“XOCALIYA ƏDALƏT” KAMPANIYASININ 5 İLİ
Bəlli olduğu kimi, Azərbaycan işğal altındakı torpaqların azad olunması üçün daima öz diplomatik fəaliyyətini gücləndirməkdədir.
Çoxları xatırlayır ki, Qarabağ münaqişəsinin ilk illərində Ermənistan təbliğat maşınının apardığı siyasət nəticəsində dünya ictimaiyyətinə böhranla bağlı təhrif olunmuş məlumatlar çatdırılırdı: Dağlıq Qarabağ ermənilərin tarixi əraziləri kimi, ermənilər isə əzilən tərəf kimi təbliğ olunurdu.
1994-cü ilin mayında atəşkəs imzalanandan sonra Azərbaycan hökumətinin apardığı əməli fəaliyyət nəticəsində işğal olunmuş torpaqlarla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində işlər görülməyə başladı. Bu istiqamətdə əldə olunan nailiyyətlər arasında “Xocalıya Ədalət” (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyasının rolunu xüsusilə vurğulamaq lazımdır. Bəlli olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə elan edilmiş kampaniyanın əsas məqsədi 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması və faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə nail olmaqdır.
Pafosa varmadan qeyd etmək istərdim ki, son beş il ərzində kampaniya çərçivəsində mühüm nailiyyətlər əldə edilmişdir. Hər şeydən öncə qısa müddətə baxmayaraq, o qədər də çox olmayan resurslarla Xocalı faciəsi haqqında məlumatların çatdırılması işinə dünyanın başqa ölkələrindən olan siyasi-ictimai və mədəniyyət xadimlərini cəlb etmək mümkün oldu. Kampaniyanın aparılması işində müxtəlif hədəf qruplarının seçilməsi də, fikrimizcə, onun uğurlu olmasını təmin edən vacib amillərdən biri idi. Sözsüz ki, bu istiqamətdə əldə edilən ən böyük və strateji nailiyyət İƏT və ona bağlı qurumlar çərçivəsində Xocalı faciəsinə verilən hüquqi-siyasi qiymət oldu.
2010-cu ilin mayında Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İKT XİNŞ) 37-ci sessiyasının yekun iclasında ilk dəfə olaraq xüsusi bəndlə İKT üzv dövlətlərini və həmçinin İKT-yə bağlı beynəlxalq institutları “Xocalıya Ədalət” kampaniyasının fəaliyyətində aktiv iştiraka və Xocalı faciəsinin həm beynəlxalq, həm də milli səviyyədə “insanlığa qarşı törədilmiş cinayət” kimi tanınmasına çağıran qətnamə qəbul edildi.
Əgər öncəki illərdə İKT XİN səviyyəsində keçirilən sessiyalarda qəbul edilən yekun qərarlarda sadəcə kampaniyanın vacibliyi, eləcə də İKT ölkələrində baş verən faciələrlə bağlı “Anım Gününün” təsis olunması qeyd olunurdusa, Düşənbə sessiyası daxil olmaqla sonra istər İKT Xarici İşlər Nazirləri, istəsə də zirvə görüşləri səviyyəsində keçirilən iclaslarda qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında kampaniyaya dəstək göstərilməsinin vacibliyi qeyd olunmaqla yanaşı, Xocalı faciəsinə “insanlığa qarşı törədilmiş cinayət” və “kütləvi qırğın” kimi qiymət verilmiş, ən əsası, bu cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyi öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, analoji müddəalar 2010-cu ildən başlayaraq İKT Parlament İttifaqının iki ildən bir keçirilən sessiyalarında qəbul edilmiş qətnamələrdə də öz əksini tapır ki, bu, gələcəkdə Xocalı faciəsinə üzv-ölkələrin parlamentlərində müvafiq siyasi-hüquqi qiymətin verilməsinə qismən yol açmış olur.
“Xocalıya ədalət” kampaniyasının digər mühüm cəhətlərindən biri isə İKT-nin digər ölkələrində baş vermiş humanitar faciələrlə bağlı “Anım Gününün” təsis edilməsi oldu. BMT-nin Cenevrədəki qərargahında, Berlində və İstanbulda keçirilən beynəlxalq konfranslarda tək Xocalıda deyil, Bosniya və Herqovina, Fələstin və Əlcəzairdə də baş verən humanitar faicələrlə bağlı çıxışlar oldu.
Kampaniya çərçivəsində əldə edilən digər uğurlardan biri isə 2009-cu ildən etibarən interaktiv şəkildə fəaliyyət göstərən www.justiceforkhojaly.org veb-saytının, daha sonra onun facebook səhifəsinin yaradılması oldu. Saytda faciə ilə bağlı ingilis dilində məlumatlar verilməklə yanaşı, dünya liderlərinə onlayn petisiya (online petition) şəklində müraciət də yerləşdirilmişdir. Artıq dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə insan bu petisiyaya imza ataraq, dünya liderlərini faciəyə hüquqi-siyasi qiymət verilməsi, cinayətkarların cəzalandırılması və ədalətin bərpası üçün səylər göstərməyə çağırmışlar.
Son illər ərzində kampaniyanın dünyada, xüsusilə Qərbdə kütləvililiyinin təmin edilməsi üçün mədəniyyət xadimləri cəlb edilməklə bir sıra işlər görülmüşdür. 2009-cu ildə məşhur amerikalı rep ustası Toni Bləkmənin Azərbaycanın “Dəyirman” qrupu ilə birgə ifası əsasında “Xocalıya ədalət” (Justice for Khojaly) rep mahnısının təqdimatı və qısa zaman ərzində mahnının youtube videoportalında on minlərlə dinləyici tərəfindən izlənilməsi, İndoneziyanın məşhur estrada müğənnisi Mulan Cəmilənin dünya liderlərini faciəyə müvafiq qiymət verməyə çağıran onlayn petisiyanı imzalamasını qeyd etmək yerinə düşərdi.
Bir sözlə, kampaniya xalqımızın faciə ilə bağlı tarixi yaddaşının möhkəmləndirilməsində mühüm rol oynadı. Adətən Qarabağ münaqişəsində azərbaycanlıların məğlub olmasının səbəblərindən biri kimi xalqımızın unutqanlıq kompleksi göstərilir. Son illər Azərbaycanda keçirilən tədbirlər göstərir ki, Xocalı faciəsi heç də yaddaşlardan silinməyib.
Təbii ki, kampaniya çərçivəsində görüləcək çox işlər var. İlk növbədə Xocalı faciəsinə Avropa ölkələrində müvafiq siyasi-hüquqi qiymətin verilməsinə nail olmaq lazımdır. Ən ali məqsəd isə işğal olunmuş torpaqların azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz vətənlərinə qayıtmasıdır. Ümid etmək olar ki, “Xocalıya ədalət” kampaniyasının da bu ali məqsədin həyata keçməsinə töhfəsi olacaq.
ŞƏRHLƏR