ŞƏXSİYYƏT ATLASI
İnsan təbiətinin yaradılışdakı sirlərini bilmədən insanda olan xəstəliklərin aşkar edilərək islah edilməsi çox çətin bir işdir. Yaradılış sirlərini bilmək üçün iki yol vardır:
Birinci yol: “İnsan” deyilən məxluqu tam mənasıyla araşdıraraq onun bütün xüsusiyyətlərini, zəif və güclü tərəflərini ortaya çıxarmaq lazımdır. Bu yol çətin olduğu kimi, həm də yanlışa qapı aralamağa meyilli bir yoldur. Bu qeyd olunan birinci yolla getmiş və indiyə qədər dəyərli məlumat və biliklər toplamış, sonra da bəşəriyyət tarixinə adını yazdırmış bir çox alim və müdrik insanlar vardır. Onların töhfələri və qoyub getmiş olduğu elm mirası hələ də insanlıq üçün öz əhəmiyyətini qorumaqdadır.
İkinci yol: Bu yol insanı yaradan Böyük Yaradıcının bizi bizə izah etməsidir. Məlum məsələdir ki, bir əşyanı düzəldən usta o əşyanı başqa insanlardan daha yaxşı tanıyır və daha dərin bir biliklə onu qavrayır. Elə bunun kimi, bizi yaradan Böyük Yaradıcının insanlar haqqında peyğəmbərlər vasitəsilə xəbər verdiyi biliklər də daha doğru və məqsədəuyğundur. Sadəcə, burada bir məsələ var ki, onu bəyan etmək lazımdır. Belə ki, Yaradıcının insan haqqında bəxş etmiş olduğu biliklər bəzən üstüörtülü, bəzən də müxtəlif yorumlara açıq ola biləcək tərzdə söylənmişdir. Buna görə də insanın tamamən künhünə enmək və onu hərtərəfli öyrənmək, demək olar ki, mümkün deyildir.
Yuxarıda izah olunmuş iki yolu özündə birləşdirən bir metod var ki, bu metod Yaradıcının insan haqqında bəşəriyyətə çatdırmış olduğu biliklər ilə insanın özü haqqında tarix boyunca tapmış olduğu biliklərin bir növ cəm edilməsi əsasına söykənir. Bu metodologiya və elm ENNEAQRAM olaraq adlanır.
Enneaqram nədir?
Azərbaycan ictimaiyyəti üçün yeni bir sahə olan enneaqram – şəxsiyyət tipini meydana çıxaran, onu səciyyələndirən, sistemli bir tərzdə açıqlayan çox güclü və dinamik bir sistemdir. Təməldə diqqətə çarpan bir şəkildə bir-birindən ayrılan doqquz fərqli “düşünmə”, “hiss etmə” və “hərəkətə keçmə” motivlərindən (qəliblərdən) meydana gəlir. Bu sistemin daxilində sözügedən doqquz qəlibin hər birinin hüdudları aydın və dəqiq bir şəkildə çəkilmiş və müəyyən olunmuşdur. Bu sistem hər bir insanın diqqətini nəyə yönəltdiyini, enerjisini nəyə sərf etdiyini, hansı şeylərin onu yaxşıya və yaxud pisə çəkdiyini təsbit edən və aşkara çıxardan təsnifatlı bir mexanizmdir. Enneaqram sisteminin ardında həyatda qalmaq, ya da həyatımızdan zövq ala bilməyi təmin etmək üçün nəyə ehtiyacımızın olduğunu göstərən fundamental bir düşüncə tərzi vardır. Şəxsiyyətimiz şəkillənərkən mənliyimizi təhdid altında hiss etməyimizə səbəb olan vasitə və səbəbləri bəyan edərək bu doqquz qəlibdən birində yüksəlməyimizə imkan verir.
Əlavə olaraq, digər qəliblərdə olan üstün xüsusiyyətlərə də yiyələnməyimizə işıq tutur. Enneaqramla şəxsiyyət tipimizi kəşf edərkən, bir bütün halında var olan əsl mənliyimizi indiyə qədər bilmədiyimiz istiqamətləriylə də kəşf etmiş olacağıq. Fitrətdən qaynaqlanan və sizi müəyyən bir şəkildə hərəkət etdirən təsirlər və səbəbləri daha yaxşı başa düşəcəksiniz. Enneaqramda şəxsiyyətinizin növü sizə: həyatınızda müsbət dəyişikliklər gətirmək üçün nə edəcəyinizi öyrədir. Bu, özünüzə və başqalarına olan münasibətinizi dəyişdirməyinizə və yaşadığınız halları və vəziyyətləri daha yaxşı başa düşməyinizə kömək edəcəkdir. Bir sözlə, özünüzü tanımaq və başqalarını başa düşmək istəyənlər üçün enneaqram çox ideal bir elmdir.
İnsan şəxsiyyətini tanıma metodologiyası olan enneaqram, insanın özünü hərtərəfli tanıyaraq dərk etməsi və başqa insanları anlaması üçün dünyada qəbul olunan elmlər arasında ilk cərgələrdə yer alır.
Enneaqram insan təbiətinə dair başqa tədqiqatları konseptual bir çərçivə kimi mənalı və gərəkli sayır və öz növbəsində insan adlanan “naməlum varlığı” ələ alaraq incələyir. Enneaqram bir insanın öz tapmacasını həll etmək üçün istifadə edə biləcəyi yol xəritəsini təqdim edir. Enneaqramın izləri şifahi ənənə olaraq günümüzə qədər gəlmişdir, çünki enneaqram haqqında məlumatlar nəsillərdən nəsillərə keçmiş, lakin çox az bir qismi yazı ilə əks olunmuşdur. Əvvəllər enneaqram öyrədilərkən qum üzərində şəkillər çəkilərək anladılmış və arxasınca silinərək izləri itirilmişdir.
Biznes, təhsil, ailə, uşaq təlimi, şəxsi və mənəvi inkişaf kimi bir çox sahədə bu elmin izlərini görə bilərik. Xülasə olaraq, enneaqram insanın olduğu hər sahədə diaqnoz, qismən də müalicə, inkişaf və müsbətə dönüş addımları adına istifadə edilən bir modeldır. Bu model Corctaun Universitetinin Tibb məktəbində və J.F.Kennedy Universitetində həm müəllimlər, həm də tələbələr üçün fərqindəlik yaradılmasında, Loyola Universitetində fərdi inkişaf sahəsində istifadə edilir. Bundan başqa, Kaliforniya Universitetində ünsiyyət bacarıqları, liderlik və tibb sahələrində, Stanford Universitetində şəxsiyyət və liderlik bacarıqları ilə əlaqəli təlimlərdə tədris vəsaiti kimi işlədilir.
ŞƏRHLƏR