Bu tətildə də ziyarətinə gələcəkdim - Yəhya Həşimov
Babacan! İlk Qurani-Kərim və namaz müəllimim oldun. Həmişə qeybətdən qorunmağı təlqin edirdin. Kimsəsizin, dilənçinin mehmandarı idin.
“Bostana girdiyin zaman kimisə tərəvəzdən oğurluq edən görsən, üzünü çevir və uzaqlaş. Özünü görməməzliyə vur, bəlkə ehtiyacı var”, -deyib hüsnü-zənni qorumağı öyrədərdin.
Tez-tez qəbiristanlığa gedər, oranın sakinlərini ziyarət edər və onlar üçün dua edərdin. “Orada bir sakitlik tapıram”, -deyərdin.
Ömrünün yarıdan çoxunu xəstəlikdən əziyyət çəkdin, ən ağır anlarında belə bir dəfə də olsun Allaha asi olmadın. “Ölüm haqdır, ölüm haqdır”, -dedin.
Küçə ilə gedərkən uşaqlara belə salam verər və cibində varsa konfet paylayardın.
Özündən sonra miras olaraq bir sandıq Quran-Kitab qoydun. Sovet dövründə ketdiyin kəndlərdə qədim dinii kitabları axtarıb tapar, yaxud pulla alıb oxuyardın.
Bəzəkli geyinməkdən qaçar və dərvişanə həyat yaşayardın. “Bir az özünə bax”, -deyənlərə: “dünya mənim nəyimə lazım?” –deyib əhəmiyyət verməzdin.
Allah dostlarına, ağsaqqallara hörmək edər, onlara qulluq etməkdən həzz alardın. Səhərləri Quran oxumaqla keçirməyi xoşlayardın.
Sadə idin və sadəliyi sevirdin. Hz. Peyğəmbərin (s.ə.s) adı çəkildikdə ədəblə yerindən tərpənər və salavat gətirərdin. Birinin əlində Quran gördükdə tez ayağa qalxardın.
Köhnə kişilərdən idin. Yaşının əllidən çox olmasına baxmayaraq ağbirçək, namaz-niyazlı ananın yanında müti bir övlad kimi dayanar, sözünə qulaq verərdin.
Yaşadığın otağa girdikdə istifadə etdiyin eynək, təsbeh və kitablar sanki sən buradasan deyir. Ancaq sən artıq aramızda yoxsan, bu dünyanın sakini deyil, möminlər yurdunun sakinisən, inşallah...
Daha çox sevdikdiklərinlə bərabərsən... Torpağın altında yatanlar üstündəkilərdən daha üstündür ...
Köhnə kişilər müsəlman kimi, mömin kimi yaşamağı bacardılar. Bəs övladlar necə?
Bax, babalar, atalar belə idi... Bəs övladlar, nəvələr necə olmağa can atır?..
ŞƏRHLƏR