YOL VƏ DUA

YOL VƏ DUA

     XX əsrdən əvvəl “Ulu Türküstan”dan yola çıxan həcc karvanlarının gediş-gəlişlərinin altı aya başa gəldiyini deyirlər.

     Qazaxıstanda həcc və ümrəyə gedən dostları yola salırıq, geri qayıtdıqları zaman zəmzəm içmək üçün ziyarətlərinə gedirik. 

    Günorta vaxtı yediyin kabab, beşbarmaq, lağman və ya plov hələ həzm olunmadan Məkkəyə çatırsan və təvafa başlayırsan.

     Geri qayıdarkən də buna bənzərlik müşahidə olunur. Müqəddəs torpaqlara vida günü içdiyin zəmzəm və xurma hələ vücudda yox olmadan səfər sona çatır və hər kəs evinə çatmış olur. Yalnız Qazaxıstan deyil, təyyarə ilə səyahət edən bir çox hacı vətənində yediyi yeməklə təvafa başlayır.

     Televizorla xəyali səyahət, internetlə də virtual səyahətin baş tutduğu əsrdəyik. Qədim zamanlarda yaşanan vəhşi təbiət şərtləri, həramilər, məşəqqət, qorxu və can təhlükəsi demək olar ki, artıq yoxdur. Yalnız həcc səfərində deyil, bütün səfərlərdə rahatlıq və konfort birinci plandadır. Səyahət hər kəsə aid xüsusi monitorlar, oyun, musiqi seçimləri və ağıllı telefonlar sayəsində demək olar ki, səyahət olmaqdan çıxıb. Bir çox insan evində yaşaya bilmədiyi yaxşı isidilmiş və ya soyudulmuş şəraitdəki rahatlığı səfər əsnasında yaşayır.

     Taqətdən düşərək və sınıxaraq səfərdən qayıdanlar keçmişdə qaldı. Sanki səfərdə evdəkindən daha çox yeyib-içirik. İnternet və mobil telefon sayəsində səfəri addım-addım təqib edə bilirik. Qurd-quşdan və əsən yellərdən xəbər alma dövrü də sona çatdı. Səyahətlərin “əhilləşdirilməsi” çoxdan baş tutdu. “Dost dar gündə tanınır”,- deyiblər. Çətinliyi qalmayan və ya azalan səfərlərdə insanların əsil üzünü tanımaq mümkün deyil. İnsanı tanımaq üçün borc vermək, alver etmək kimi maddələrdən səfərdə tanımaq üzərində yenidən düşünmək lazımdır. Əhilləşən səfərlərdə insanı həqiqi sifəti ilə tanımaq nə qədər mümkündür? Səfərdə insanı bir neçə hal xaricində görmək mümkün deyil: Yatmaq, yemək-içmək, telefonla oynamaq…

     Qaranlıq, soyuq və ya dəhşətli istinin hökm sürdüyü şəraitdə can və mal təhlükəsi ilə günlərlə yarıac, yarıtox gedilən səyahətlər insanın qəlbində yumşalma, Allaha üz tutma, Ona sığınma və duaya səbəbdir. Bəlkə də ona görə “Üç dua vardır ki, şübhəsiz qəbul edilər: məzlumun duası, yolçunun duası və atanın övladına duası”,- hədisi-şərifi ilə səfərdə olanların duasına xüsusi vurğu edilmişdir (İbn Macə, Dua 11). Qarnı tox, can və mal təhlükəsizliyi təmin olunmuş yolçuların könüldən dua etməyə və səmimiyyətlə Allaha sığınmağa nə qədər ehtiyacları olar görəsən? “Qəzaya uğrayan təyyarədə ateist olmaz”,- deyirlər. Təyyarə öz halında, təhlükəsiz şəkildə uçarkən ateistlərin inanmasına və Allaha sığınmasına ehtiyacları yoxdur. Dara düşəndə və bəla gəldiyi zaman  Allahın yada düşməsi, rahatlıq zamanında unudulması Qurani-Kərimdə mömin-kafir fərqi qoyulmadan, insan deyilərək altı yerdə vurğulanır (Yunus:12, Rum:33, Zumər:8, 49, Nəhl:52-55, İsra:67-69).

     Səfərlərin asanlaşdırılması, yolçuların dua və sığınmanı azaltmaları səfərdə olanın duasının məqbul olma gerçəyini dəyişdirərmi? Hədisi-şəriflər qiyamətə qədər dəyişdirilməsi mümkün olmayan “vəhyi qayri-mətluv”dur (Quran kimi tilavət edilməyən vəhy). Yolçunun duası da qiyamətə qədər məqbul dualardan olacaqdır. Allah yolunda, elm dalınca düşən, halal qazanc ardınca qaçan yolçunun duası məqbuldur. Səfər əsnasında Allaha arxalanan və Ona sığınanların duası qəbuldur. Mağarada qaldıqları halda duasıyla qayanı yerindən oynadan üç əməlisaleh insane kimi olanların duası məqbuldur. Şeyx Ədəbalinin “haradan gəldiyini unutma ki, haraya gedəcəyini unutmayasan” nəsihətinə qulaq verənlərin duası məqbuldur. Səfər əsnasında yüksək yerlərə çıxdığı zaman Allahın ululuğunu xatırlayan, ovalıqlara düşdükdə hündürlükdə xatırladığı Allahın ululuğuna xələl gətirməmək üçün təsbih edənlərin duası məqbuldur. Abdullah bin Ömər buyurur: “Allah Rəsulu ilə əsgərləri təpəliklərə çıxanda “Allahu Əkbər”,- deyər, düzənliyə enəndə isə “sübhanallah”,- deyərdilər” (Əbu Davud, Cihad 72). Saffət surəsinin 99-cu ayəsində Hz. İbrahimin “Mən Rəbbimə gedirəm”,- deyərək vəsfləndirdiyi yolda olanların (seyru-sülük) duası daha məqbuldur.

     Sədi Şirazinin “mən doğru yolda azan adam görmədim”, dediyi yolçuların duası daha məqbuldur. “Ey Rəbbim! Məni daxil edəcəyin yerə (Mədinəyə) xoşluqla daxil et, məni çıxaracağın yerdən (Məkkədən) də xoşluqla çıxart. Öz dərgahından mənə kömək edə bilən bir dəlil ver!” (İsra, 80) deyərək səfərdə zülm etmək qorxusu yaşayaraq doğruluq üzərində həssas davrananların duası məqbuldur.

     “Səfərini günah, xəta, üsyan və həyasızlıq turizminə çevirənlərin diləyi və duası məqbul deyil”,- demək doğru olmaz. Şeytanın qiyamətə qədər istədiyi möhləti belə geri çevirməyən Rəbbimizin rəhmətini və duaya cavab verməsini məhdudlaşdırmamaq lazımdır. Hər insanın duası məqbuldur, kimisi az, kimisi çox.

     İsrtər evdə, istər yolda “Şəfaət, ya Rəsulallah / Səyahət, ya Rəsulallah!”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz