AĞDAŞ RAYON AĞSAQQALLARINDAN QOCAYEV ZÜLFÜQAR ŞOŞUQ OĞLU:

AĞDAŞ RAYON AĞSAQQALLARINDAN QOCAYEV ZÜLFÜQAR ŞOŞUQ OĞLU:

     - Zəhmət olmasa, özünüz haqda qıza məlumat verin.

     - Mən 1933-cü ildə Ağdaş rayonunun Kotanarx kəndində kəndli ailəsində anadan olmuşam. Atam Qocayev Şoşuq Göyüş oğlu 1939-cü ildə, mənim beş yaşım olanda vəfat edib. 

   Uşaqlıq illərimdə 1941-1945-ci illərin müharibəsini də görmüşəm. Üç böyük qardaşım Nadir, Məhərrəm, Hüseyn müharibəyə yollanmışdılar, biz balacalar isə evdə qaldıq. Gecə-gündüz ayaqyalın kotan sürürdük, mal-qara güdürdük, bir dəqiqə də  olsa dayanmırdıq.

     - Ailədə neçə uşaq olmusunuz?

     - Anam qəhrəman ana idi. Yeddi qardaş, üç bacı olmuşuq. Anam son nəfəsinə kimi qardaşlarımın yolunu gözlədi. Qardaşımın biri, Nadir qocayev Pribaldikanın azad olunmasında həlak oldu. 1945-ci ilin mart ayında qara kağızı gəlmişdi, mayda isə qələbə çaldıq. Qardaşlarımdan biri Berlində qələbə bayrağını sancanlardandır. Müharibə qurtarandan sonra sağ-salamat gəldi, burada vəfat etdi. Obiri qardaşım Hüseyn də müharibədə həlak olub. Üç qardaş gecə-gündüz dayanmadan işləyirdik. Kənddə, demək olar ki, iki-üç nəfər başıpapaqlı kişi qalmışdı. Qalan hamı cəbhədə idi. Qadınlar, qocalar, uşaqlar, hamı kotan sürürdü. Qızmar günün altında vəllə taxıl döyürdük. Yadıma gəlir, cəhbəyə paltar da göndərirdik, bacılar əsgərlər üçün əlcək toxuyurdular.

     - Məktəbdə oxuya bilirdinizmi?

     - İnanın, bir il birinci sinfi oxuyandan sonra dörd-beş il məktəb üzü görmədik. Ona görə ki, müəllimlərin hamısını əsgər aparmışdılar. Kənddə işləyən yox, kotan sürən yox, hər kəs işləmək məcburiyyətində idi. Bir neçə ildən sonra dördüncü sinfə getdik. Dəftər, qələm yox idi tapılmırdı. 5-ci sinfi qurtarandan sonra qonşu kəndə- Cardama getdik. Orada məktəb yeddiillik idi. Yeddinci sinfi bitərəndən sonra Ağdaşda Nizami adına məktəbdə səkkizinci sinfə qəbul oldum. Onuncu sinfi qurtarandan sonra Bakıya getdim. Pedoqoji İnstitutun Coğrafiya şöbəsinə sənədlərimi verdim. Sənədləri verəndən sonra elə Bakıda imtahana hazırlaşdım.

     Baytarlıq texnikumunu qurtarmışdım. Mən orada fəal olduğuma görə, komsomol təşkilatına seçdilər. Texnikumu əla qiymətlə qurtarıb gələndən sonra qonşu kəndə- Cardam kəndinə göndərdilər. Bir müddət orada işlədim. Sonra Kənd Təsərrüfatı İnstitunun Zootexnik şöbəsinə qiyabi qəbul oldum. İnstitutu qurtarandan sonra burada işləməyə başladım. Sonra gəldim Kotanarxa, bir müddət fermada  mühasibi işlədim. Bundan sonra kolxoz sədri dedi ki, sən mütləq ferma müdiri olacaqsan. Beləliklə, məni ferma müdiri vəzifəsinə gətirdilər.

     64-cü ildə rayonda məni baş zootexnik vəzifəsinə gətirdilər. Uzun müddət baş zootexnik vəzifəsində işlədim. Daha sonra Özbəkistana kolxoza sədr getdim. Yaxşı fəaliyyətimə görə iki bayraq ordeni verdilər. Sonra qələbə ordeni ilə təltif etdilər. Daha sonra Ağdaşda 5 il sədr işləmişəm.

     - Təqaüdə nə vaxt çıxmısınız?

     - Təqaüdə 1996-cı ildə çıxdım.

     - Bayaq danışdığınız o müharibə illərində insanlar arasında mehribançılıq, xeyriyyəçilik hansı səviyyədə idi?

     - Yaxşı idi. Bizim mal-qaramız olduğumuza görə, qardaşım Tiflisə yağ-pendir aparıb buğda, qarğıdalı unu qarşılığında satırdı. Camaat bizim evimizə gəlib anamı səsləyirdilər: "Ay Gülarə xala, acından ölürük". Anam da bir sərnic ayran, bir çömçə un qarışdırıb verirdi ki, həftəni birtəhər keçirsinlər. Hər gün kənddə acından adam ölürdü.

     Allah bir daha o günü göstərməsin, kənddə neçə  adam ölürdü, həftələrlə evdə qalırdı. Anam-bacım gedirdi, əmim qəbir qazırdı, onu bir xarala büküb dəfn edirdilər. Kənddə adam tapılmırdı. Acınacaqlı vəziyyət idi.

     Atam xeyriyyəçi olub. Qurban bayramında kəndə adam göndərirmiş ki, kim İsmayıl qurbanı kəsə bilmirsə, kimin imkanı yoxdursa, gəlsin sürüdən İsmayıl qurbanı aparsın. Bütün kəndə qurban paylayırdı. Belə edirdi ki, qurban kəsməyə gücü çatmayanlar da həmin sevinci yaşasın.

     - Böyük-kiçik münasibətləri, ağsaqqala hörmət və xeyir-bərəkət o vaxt  daha yaxşı idi, yoxsa indi?

     - O vaxt əslində imkansızlıq idi. Camaat bir tikə çörəyə möhtac idi. O vaxt camaat bir cüt ayaqqabı tapmırdı, indiki insanların bir neçə cüt ayaqqabıları var, paltarları var. Bolluqdur.

     - Amma buna baxmayaraq, elə bil nemətə naşükürlük əvvəllərə baxanda daha çoxdur bir az.

     - Bilirsiniz, hər dövrün özünün  yaxşı adamı da olub, pis adamı da. O adamın ki, əsli-kökü var, o heç vaxt yolunu azmayıb, camaatın da qeydinə qalıb. Kimin kökü xeyriyyəçidir, onun balası da belə olacaq.

     O vaxtdan arzum vardı ki, kəndimizdə məscid tikdirək. Bizim kənd məscidinin divarları yadıma gəlir. Sovet hökuməti illərində anbar eləmişdilər, sonra üstünü sökdülər. Kəndimizdə məscid tikmək üçün Bakıya getdim. Bütün respublika orqanlarına yazdım. Qafqaz Müsəlmanları İdarəsinə də yazdım. Mənə məktub gəldi ki, məscid tikmək üçün dini icma ilə məsləhətləşmək lazımdır. Elə bu ərəfədə də bizim kəndin məktəbi qəza vəziyyətində idi. Hər an uça bilərdi. Beləliklə, dini icma ilə məsləhətləşdik, belə qərara gəldik ki, ilk öncə məktəbi təmir edək, sonra məscid tikərik. Elə oldu ki, müəyyən səbəblərə görə bu iş alınmadı. Sonradan yeni başçı gəldi və mən onun qəbuluna getdim. O məndən birinci məscidi, yoxsa məktəbi önə almağı təklif edəndə dedim ki, məktəb birinci təmir olunsun, sonra məscid işinə baxarıq. Bu təklif də onun xoşuna gəlmişdi. Məscidin layihəsini hazırlamağa başladım. Məktəbimiz “Heydər Əliyev Fondu” tərəfindən tikildi. Çox gözəl binadır. Məktəbin açılışında da iştirak etdim. Ümumiyyətlə bu fond ölkədə xeyli sayda belə gözəl məktəblər, təhsil ocaqları tikir. Sağ olsunlar, var olsunlar. Məscidin də üstümü örtmüşük, şükür. Allah yol versin, qalan işləri də tamamlayaq. Fürsətdən istifadə edib, məscidin tikintisinə dəstək olan hər kəsə təşəkkür edirəm.

     - Son söz olaraq, bir ağsaqqal nəsihəti kimi gənclərə hansı tövsiyələri verərdiniz?

   - Həmişə Allahın yolunu tutsunlar. Peyğəmbərimizin qoyduğu yolu tutsunlar. Haqq nazilər, amma üzülməz. Düz yolda olsunlar. Böyüklərə hörmət göstərsinlər. Vətəni sevsinlər, vətənin qeydinə qalsınlar. Böyüklərin sözlərinə qulaq assınlar. Çünki böyüklərin həm təcrübəsi var, həm dünyagörüşü, böyüyün təcrübəsindən, dünya görüşündən istifadə edən gənclər heç vaxt çətinliyə düşməz.

     - Dəyərli vaxtınızı bizə ayırdığınız üçün sizə təşəkkür edirik.

     - Mən də sizə təşəkkür edirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz