HAQSIZLIĞA QARŞI MÜBARİZƏ

HAQSIZLIĞA QARŞI MÜBARİZƏ

​     Haqq-ədalət bəşəriyyət tarixində daima insanların nəzərində ali dəyərə malik olmuşdur. Lakin tarixə nəzər salanda görürük ki, tarix boyu çoxlu haqsızlıqlar baş vermiş və bu haqsızlığa qarşı mübarizədə çoxlu insanlar qurban getmişdir. 

​     Lakin yenə buna baxmayaraq, haqqı müdafiə edən, haqq yolunda mübarizəyə qoşulan insanların, cəmiyyətlərin olduğunun şahidi oluruq. Müsəlmanlar hər zaman haqqın tərəfdarı olmuşlar. Peyğəmbərimiz (s.ə.s) də daima haqqı müdifə etmiş, haqsızlığa qarşı boyun əyməmişdir. Məkkədə bütpərəstlərin meydan suladıqları zaman tək-tənha, heç bir dəstəkçisi olmadığı halda belə yenə haqsızlığa qarşı mübarizə aparmışdır. Allaha şərik qoşmaq haqsızlığın ən böyük dərəcəsidir. Peyğəmbərimiz ilk öncə şirklə mübarizə apardı. Sonra qız uşaqlarını diri-diri torpağa basdırmaq kimi insanlığa sığmayan vəhşiliyə, haqsızlığa qarşı çıxaraq qız uşaqlarının öldürülməməsi üçün mücadilə etdi. Bundan əlavə qadınlara qarşı haqsızlıq olan zinanın aradan götürülməsi, qadınların insanlıqdan kənar münasibətə məruz qalmasının qarşısının alınması üçün mübarizə apardı. Beləliklə, haqsızlığa qarşı mübarizəçi kimi bizim Peyğəmbərimizin mübarizə həyatı bütün dünya üçün nümunəvi xarakter daşıyır.

​     Haqsızlığa qarşı mübarizə apararkən belə haqsızlığa yol vermək olmaz. “Sizinlə vuruşanlarla vuruşun” prinsipi İslamın ən ali düsturlardandır. Haqsızlığa qarşı haqsızlıqla cavab vermək İslamın haqq anlayışına ziddir.

​     Tarixin səhifələrini vərəqləyərkən tarixə düşmüş şəxsiyyətlərin ömürləri bahasına da olsa, haqsızlığa qarşı boyun əymədiklərinin şahidi oluruq. Haqsızlıq məcrasından çıxmış bir çaya bənzəyir ki, ətrafı suya qərq edir və böyük ərazilərə ziyan vurur. Haqsızlıq kiçik bir qığılcımdan alışıb yanan və ətrafını da yandırıb-yaxan böyük bir atəşə bənzəyir. Bir çox insanların qurban getməsinə səbəb olan haqsızlıqla mübarizə aparmaq müdrik insanların ali məqsədləri olmuşdur.

​     Haqsızlığa qarşı Hz. Hüseyni də misal verə bilərik. Haqsızlığa qarşı mübariz bir şəxsiyyət kimi tarixə düşmüş, Peyğəmbərimizin sevimli nəvəsi Hz. Hüseyn (r.a) Əməvi hökmdarların haqsızlığına qarşı öz haqq səsini ucaltmışdır. Haqsızlığın, özbaşınalığın qarşısının alınması üçün bu yolda canını belə fəda etmişdir.

​     Bundan əlavə, İslam dininin ilk illərində müşriklərin qəzəbinə tuş gəlmiş, İslam tarixində ilk şəhidlik şərəfinə nail olmuş şəhid səhabə Yasir və onun xanımı Sümeyyə daə haqsızlığa boyun əyməyən mübariz şəxsiyyətlərdəndirlər. Bilalın (r.a) qızmar günəşin altında Məkkə küçələrində işgəncəyə məruz qalması, sinəsinin üstünə böyük bir qaya parçasının qoyulmasının səbəbi də haqsızlığa boyun əyməməsi idi.

​     Tarix təkcə bunlarla bitmir. Sokrat Yunanıstanda insanlara hikməti başa saldığına görə, onu da mühakimə etdilər. Ancaq o öz davasından əl çəkmədi. Bir sözlə haqsız yerə məhkəməyə çıxarılan filosof yenə haqsızlığa boyun əymədi. Beləliklə, ölümə məhkum edilsə də, haqsızlıqla mübarizə apardı.

​     Bundan əlavə, XX əsrin əvvəllərində Azərbaycan xalqına kütləvi şəkildə tətbiq edilən repressiya siyasətində bir çox ziyalılarımız qurban getdi. Ancaq onlar yenə haqsızlığa boyun əymədən haqsız yerə güllələndilər. Azərbaycan Xalq Cümhuriyyətinin baniləri Sovet işğalı qarşısında haqsızlığa boyun əyilmədilər. Vətənimizi işğal edən Sovet hökumətinin haqsız ittihamları ziyalılarımızın həyatları bahasına başa gəldi.

​     Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi şairlərimiz, bir çox dövlət xadimlərimiz haqsızlığa qarşı mübariz şəxsiyyətlər kimi yaddaşımızda qaldı.

​     Beləliklə, tarixin səhifələrini vərəqləyəndə, görərik ki, bunun kimi və buna bənzər hadisələr çoxdur. İslam dini haqsızlıq qarşısında boyun əyməmək prinsipini gətirmişdir. Bununla yanaşı, haqsızlıqla mübarizə üsulunu da öyrətmişdir. Bir haqsızlıqla qarşılaşan şəxs əli ilə, buna gücü çatmazsa, dili ilə, buna da gücü çatmazsa, qəlbində haqsızlığa qarşı nifrət etməsi lazımdır. Sonuncusu, əlbəttə, imanın ən zəif dərəcəsidir. Buradakı əl- gücü, qüvvəti ifadə edir. Yəni cəmiyyətdə mövqe, məqam sahibi, sözü keçən bir adamın haqsızlığı aradan götürməsi vacibdir. İkincisi olan dil isə öyüd-nəsihətlə, tövsiyə etməklə haqsızlığı başa salmalıdır. Üçüncüsü də ürəyində haqsızlığa qarşı nifrət etməkdir.

​     Müsəlman mübariz şəxsdir. Harada haqsızlıq görsə, haqqı təbliğ edər. Haqsızlığa məruz qalsa da, heç bir zaman haqsızlığa əl atmaz. Kiminsə haqqına girməz və kiminsə haqqının əlindən alınmasına imkan varməz. Allah-Təalanın əsmayi-hüsnasından biri də Haqqdır. Ancaq bunu da unutmamaq lazımdır ki, haqqı söyləmək nə qədər haqdırsa, bəzən elə məqamlar olur ki, haqqı söyləmək bizim haqqımız olmur. Bir müsəlman haqqı nə zaman və necə söyləməyi bilməlidir.

​     Haqsızlığa boyun əymək acizliyin əlamətidir. Bunun üçün də hər zaman haqsızlığı aradan götürmək üçün gücə sahib olmaq lazımdır. Bu da müsəlmanların birliyidir, haqqı qəbul etmək, haqqı təbliğ etmək lazımdır. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz