OXUMAQ, YOXSA DIPLOM ALMAQ?

OXUMAQ, YOXSA DIPLOM ALMAQ?

Keçmiş tariximizə nəzər saldıqda ata və babalarımızın oxuyan bir nəsil olduğunu görürük. Xalq olaraq da oxumağa meyilli bir xalqıq. Elə ona görədir ki, oxuyan birini görcək: “adam olacaq” deyirik. 

Çünki tarix yaddaşımız bizə oxumağın nələri gətirdiyini xatırlatdığı kimi, həyat təcrübələrimiz də oxumamağın nələri götürdüyünü öyrətmişdir.

Oxumağa və övladlarının oxumasına önəm verən nəsil olaraq yanlış anladığımız və xətaya düşdüyümüz bir məsələ var. Bu istər valideyn olaraq, istərsə də tələbə və şagird olaraq etdiyimiz yanlışdır. Ən böyük xətamız oxumağın diplom almaq olaraq anlaşılmasıdır. Bir çox gəncimiz məktəbi və universiteti bitirdikdən sonra kitab oxumaqdan uzaq qalmaqdadır. Əlinə kitab almayınca və oxumaqdan uzaq qaldıqca özünü yeniləyə bilmir və inkişafdan geri qalır. Oxumayan və kitab mədəniyyəti olmayan bir cəmiyyətdə məntiqsiz və bir-birinə zidd fikirlər ortaya çıxar. İnsanlar bir-biriləri ilə mənasız mövzularda mübahisə edər, gündəmlərini faydasız məsələlər işğal edər. Bir arifin dediyi kimi: “haqq ilə məşğul olmasan, batil səni işğal edər”. Çünki həyat boşluq qəbul etmir. Ya sən onu faydalı şeylərlə dolduracaqsan, ya da faydasız şeylər özü-özünə oraya dolacaqdır.

İnsanın oxumağa ehtiyacı vardır. Kitaba və oxumağa ehtiyac olmasaydı, Allah-Təala kitab göndərməzdi. İlk əmr olaraq da “iqra!”, yəni “oxu!” deyə buyurmazdı. Oxumaq, bilmək və öyrənmək insana o qədər dəyər qazandırır ki, ayələr: “heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?” buyuraraq bilənlərin bilməyənlərə, oxuyanların oxumayanlara, araşdıranların tənbəl oturanlara olan üstünlüyünü bildirir.

Bu gün dünyada oxumaq, araşdırmaq və öyrənmək istiqamətində böyük layihələr həyata keçirilməkdə, təşviqedici və motivasiya qazandıran seminarlar və konfranslar təşkil olunmaqdadır. Hətta daha sürətli oxumaq metodları üzərində texkini və praktiki çalışmalar aparılmaqdadır. Oxumağın deyil, daha tez, sürətli və çox oxumağın yoları araşdırılır. Çünki inkişaf etmiş ölkələr ilə inkişaf etməmiş ölkələrin fərqinin və bunun səbəbinin bir ovuc oxumuş, yetişmiş, araşdırıcı və inkişaf etdirici insan olduğunu görürlər. Bunu bildiklərinə görə daha çox oxuya bilməyin yolları araşdırılır.

Bir yazıda oxumuşdum, qeyd olunurdu ki: “iyirmi yaşlarında ölür, yetmiş yaşlarında dəfn olunuruq; oxumadığınız gün ölmüş olursunuz!” Ölüm sadəcə bioloji olaraq həyata son qoymaq deyildir. Ən pis və təhlükəli ölüm ruhun ölməsi, yəni insanın ruhsuzlaşmasıdır. Kitab insan ruhunu diri tutur. Oxumaq insanı yeniləyir. Oxumadan yenilənmək olmaz. İnsanın qarnı kimi beyni də dolmasa, insani həyat olmaz. Oxumaq olmasa, düşünmək də olmaz. Ona görə də boş vaxt yoxdur, boşa keçirilən vaxt vardır. Kitab oxumaq üçün boş vaxt axtarmağa da ehtiyac yoxdur. Çünki hər vaxt kitab oxumaq üçün uyğun vaxtdır.

Məktəb və universitet illəri oxumaq üçün çox gözəl fürsətdir. Bütün qayğılardan uzaq olduğu üçün tələbə və şagirdi məşğul edən elə də çox şeylər yoxdur. Unudulmamalıdır ki, həyatda dörd şey geri gəlməz: Söylənən söz, atılan ox, keçmiş zaman və əldən buraxılan fürsətlər. Tələbəlik illəri oxumaq üçün geri gəlməsi mümkün olmayan zaman və ələkeçməz fürsətdir.

Diplom üçün oxumaq “niyə” və “nəyə görə” oxumağın hədəfinin azmasıdır. Oxumaq sadəcə quru bir kağız parçası əldə etmək olaraq anlaşılarsa, bu, fəlakət deməkdir. Oxuduğumuza dair bir sənədin olması lazımdır, hətta mütləqdir. Ancaq məqsəd diplom və sertifikat olmamalıdır.

İnsan oğlunun təlim-tərbiyəsi, oxuması, araşdırması və öyrənməsi bir ömür boyu davam edir. Hər insanın hər yaşda öyrənəcəyi şeylər vardır.

Quru bir diplom arxasında onu dəstəkləyəcək elm yoxdursa, onun faydası olmaz. Diplomu əldə etmək üçün oxumaq da fayda verməz. Buraya dərsdə və semestrdə yaxşı qiymət almaq üçün oxumağı da daxil etmək olar.

İnsanlıq üçün, özünü dərk etmək üçün, yaşadığı cəmiyyətin, ölkəsinin, ümumilikdə bütün insanların fayda əldə etməsi üçün öyrənilən elm faydalı elmdir. Elə ona görə də, nə üçün oxuyursunuzsa, o nisbətdə öyrənərsiniz!

Bəs siz oxuyursunuzmu? Oxuyursunuzsa, nə üçün oxuyursunuz? Diplom üçün, yoxsa daha ülvi dəyərlər üçün?..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz