BİR AYƏ

BİR AYƏ

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُون

“Yaxın qohuma, yoxsula, yolda qalan müsafirə, Allahın vacib buyurduğu haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir. Axirətdə nicat tapanlar məhz onlardır!”  Rum, 30/38

     Mal-dövlət Allahın olub onu bəndələrinə ruzi olaraq verdiyinə görə onun ilk sahibi Allahdır. O, malın bir hissəsini bəndələri arasında bölüşdürmüşdür ki, onunla həm özlərinin, həm də başqa haqq sahibi insanların ehtiyaclarını qarşılasınlar. Bu ayədə məhz haqq sahibi olaraq yaxın qohum-əqraba, yoxsullar və müsafirlər qeyd olunur. Beləliklə ehtiyac içərisində olan yaxın qohumlara baxmaq və onun məişətini təmin etmək yaxınları üzərinə borcdur. Bunun bir əmr mahiyyəti daşıdığını “ver” əmrindən başa düşmək mümündür.

     İnsanlara yardım etmək ehsan kimi qiymətləndirilmişdir. Ehsanda xüsusilə qohum olan insanlara üstünlük verilməsi onun əhəmiyyətini ön plana çıxarmaqda və daha da qüvvətləndirməkdədir. Qohumlara yardım etmə haqqı o qədər əhəmiyyətli hesab edilmişdir ki, bir şəxsə ölüm gəldikdə əgər hər hansı xeyirli əməli işləməyi tələb etsə  və ya ölümündən sonra mal buraxsa digər vərəsələrin haqlarına da riayət edilərək haqsızlıq etməyəcək şəkildə vəsiyyət edilməsi əmr edilmişdir. Şübhəsiz bunun da öz ölçüləri vardır. 

     Uca Allah ayədə keçən üç qrupa yardım edilməsini əmr edərkən onlara möhtac olduqları məsələlərdə hədiyyə və ikram edilməsini, onlarla gözəl münasibətin davam etdirilməsini istəmişdir. Bu insanlara haqqını verməklə Allahın razılığını qazanmağı diləyənlər üçün daha xeyirli olduğunu və o şəxslərin qurtuluşa nail olacağını bildirmişdir. Müəyyən imkanlara sahib olan şəxs Allahın ona bəxş etdiyi zənginliyi digər insanlarla Allahın qoyduğu ölçülər daxilində paylaşmırsa, onların qarşılaşdığı problemlərin həllində köməklik göstərmirsə, qısacası dərdlərinə şərik olmursa etdiyi digər ibadərləri naqis qalar və ibadət məfhumunun tələbləri yerinə gətirilmiş hesab edilməz. Çünkü ibadətin məqsədi və qayəsi Allaha onun qoyduğu prinsiplərə riayət etməklə hasil olar. Əks halda zəngin bir insanın sadəcə namaz, həcc və s. kimi hərəkətlərinə  arxalanaraq Allahın razılığını əldə edəcəyinə ümid etməsi kifayət etməz.

     İnsanlar arasında kiçik məsələlərdən yaranan soyuqluq, küskünlük kimi hallar birinin digərinə yaxşılıq etməsinə mane olmamalıdır, tam əksinə bu halların aradan qaldırılması üçün kiçik bir yardım vasitəçi rolunu oynaya bilər. Bir hədisi-şərifdə ən fəzilətli və qiymətli sədəqənin bir-birinə düşmanlıq edən insanlara verilməsinin olduğu bildirilmişdir. 

     Uca Allah bizləri verdiyi malı, dövləti, hər cür maddi və mənəvi zənginliyi digər insanlarla paylaşmağı bacaran insanlar zümrəsindən eyləsin! Amin...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz