ƏMANƏT ŞÜURU
“Həqiqətən Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insnalar arasında hökm verərəkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi) bu öyüd-nəsihət necə də gözəldir. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, görəndir.” (Nisə).
Əmanət sözünün əsli “əmn” kökündəndir. “Əmn” lüğətdə güvənmək, qorxu və əndişədən əmin olmaq, ruhun sükunətə qovuşması mənasına gəlir. Eyni kökdən gələn “iman” inanmaq, Allahın göndərdiyi iman qaydalarının doğru olduğundan əmin olmaq, “mömin” isə iman gətirən, Allaha güvənən və etibarlı (güvənilən) bir şəxs deməkdir.
Əmanət insanın etibarlı olması, hər hansısa bir şeyin qorxmadan təslim edildiyi biri olması deməkdir. Yəni əmanət -maddi olsun, mənəvi olsun bir şeyi və ya qiymətli bir dəyəri könül rahatlığı ilə başqasına təslim etmək və yenə eyni əminliklə geri almaqdır.
İnsana verilən üç qism əmanət vardır:
Birncisi; Allah-Təalaya qarşı əmanətlərdir ki, bunlar ilahi əmrləri yerinə yetirmək və qadağalarından çəkinməkdir.
İkincisi; insanlara qarşı olan əmanətlərdir ki, bu da onlara olan borclarını ödəmək, verdiyi sözləri yerinə yetirmək, hər kəsin maddi-mənəvi haqq və hüquqlarına riayət etmək, gördüyü qüsurları ifşa etməmək və bütün müamilələrində adil olmaqdır.
Üçüncü isə; göz, qulaq, dil kimi maddi üzvlərlə, ağıl, qəlb və vicdan kimi mənəvi duyğuları riza dairəsində və istiqamət üzrə istifadə etməkdir.
Əmanət İslamın əsas prinsiplərindən biridir. İslam dinində əmanətə çox ciddi əhəmiyyət verilmiş, fərdi və sosial hüzurun, maddi və mənəvi inkişafın təməl əsaslarından birinin də əmanət olduğu bildirilmişdir.
Quran hər ağıl sahibi insana bəxş edilən bütün nemətləri bir əmanət olaraq görməsini istəməkdədir. Ona görə sərvət bir əmanətdir, səhhət bir əmanətdir, həyat bir əmanətdir, şöhrət bir əmanətdir, övlad bir əmanətdir, dövlət bir əmanətdir, elm, bacarıq, ağıl bunlar hamısı bir əmanətdir.
Allahın insana verdiyi bədən və orqanlar bir əmanətdir. Hər işin başında olan şəxsin gördüyü və idarə etdiyi iş əmanətdir. Övladlar ata-anaya əmanətdir, idarəçilərə idarə etdiyi insanlar, oturduqları məqam və mövqelər əmanətdir. Hər kəs öhdəsində olan əmanətləri qorumaqla vəzifəlidir.
Əmanətin məsuliyyəti çox ağırdır. Allah-Təala Əhzab surəsinin 72-ci ayəsində: “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən (onu daşımaqdan qorxub) çəkindilər. Lakin insan onu boynuna götürdü. Həqiqətən, o çox zalım, çox cahildir.” buyurmaqdadır.
Allah-Təala bu ayə ilə əmanətin göylərin, yerin və dağların çəkə bilməyəcəyi qədər ağır və əhəmiyyətli olduğunu bildirməkdədir.
Hədislərdə əmanətin yox olması qiyamət əlaməti olaraq bildirilməkdədir. Əmanətin yox olması insanlar arasında dürüstlüyün, ədalətin qalmaması, hər kəsin bir-birinə güvənməz hala gəlməsi deməkdir. Bu da cəmiyyətdə hiyləgərlik və haqsızlıqların artmasıyla meydana gələr.
Bunu anlaya bilmək üçün də Quran və sünnəni yaxşı qavramaq və qulaq asmaq lazımdır. Allah-Təala Quranda fərqli ayələrdə möminlərin vəsflərini sayarkən bir də; “əmanətlərini və verdikləri sözü yerinə gətirərlər” (Muminun 8, Məaric 32) -deyə buyurmaqdadır.
Əmanətə riayət və verilən sözdə durmaq möminin şüarıdır. Çünki haqları qormaq və qul haqqına əl uzatmamaq fərz; bunun əksinə bir hərəkət və davranış isə böyük günahdır. Ona görə də bir müsəlman hər zaman güvən duyğusu verən şəxsiyyət olmalıdır. Unudulmamalıdır ki, sözündən dönmək, vəfasızlıq, haqlara sayğısızlıq, sözündə durmamaq müsəlman olmayanlara yaraşan bir xasiyyətdir. Çünki müsəlman əsla əmanətə xəyanət etməz. Həzrət Peyğəmbərimiz (s.ə.s) yenə bu xüsusda buyurur ki: “Müsəlman insanların dilindən və əlindən zərər görmədikləri, mömin də insanların canları və malları xüsusunda özündən əmin olduqları şəxsdir.” (Nəsəi). “Əmanəti olmayanın imanı da yoxdur.” (Müsnəd, Əhməd bin Hənbəl).
Əmanət xüsusunda bu qədər danışarkən diqqət olunacaq cəhətlərdən biri, hər işin başına əhlini gətirməyi yada salmaqdadır. Bu, dövlət rəhbərindən başlayıb, ən alt səviyyədəki kiçik vəzifəyə qədər diqqət olunması gərəkən ilahi bir əmrdir; işi əhlinə əmanət etmək. Bir dəfə hz. Peyğəmbərə (s.ə.s) soruşulur: “Ey Allahın Peyğəmbəri! Qiyamət nə vaxt qopacaq?” Hz. Peyğəmbər (s.ə.s) belə cavab verir: “İş əhli olmayan şəxslərə verilincə qiyaməti gözlə, qiyamətin qopması çox yaxındır.” (Buxari).
Dinimizdə hər işi əhlinə vermək çox mühümdür və ilahi bir əmrdir. Haqq-Təala bu ayeyi-kərimə ilə vəzifəni (əmanəti) əhlinə verməyi əmr etməkdədir: “Həqiqətən Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərəkən ədalətlə hökm vermənizi əmr edir...” (Nisə).
Ona görə də işində əhil olmayan bir çoban sürüsünü qurda qapdırar. Ticarətdən anlamayan biri sərmayəsini batırar və iflas edər. İşini yaxşı bacarmayan bir həkimin xəstəsinə faydadan çox ziyanı dəyər.
Əmanətin ağır məsuliyyətini bildirən bir hədisi-şərifdə də belə buyururlur: “Dörd şey səndə varsa, dünyada itirdiklərinə üzülmə; əmanəti qorumaq, doğru danışmaq, gözəl əxlaq və halal ruzi.” (Müsnəd, Əhməd bin Hənbəl).
ŞƏRHLƏR