçün artıq qərarı özüm verirdim. Atam sağ olsaydı ondan icazəsiz özbaşıma qərar verə bilməzdim. Hər zaman onun hörmətini saxlayır, o olan yerdə ağzımızı açıb danışmazdıq. Indiki cavanlar bəzən ataları ilə zarafat edirlər. Bu isə mənə çox qəribə gəlir. Nə isə, kənddə xeyir-şər işlərini təşkil etməyi öz öhdəmə götürmək istədiyimi bildirəndə bəzi adamlar, “ay bala, bunun düşər-düşməzi var” dedilər. Sonra ağsaqqalrdan biri dedi ki, “Bala, bu işə elə sən baxsan yaxşı olar.” O gündən sonra o işlə məşğul olmağa başladım. Həm namazlarımı qılırdım, həm də camaatın xeyir-şər işlərini təşkil edirdim. 

 

Irfan: Bildiyimizə görə dini təhsiliniz yoxdur. Bəs necə olur ki, kənddə din xadimi deyən kimi siz ağla gəlirsiniz?

Feyzullah dayı: Rəhmətlik Hacıağa müəllim vardı. Ingilis dili müəllimi idi, ancaq fars və ərəb dillərini də çox mükəmməl bilirdi. Qohumum idi. “Aməntu”nu onun anası öyrədib mənə. Mən də ona: “nənə, oğlun mənə hərfləri öyrətmir”, -dedim. O da oğluna dedi ki: “Ay bala buna da öyrət o hərfləri.” Quran hərflərini ilk dəfə mənə o öyrədib. O dövrdə bunu etmək cəsarət tələb edirdi və özü də bundan qorxurdu. Hətta mənə: “sən gedib bunu kiməsə göstərsən, bunları kiməsə öyrətsən, səni tutarlar.” -deyirdi. O dövrdə kəndimizdə çox az sayda qoca kişi namaz qılardı. Cavanlardan isə heç kim namaz qılmazdı. Məndə də namaz qılmağa həvəs yarandı. Bir Fatiha, bir də Ixlas surəsini bilirdim. Və elə bunlarla da başladım namaz qılmağa. Kəndimizdə məscid tikiləndən sonra yavaş-yavaş gənclərin də dinə marağı artdı.

    Məscid inşa edildikdən sonra əlimizdə heç bir dini ədəbiyyat yox idi. O vaxt biz üç-dörd nəfərlə namaz qılardıq. Əvvəllər cümə namazlarında Peyğəmbərimizin Quba məscidində oxuduğu ilk xütbəsini oxuyurduq. Bu, bir-iki il davam etdi. Çünki başqa heç bir vəsait yox idi. Sonradan Peyğəmbərimizin Vida xütbəsi əlimizə düşdü. Bir neçə il də hər cümədə onu oxumağa başladıq. Sonradan Əli Fəhminin tərcümə etdiyi bir neçə surənin mətni keçdi əlimizə. Bir müddət cümələrdə onu da ayə-ayə oxuduq. Allah Ziya Bünyadova rəhmət eləsin, həmçinin Akademik Hacı Vasim Məmmədəliyevdən də razı olsun, sonradan onların Azərbaycan dilində tərcümə etdikləri Quranı əldə etdik. Və həmin gündən artıq cümə günləri xütbədə ta başdan başlayaraq hər cümə bir neçə ayə oxumağa başladıq. Indi isə şükür Allaha, dini ədəbiyyat çoxaldı və bu gün xeyli ədəbiyyatdan istifadə edərək xütbələr, moizələr oxuyuruq.

Indi artıq 20 ilə yaxındır ki, aparılan təbliğatın nəticəsində kəndimizdə yas mərasimləri islami qaydaya uyğun olaraq üç gün keçirilir. Artıq 17 ildir ki, kəndimizdə heç bir dükanda spirtli içkilər satılmır. Toy məclislərində də 90 faiz insan spirtli içki vermir. 

 

Irfan: Feyzullah dayı, deyirsiniz ki, mən sadə kənd adamıyam. Ancaq bildiyimizə görə sizin Akademiklərlə, konkret olaraq mərhum Ziya Bünyadov və Allah xeyirli uzun ömür versin,, Vasim Məmmədəliyevlə dostluğunuz var. Bu dostluğun tarixi haqa məlumat verərsinizmi?

Feyzullah dayı: Allah onlardan razı olsun. Onlar Quranı Azərbaycan dilinə tərcümə etmişdilər. Onların tərcümə etdikləri Quranı görüb mən onlara təşəkkür etməyi özümə borc bildim. Onlara kəndə olanlardan müəyyən pay aparmaq qərarına gəldim. O zamana qədər Hacı Vasimi bir neçə dəfə televizorda görmüşdüm. Şəxsi tanışlığım yox idi. Bizim kənddə Cabir müəllim, var. Işi ilə əlaqədar olaraq hər ay Bakıya gedib-gəlirdi. Ona dedim ki, Bakıya gedəndə məni də aparsın. Bir də xahiş etdim ki, orada mənim üçün Ziya müəllimi və Vasim müəllimi taparsınız. O da sağ olsun, sözümü yerə salmadı. Günlərin birində Bakıya gəldik. Akademiyanın binasına gəlib Ziya müəllimlə görüşmək istədiyimizi bildirdik. Ziya müəllim bizi qəbul etdi. Aman Allah, insan nə qədər sadə olarmış. Bizi ayaq üstə qarşıladı. Gəlişimizin səbəbini soruşanda dedim ki, “Ziya müəllim siz Quran tərcümə etmisiniz, ona görə gəlmişik.” Dedi: “hə, lap yaxşı, biz kitabın öz sözündə də qeyd etmişik ki,  kim hansı nöqsanı tapsa, bizə bildirsin ki, gələcək nəşrlərdə onları aradan qaldıraq. Dedim ki, “nə nöqsan, Ziya müəllim, biz kimik ki, sizdə nöqsan tapaq. Sizin bu böyük əməyinizə görə təşəkkür etmək üçün gəlmişik və gələndə kənddən bir az da pay gətirmişik. Icazə verirsiniz payı bura gətirək? Dedi ki, “hə gətirin”. Mənimlə gələn Cabir müəllim tez düşüb maşından payı gətirib gəldi. Hələ bilmirdi biz hansı rayondan gəlmişik. Keçib yerində əyləşdi, haradan gəldiyimizi soruşdu. Astaradan gəldiyimizi deyəndə təəcüblə “Astaradan?” -dedi və oturduğu yerdən qalxıb yenidən bizə tərəf gəldi və siz mənim yerlilərimsiniz deyib bizi qucaqladı. Sonra bir az söhbətləşdik. Çox sadə insan idi.

Onunla sağollaşıb Universitetə yollandıq. Vasim müəllimi tapıp onunla da görüşdük. Kənddən gətirdiyimiz sovqatı verdik. Bizi çox gözəl qarşıladı. Xeyli söhbət etdik. 

O gündən dostluğumuz başladı Ziya və Vasim müəllimlə. Həmin gündən sonra hər il onların evinə gedib-gəlirəm. Ailəvi dost olmuşduq. Hətta Vasim müəllim bir neçə dəfə bizim evə qonaq gəlib. Bu, onların necə alicənab, təvazökar insan olduqlarını göstərir. Ziya müəllimin həyat yoldaşı  Tahirə xanım deyir ki, “Feyzullah qardaş, Ziya müəllimin ölümündən sonra bir ay bir-iki nəfər gəldi, ondan sonra səndən başqa heç kim bizə baş çəkmir.” Mən hər namazdan sonra Ziya müəllimə dua edir, hər il qəbrini ziyarət edir və evinə baş çəkirəm.

 

Irfan: Feyzullah dayı, Irfan oxucularına, bugünkü gənclərə nə demək istəyərdiniz?

Feyzullah dayı: Mən kiməm ki, siz məndən müsahibə alırsınız. Mən sadə xalq adamıyam.  Sadə bir kəndliyəm. Indi siz deyəndə ki, müsahibə almaq istəyirik, öz-özümə fikirləşdim: “Mən kiməm ki, məndən müsahibə almaq istəyirlər.” Ancaq doğrudur, Allah deyir ki, sən məni bir yerdə an, mən səni hər yerdə anaram. Allahıma sonsuz şükürlər olsun ki, deməli, mənim Allah üçün etdiyim hansısa zərrə qədər bir əməl, mənim kimi sadə bir insanı sizin gözünüzdə ucaldıb.

Gənclərə də tövsiyəm o olar ki, həyatlarını yalnız Allah üçün yaşasınlar. Müvəqqəti sevdalara qapılıb Allahı unutmasınlar. Gənclər hansı sahədə olurlarsa olsunlar, imanlı olsunlar. Gənc yaşda məscidlərdən uzaq qalmasınlar. Gənclərimizə tövsiyə edirəm ki, ruzinin dalınca deyil, Rəzzaqın dalınca düşsünlər. Yəni maddiyyat içində boğulub, mənəviyyatlarını unutmasınlar.

Mən hər zaman dua edəndə deyirəm ki, Ya Rəbbi, Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə qədər hər peyğəmbərin ümməti üçün etdiyi duaları, mən də millətimiz üçün edirəm. Amin...

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz