HAQQIN DƏYƏRİ

HAQQIN DƏYƏRİ

​     Haqsızlıq bəşəriyyətin ən təhlükəli bəlası olaraq insanlığa qarşı yönəldilmiş ən böyük cinayətlərdən biridir. Bəşəriyyətin yarandığı gündən günümüzə qədər davamlı haqsızlıq dünyanın hər bir yerində bitib tükənmək bilmir. 

​     Çoxlu sayda insanlar haqsızlığın qurbanına çevrilirlər. Daha çox müsəlman dünyasında baş verən hadisələr bunun bariz nümunəsidir. Ona görə hər bir müsəlmanın vəzifəsidir ki, haqsızlığa qarşı daim mübarizə aparsın. Çünki bunu dinimiz bizdən tələb edir. Bunun üçün insan ilk öncə özündən başlamalıdır. Haqq məsələsinə diqqət etməlidir. İnsanlıq haqqını layiqincə verməyi bacarmalıdır.

​     Cəmiyyətdə haqqı taptanan insanlar çox vaxt daxilən pərişan olur, hər şeydən ümidi kəsilir. Bəzən də bu cür insanlar daxilən sağalmaz xəstəliyə düçar olurlar. Amma bu o demək deyil ki, haqsızın qarşısında susasan və haqsızdan haqqını tələb etməyəsən. Əslində bu, bir növ insan üçün acizlikdir. Ona görə ki, insan daim haqqını tələb etməyi bacarmalıdır, haqqını tələb etməkdən çəkinməməlidir. Ona görə də haqsıza haqqı başa salmaq üçün cəhd etmək lazımdır. Bəlkə də ona haqqı başa saldıqca həmin insan haqsızlığını başa düşər və haqqına girdiyi insanla halallaşar. Yox, əgər haqsız haqqı başa düşməzsə, bizim məsuliyyətimiz azalar. 

 Rəsulullah (s.ə.s) öz zamanında haqsızlığa qarşı mübarizə apararaq insanlara haqqı və ədaləti daim qorxmadan, çəkinmədən başa salırdı. Neçə-neçə haqsız insanları haqqa qovuşdururdu. Zülm və işgəncələrə məruz qalanların başına sığal çəkib onların haqqını haqsızdan tələb edirdi. Həmişə qul haqqında danışanda onun mübarək gözləri yaşarardı. O, hədislərində “Həqiqi müsəlman dilindən və əlindən insanların zərər görmədiyi insandır”,- deyə buyuraraq qul haqqına əhəmiyyət verməyin vacibliyini bariz şəkildə dilə gətirmişdir (Buxari, İman, 4-5). Digər bir hədisində isə: “Kimin üzərində din qardaşının namusu və ya malı ilə bağlı bir zülm varsa, qızıl və gümüşün olmayacağı qiyamət günü gəlməzdən əvvəl həmin insanla halallaşsın. Əks halda, saleh əməlləri varsa, etdiyi zülm miqdarında savablarından alınıb (haqq sahiblərinə verilər.) Əgər yaxşılıqları yoxdursa, zülm etdiyi qardaşının günahlarından alınaraq onun üzərinə yüklənər” (Buxari, Məzalim, 10)- deyərək hər vəchlə qul haqqının vacibliyindən bəhs edərdi. O özü də qul haqqından qorxaraq sahabələrindən ayrılanda onlardan halallıq istəyərdi.

​     Allah Rəsulunun (s.ə.s) haqqa bu qədər diqqət etməsi müsəlman üçün örnəkdir. Ona görə də biz müsəlman olaraq atacağımız addıma və danışacağımız sözə diqqət etməliyik. Hardasa, hansısa bir səhv hərəkətimizlə başqalarının haqqına girməkdən qorxmalıyıq. Bilmədiyimizi, görmədiyimizi danışmamalıyıq, şər və böhtandan uzaqlaşmalıyıq, fitnə və fəsadlardan çəkinməliyik. Rəsulullahın (s.ə.s) sünnəsini yaşadaraq ətrafımıza nümunə olmağı bacarmalıyıq. Haqsızlığa qarşı mübarizə üçün bunların hamısı vacib şərtlərdir.

​     Allahın insanlığa verdiyi qiymət təqdirə layiqdir. İnsan vəzifəsindən asılı olmayaraq əməlində diqqətli olmalıdır ki, qul haqqına girməsin. Kimlərisə gözü yaşlı qoyub və yaxud kimisə haqqında sui-zənn edib insanları alçaltmasın. Allahın yanında qul haqqının cəzası çox ağırdı. Bu cəzaya tab gətirmək isə qeyri-mümkündür. Təsəvvürə sığışmayacaq dərəcədə ya müflis həyat tərzi, ya da faciəli bir ölüm və yaxud cəhənnəmin ən dəhşətli əzabı qul haqqına girənləri səbrsizliklə gözləyir. Qurani-Kərimdə yer alan belə bir ayə diqqət çəkicidir:

   “Biz insanı ən gözəl biçimdə yaratdıq!  Sonra da onu qaytarıb rəzillərin rəzili edərik!” (Tin, 4-5)

   Allahın insanlığa verdiyi qiymət yüksək olduğu üçün insan yaradılışın ən şərəfli varlığı sayılır. Yəni insan ağıl sahibi olana qədər fitrət baxımından şərəfli doğulur. Lakin insan ağıl sahibi olandan sonra Allahın ona verdiyi şərəfi qoruyub saxlaması insanın öz əlindədir. Əgər insan öz fitrətindəki dəyərini qoruyub saxlamazsa, həyatını təhlükəyə atmış olur. Bu cür insanların həyat tərzində isə haqqa girmək adiləşir. Ona görə də haqqa girən bu cür insanları Allah Qurani-Kərimdə “Əsfələ safilin” deyərək, yəni heyvandan da aşağı sayır.

   Sözsüz ki, bu dünyanın yaradılış məqsədi sadəcə insanlığa xidmətdir. İnsandan başqa heç bir varlıq sorğu-suala tutulmur. Ona görə də insanın məsuliyyəti daha böyükdür. Hər bir insan bu məsuliyyəti dərk etməyi bacarmalıdır. Bu dünyada ayaq açıb yeriməsi üçün hər şeyin haqqını verərək yaşamalıdır. Gücünün çatdığı qədər kasıbına, yetiminə və s. möhtac sahiblərinə yardım etməlidir. Əgər insan olaraq biz bunu edə biliriksə, bu müsəlman üçün haqsızlığa qarşı mübarizə olan bir silahdır. Ümidsizlik müsəlmana yaraşmayan xüsusiyyətlərdəndir.

    Ümidimizi itirmədən dualarımızla yer üzərindəki insanlığa yönəldilmiş haqsızlığın bitməsi üçün Allahdan yardım istəməliyik. Bəlkə də yer üzündə olan bu haqsızlıq müsəlmanlar üçün bir imtahandır. Onsuz da, gec tez haqsız öz cəzasını layiqincə alacaq. Günahsız körpələrin, taqətsiz qocaların, məzlum insanların haqqına girənlər vaxt gələcək bir gün Allahın hüzurunda cavab verəcəklər. Amma biz yenə də haqsızlığa qarşı mübarizə apararaq ümidimizi qırmadan, itirmədən müsəlman ana və bacılarımızın, yetim və kimsəsizlərin göz yaşını silək. Onlara təsəlli olaq. Vətən və millətimizi daim haqsızlıqdan qorumaq üçün can yandıraq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz