BİR HƏDİS

BİR HƏDİS

عَنْ جَابِرٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: مَثَلِي وَمَثَلُكُمْ كَمَثَلِ رَجُلٍ أَوْقَدَ نَارًا، فَجَعَلَ الْجَنَادِبُ وَالْفَرَاشُ يَقَعْنَ فِيهَا، وَهُوَ يَذُبُّهُنَّ عَنْهَا، وَأَنَا آخِذٌ بِحُجَزِكُمْ عَنِ النَّارِ، وَأَنْتُمْ تَفَلَّتُونَ مِنْ يَدِي

            Cabirdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Mənim və sizin halınız, od qalayıb o oda kəpənəklər və çəyirtkələr düşərkən onlara mane olmağa çalışan kimsənin halı kimidir. Mən sizi atəşdən qorumaq üçün sizin yaxalarınızdan tuturam, siz isə əlimdən yaxanızı qurtarıb oda girmək istəyirsiniz”. (Müslim, Fəzail, 6)

            Son peyğəmbər olaraq göndərilən Həzrət Muhamməd (s.ə.s) insanlara qarşı bir valideynin övladına göstərdiyi şəfqət və mərhəmətdən daha çoxunu göstərmişdir. Onun halını Quranın ifadəsi ilə təsvir edəcək olsaq: "...Sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli və rəhmlidir". (ət-Tövbə, 9/128) Allahın onu bu şəkildə vəsf etməsi onun bu üstün keyfiyyətləri bir həyat düsturu olaraq yaşamasının nəticəsidir. Bu səbəblə də yuxarıda qeyd olunan hədisdə o, bənzətmə yolu ilə, nəfsin həva və həvəslərinə tabe olanları cəhənnəm odundan qurtarmaq üçün böyük səy göstərdiyini ifadə etmişdir.

            Bu bir həqiqətdir ki, hər bir peyğəmbərin əsas vəzifələrindən biri göndərildiyi qövmü yaxşı işlərə yönəldib pis işlərdən çəkindirməkdir. Buna görə də bu yolda, canları bahasına da olsa, öz təbliğ fəaliyyətlərini heç usanmadan davam etdirmişlər. Bunun üçün başlarına min bir əziyyət gəlsə də, bütün bunlara səbirlə dözmüşlər. Lakin qövmünün etdiyi bütün pisliklərə sona qədər dözümlə yanaşıb, yaxşılıqla qarşılıq vermək xüsusiyyətini bütün peyğəmbərlərə aid etmək mümkün deyil. Bu üstün xüsusiyyətin ən bariz örnəyi yalnız Həzrət Muhamməddir. Taifə insanları zülmətdən qurtarıb İslamın nuruna qovuşdurmaq üçün gedən Rəsulullahın, orada başına böyük müsibətlər gəlsə də, dediyi tək söz: "Allahım! Qövmümə hidayət bəxş et! Çünki onlar bilmirlər", - ifadəsi olmuşdur.

            Hədisdə Həzrət Peyğəmbər (s.ə.s) özlərini oda atan pərvanələr kimi, bəzi insanların da cahillikləri və düşüncəsizlikləri səbəbindən belə etdiklərini və buna görə də məhv olduqlarını xəbər verir. Halbuki insan ağıl və idrak sahibidir. İnsanın bu keyfiyyətlərə sahib olmayan heyvanlar kimi hərəkət etməsi doğru deyildir. Buna görə də insanın cəhənnəm odundan qurtulması üçün Allah və Rəsulunun əmr və tövsiyələrinə qulaq asması və həyatını bu əmrlərə uyğun olaraq yaşaması lazımdır. Həzrət Peyğəmbər təbliğ həyatı boyu nəfsinə uyub cəhənnəmə getməyə meyilli olan insanların yaxasından tutaraq onları cəhənnəm əzabından qurtarmağa cəhd etmiş, kafir və müşrik olsalar belə, qövmü üçün bir çox fədakarlıqlar göstərmişdir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz