HAQQ SAHİBLƏRİNİN HAQLARINI VERMƏK
İnsan kainatın ən üstün varlığı olaraq yaradılmışdır. Bu üstünlüyünü qoruyub saxlaması üçün Allaha iman və ibadət etməsi şərtdir. Çünki insan yalnız Allaha qulluq etmək üçün yaradılmışdır.
Elə isə yaxşı bir insan ola bilmək Allahın verdiyi vəzifələri yerinə yetirməklə mümkündür. Bu vəzifələrin ən əsası isə haqq sahiblərinin haqlarını verməkdir. İnsan bu vəzifələrini yerinə yetirdiyi zaman ucalır və üstünlüyünü qoruyub saxlayır.
Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur:
“(Ya Peyğəmbər! bil ki); haqq sənin Rəbbindəndir, buna heç vaxt şübhə edənlərdən olma!”[1]
Allahdan gələn və insanların yerinə yetirməsi lazım olan əsas haqlar bunlardır:
1) Allahın haqqı. 2) Peyğəmbərin haqqı. 3) Ana-atanın haqqı. 4) Ailənin haqqı. 5) Qohum-əqrəbanın haqqı. 6) Qonşuların haqqı. 7) Müsəlmanın haqqı.
İndi isə qısa şəkildə bu haqların verilməsi haqqında bəhs edək:
1) Allahın haqqı: Yaxşı insan ola bilməyin yeganə şərti Allaha iman və ibadəttir. Allaha iman etmək Allahın əmr və qadağalarının hamısını qəbul etmək deməkdir. Allahın əmr və qadağalarından birini və ya bir neçəsini qəbul etməyən kimsə iman etmiş sayılmaz. Uca Allahın bütün əmrlərini yerinə yetirmək isə, ibadəttir. İman və ibadət etməyən kimsə Allahın haqqını verməmiş deməkdir. Haqqını ödəməyən kimsə isə heç vaxt yaxşı insan ola bilməz və Allah ona heç bir qiymət verməz.
2) Peyğəmbərin haqqı: Şərəfli və üstün insan ola bilməyin digər şərti Hz. Muhammədi (s.ə.s) Allahın son elçisi olaraq qəbul etməkdir. Allah Rəsuluna (s.ə.s) iman və itaət etmək Allaha iman və itaət etmək deməkdir. Rəsulullaha tabe olub onu sevmək Allahı sevmək deməkdir. Peyğəmbərimizə (s.ə.s) iman və itaət etməyən kimsə onun haqqını ödəməmiş deməkdir.
3) Ana-atanın haqqı: Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur:
“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” de.”[2]
4) Ailənin haqqı: Ər-arvadın bir-birləriylə nəzakətlə davranmaları, bir-birlərinə sevgi və hörmət göstərmələri, bir-birlərinin ehtiyaclarını təmin etmələri və bir-birlərinə İslamın gözəlliklərini öyrətmələri qarşılıqlı haqlardandır.
Peyğəmbərimiz (s.ə.s) övladın ana-ata üzərindəki haqlarını belə bildirmişdir: “Gözəl bir ad qoymaq, gözəl tərbiyə etmək, oxuma və yazma öyrətmək, halal ruziylə bəsləmək, üzgüçülüyü və atıcılığı öyrətmək, vaxtı gəlincə ədəbli (və həyalı bir möminə) xanımla evləndirmək.”[3]
5) Qohum-əqrəbanın haqqı: Allah-Təala qohum-əqrəbalarımızı ziyarət etməyimizi əmr etmiş, onlarla əlaqəni kəsməyin fitnə-fəsad çıxarmaq kimi günah iş olduğunu bizə xəbər vermişdir. Qohum-əqrəba ilə əlaqəni kəsən kimsədə sevgi və şəfqət duyğusu ölmüş deməkdir. Qohum-əqrəbanı sevməyən kimsə digər insanları heç sevməz.
6) Qonşunun haqqı: Ailədən sonra insanın ən yaxın ətrafı onun qonşularıdır. Qonşularla gözəl davranmaq, onların canlarına və mallarına zərər verməmək, onlara yaxşılıq etmək hər kəsin qonşu üzərindəki haqqıdır. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Allaha və axirət gününə iman edən kəs qonuşusunu narahat etməsin.”[4]
7) Müsəlmanın haqqı: Hədisi-şərifdə müsəlmanların bir-birləri üzərindəki qarşılıqlı haqlardan bəziləri belə bildirlmişdir: Salam vermək və almaq, dəvətini qəbul etmək, öyüd vermək, xəstələndiyində şəfa diləmək, asqırıb “əlhamdulilləh” dediyində “yərhəmukəllah - Allah sənə mərhəmət etsin” demək, cənazəsində iştirak etmək.
Elə isə gəlin yuxarıda sizlərə ərz etməyə çalışdığım haqları sahiblərinə verək. Haqq sahiblərinə haqlarını verməyin imanın bir təzahürü olduğunu bilək. Qul haqqıyla Allahın hüzuruna çıxmayaq. Bir-birimizin haqlarına hörmət göstərək.
ŞƏRHLƏR