ÜMMƏT OLMAĞA MANEƏLƏR
Aprel ayı miladi təqvimlə Uca Allahın sevgili Rəsulu Hz. Muhammədin (s.ə.s) anadan olduğu aydır. Aradan on dörd əsr keçməsinə baxmayaraq Onu anlamaq üçün müxtəlif aspektlərdən əsərlər qələmə alınır və anladılır.
Aydın məsələdir ki, Rəsulullahı düzgün tanıyıb qavraya bilməsək, dini məqsədinə uyğun şəkildə yaşaya bilmərik.
Dinin təməli Quran ayələrinə və Rəsulullahın hədislərinə bağlıdır. Bunlardan biri nöqsan və əskik olarsa, dinin doğruluğundan danışmaq əbəsdir. Odur ki, Rəsulullahın hədisləri və sünnəsi dini tamamlayan ünsürlərdir. Ancaq günümüzə nəzər saldıqda üzülərək müşahidə edirik ki, hədislər və sünnələr həyatımızdan kənarlaşdırılıb. Həyat axışımızın sünnəyə/hədisə uyğun olub-olmadığı heç kim tərəfindən soruğulanmır. Halbuki Uca Allah Quranda belə buyurur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa, 59) Yəni Allah və Rəsulu hər məsələdə müraciət yeriniz olsun. Bu yazımızda bizi Allah Rəsulunun sünnəsinə tabe olmaqdan mən edən və yaxud da ona tabe olmağın qarşısındakı maneələrdən bir neçəsinə toxunacağıq. Əgər bu manelər aradan qaldırılarsa, həm dünya həyatımızdan zövq alar, həm də Allahın razılığına nail olaraq axirət həyatımızı qurtararıq. Bu maneələri fərdi və ictimai olaraq iki qrupa bölə bilərik.Fərdi maneələrin başında insanın həva və həvəsinə uyması gəlir. İnsanın nəfsi istək və arzuları ümumiyyətlə dinin ziddinə olanları xoşlayır. Bu mənada insana nəfs və həvasına uyması üçün şeytan köməklik etməkdə və ona vəsvəsələr verməkdədir. UcaAllah həva-həvəsinə uyanın Peyğəmbərə (s.ə.s) qarşı gələnlərdən olduğunu belə ifadə etmişdir: “Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öznəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?!” (Qəsas 50). Deməli, nəfsə uymağın qarşısını almaq üçün Rəsulullahın sünnəsini rəhbər tutmaq labüddür. Həddi aşmaq da sünnəyə tabe olmağın əngəllərindəndir. İslam dini bütün əməllərdə mötədillik əsasını tövsiyə edir. Odur ki, Həzrət Peyğəmbərin (s.ə.s) yolu mötədillik yoludur. Həmçinin ibadət və digər əməllərdə həddi aşmaq digər insanları da qorxuducu amillərdəndir. Libas, yemək kimi zəruri ehtiyaclarda həddindən artıq istifadə israf olduğu kimi, ibadət və digər dini əsaslarda da həddi aşmaq israfdır və haramdır.
Mücərrəd ağıl da sünnənin qarşısındakı manelərdən qəbul edilir. Əlbəttə ki, İslam dini ağla və düşünməyə sövq edir və əhəmiyyət verir. Ancaq ağlın nassın (dini əsasların) önünə keçməsinə xoş baxmır. Çünki dini əsaslar vəhyə əsaslanırkən, ağıl nəfsə əsaslanır. Bu mənada ağlı əsas alanlar hər zaman Quran və Sünnələri yersiz şəkildə tənqidə tabe tutmuşlar. Yeri gəlmişkən onu da ifadə etmək istəyirik ki, əslində ağıl və nass bir-birinə mütabiqdir. Ancaq süni mübahisələr bunları bir-birinə təzadlaşdırmaqdadır.
Ümmət olmağın ictimai əngəllərinin başında əcnəbilərə bənzəmək gəlir. Bir müsəlman İslam mədəniyyətini əsas qəbul etməli, özünü bu mədəniyyətə uyğunlaşdırmalıdır. Bütün dünyanın qibtə ilə baxdığı Peyğəmbərimizin nümunəviliyini göz ardı edərək, əsli bilinməyən qərbliləri və Qərb mədəniyyətini rəhbər və nümunə götürmək hər bir müsəlman üçün düşündürücü olmalıdır. Peyğəmbər (s.ə.s) də: “Kim bir qövmə bənzəyərsə, onlardandır” (Əbu Davud) və “Bizdən başqasına bənzəyən bizdən deyil” (Tirmizi) deyərək nümunə götürüləcək şəxslərin yaxşı seçilməsini tövsiyə etmişdir. Mədəniyyətinin əslini unudanlar mədəniyyətsiz qalar. Milli- mənəvi dəyərlərimizin əsası olan İslam dininə tabe olmağın önündəki ən əsas əngəl məhz bu düşüncə və anlayışdır. Unutmayaq ki, günəş Qərbdən deyil Şərqdən çıxır.
Batil örf-adətlər də bizi dindən uzaqlaşdıran əsaslardandır. Çünki xalq arasında bəzi adət və ənənəyə çevrilmiş xislət və inanclar diniləşmişdir. Bir müsəlman adət vəənənəsinə sahib çıxmalıdır. Ancaq onu da unutmamalıdır ki, dini prinsiplərə əsaslanmayan, buna baxmayaraq dini libasa bürünmüş adətlər iman nöqteyi-nəzərindən fəlakət səbəbidir. Sünnə adət-ənənənin gətirəcəyi fəlakətlərə qarşı ən güclü qalxandır. Sünnəyə görə hayatını tənzimləyən şəxs yersiz adət-ənənəyə sinə gərmiş olar. Çünki sünnə onun həyatının hər anına xitab edir. Hz. Peyğəmbər də bu incəliyə belə diqqət çəkir: “Kim bizim əməlimizə uyğun olmayan əməli edərsə, o şey rədd olunar.” (Müslim)
Firqələşmək də ümmət olmağın maneələrindəndir. Firqələşmək dində qadağan edilən xüsuslardandır. Firqələşmə təhlükəsi firqə mənfəətinə görə düşünmə təhlükəsini doğuran amildir. Firqəsini müdafiə etmək naminə nəfsə görə fətva vermək, sünnəyə uyğun olmayan fikirləri müdafiə etmək düşüncəsi müsəlmanların arasını ayıran xüsusdur. Halbuki Uca Allah bu təhlükəyə düşməmək üçün “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran, 103) Unutmayaq ki, günümüzdə insanlar Quran və Sünnədən istifadə məsələsində hər nə qədər qüsurlu olsalar da, Quran və Sünnə nöqsansız və sağlamdır. Əngəllərə diqqət edilərsə, dinə müvafiq yaşamaq həmişə mümkündür.
ŞƏRHLƏR