YENIDƏN DIRILIŞ
Bütün insanlar ən azı ildə bir dəfə qiyamət sonrası dirilişi yaşayır. Qış fəsli sanki təbiətin qiyamətidir. Güclü soyuqlar gülü-çiçəyi, otu, yarpağı “öldürməklə” sanki onlar üçün kiçik qiyamət qopardır.
Uzun, nəhəng qollu-budaqlı ağaclar bir toxumun içində gizlənib yoxa çıxır. Qış üstümüzü kəsib soyuqlar hücum edəndə elə bil bir daha yaz gəlməyəcək, təbiət dirilməyəcəkmiş kimi hiss edirik. Ancaq hər il quru torpaqdan yaşıl otları cücərdərək torpağı dirildən Uca Allah bizə qiyamətdən sonrakı dirilişin nümunəsini təkrar-təkrar göstərir.
Ölümdən sonra dirilmə mövzusu hər zaman mübahisələrə səbəb olub. Hətta insanın öldükdən sonra yenidən dirilmə hadisəsini inkar edənlər də az deyildir. Ancaq bu, idrak sahibi bir insan üçün heç bir şübhəyə yer verməyəcək dərəcədə açıq bir həqiqətdir. Çünki bu xəbəri bizə Uca Allah bildirib. Əslində, yenidən dirilməni biz hər il öz gözlərimizlə görürük. Bunun üçün sadəcə bəsirət və təfəkkür gözü ilə baxmaq lazımdır. Bütün təbiətdə, hadisələrdə qiyamətdən sonrakı dirilmənin əyani misalına rast gəlmək mümkündür. Qurani-Kərimin bir çox ayələrində keçən, bizə sirli görünən, “bilinməsi mümkün deyil!” deyilən məsələlər, əslində, hər gün gözümüzün qabağında baş verir, lakin biz onun fərqinə varmırıq. Daha doğrusu, görmək istəmirik. Nə etmək olar ki, bizim pərdəli gözlərimiz bəzən ən yaxınımızda olanı belə görmür. Görmədiyimiz şeyləri inkar etdiyimiz üçün ən sadə hadisələri də görməzliyə vurur, yaxud “boş şeydir” deyib diqqət yetirmirik. Ən mürəkkəb hesab etdiyimiz şeylər, əslində, çox sadə və bəsit həqiqətlərdir.
Qurani-Kərimə görə, adı belə bizi vahiməyə salan “qiyamət” təsəvvür edə bilməyəcəyimiz dərəcədə böyük, ağılları başdan alan dəhşətli hadisədir. Uca Allah qiyamətin o dəhşətli mənzərəsi haqqında belə buyurur:
“Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” - deyəcəkdir. Xeyr, (o gün) heç bir sığınacaq olmayacaq!”(əl-Qiyamə, 10-11)
Bütün ümidlərin tükənəcəyi o gün tək çarəni də yenə Uca Yaradan özü nişan verir:
“O gün duracaq (sığınılacaq) yer ancaq Rəbbinin hüzurudur!” (əl-Qiyamə, 12)
Başqa bir ayədə Uca Allah buyurur:
“Yenə də vay sənin halına, vay! Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?! Məgər o tökülən bir qətrə nütfə deyildimi?! Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı). Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı. Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!” (əl-Qiyamə, 35-40)
Meyvə balaca bir toxumda yerləşdiyi kimi, insan da bir qətrə nütfədə kodlaşır. Barmaq uclarından seçilən insanı təkrarsız və yoxdan yaradan Allah onu yenidən yaratmaqda çətinlik çəkərmi?!
Bəzən biz Allahın möcüzələrini axtarır, onun uzaqlarda əlçatmaz olduğunu sanırıq. Məsələn, desələr ki, dırnaq boyda bir qramlıq toxumun içində on kiloluq qarpız var, gülərlər. Ancaq vaxtı gəlib bir qramlıq toxumdan on kiloluq qarpız çıxanda heç kim heyrət etmir. Halbuki ən böyük möcüzələrdən biri elə budur: toxumdan bitkinin, ağacın çıxması, bir damla nütfədən bu boyda insanın yaranması.
Yatdığımız zaman yuxunun necə görüldüyünü dərk edə bilmirik. Onu açmağa, hökm edib idarə etməyə gücümüz çatmır. İstəsək də, nəfəsimizi ciyərlərimizdə saxlaya, yaxud onsuz yaşaya bilmirik. Həyatımızı davam etdirmək üçün möhtac olduğumuz və qeyri-ixtiyari yaşadığımız bir çox hadisə möcüzə deyilmi?! Eləcə hər gün yuxudan oyanmağımız Allahın bizi yenidən yaradacağına ən bəsit sübut deyilmi?!
İnsanın qiyaməti ölümlə başlayırsa, onun yatması həm də kiçik qiyamətidir. Toxumların torpağın altında gizləndiyi kimi səsimiz, sözümüz, düşüncəmiz, iradəmiz yuxunun sirrində gizlənir. Təkcə nəfəsimiz gedib gəlir, o da bizdən ixtiyarsız. Sübh çağı, dan yeri söküləndə bizdən asılı olmadan səsimiz, sözümüz, iradəmiz, ağlımız özümüzə qayıdır. Yer üzünə aydınlığın qayıdıb yayıldığı kimi bizim də üzərimizə dirilik gəlir. Hər il ölüb gedən çiçəklərin yenidən tumurcuqlanıb həyata qayıtdığı, itib gedən ətrinin yenidən ləçəklərə qonduğu, quruyub qaralmış gövdənin yenidən yaşıllaşdığı kimi, insan da yenidən cücərir, dirilir.
Uca Allah nə gözəl buyurur: “Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətiririk. (Qəbirlərdən dirildilib) çıxmaq da belədir!” (Qaf, 11)
ŞƏRHLƏR