ÜÇ AYLAR
Uca Rəbbimiz məkanlar içində müqəddəs məkanlar, zamanlar içində də müqəddəs zamanlar yaratmışdır. Zamanlar içində yaratdığı müqəddəs zamanlardan biri də müsəlmanlar tərəfindən “mübarək üç aylar” deyə bilinən mübarək aylarıdır.
Qarşıdan on bir ayın sultanı, rəhmət ayı Ramazani-Şərif gəlməkdədir. Ramazan ayı elə bir aydır ki, əziz Peyğəmbərimiz (s.ə.s) o ayı layiqilə yaşaya bilmək üçün iki ay əvvəlcədən hazırlığa başlayar və bu hazırlıq üçün Rəbbindən dua/niyazla dəstək diləyərdi. Allah Rəsulunun izindən gedən irfan yolunun yolçuları da Ramazan ayına hazırlıq mahiyyətində olan bu mübarək üç ayları ayrı bir həssasiyyətlə yaşayardılar. Muəlla bin Fazl (r.a) bu xüsusda belə qeyd edir: “Sələfi-salehin Haqq-Təalaya altı ay boyunca onları Ramazana qovuşdurması üçün dua edərdilər. Geri qalan altı ayda da qovuşduqları, yaşadıqları Ramazanı qəbul etməsi üçün dua edərdilər”.
Unutmamaq lazımdır ki, ömür nə qədər uzun görünsə də, saylı günlərdən ibarətdir. İslam ömrün hər anını şəkilləndirən bir həyat nizamıdır. Bu səbəbdən bəzən yaşanıb, bəzən laqeydliyi qəbul etməz. Bu mənada “üç aylar” il boyu davam edən bəzi ibadət və xeyir işlərin sayının daha da artdığı, qədir-qiymətinin yüksəldiyi mənəvi bir qazanc mövsümüdür.
Üç aylar haqqında Zünnun-Misri belə deyir: “Rəcəb toxum əkmə ayıdır, Şaban sulama ayı, Ramazan isə biçin ayıdır. Hər kəs nə əksə, onu biçər. Nə etsə, cəzasını çəkər. Hər kim əkinçilik etməzsə, biçin günü əkmədiyinə peşman olar. Qiyamət günündə pis vəziyyətə düşər və dünyadakı zənninin əksinə zühur edər”.
Rəcəb və Şaban ayları rəhmət ayı olan Ramazanı qarşılayan aylar olaraq Ramazan ayının müjdəçisidir. Dinimizdə ayrı bir dəyəri olan üç ayların insanda insani xüsusiyyətlərin yetkinləşməsində və iradənin idarə altına alınmasındakı rolu böyükdür. Çünki Rəcəb və Şaban aylarının feyzindən və bu aylarda olan Rəğaib, Merac və Bərat gecələrinin rəhmətindən istifadə edə bilən bir insan Ramazan ayında hər cür pislikdən özünü qoruyar və insani xüsusiyyətlərinin artmasına səy göstərər. Nəhayət, Qədr gecəsində edəcəyi ibadət və tövbə ilə mənəvi həzzin zirvəsinə çatar.
Peyğəmbərimiz (s.ə.s) də üç aylara qovuşduğu zaman digər günlərə nisbətən ibadətlərini daha da artırar, daha çox oruc tutar və tez-tez belə dua edərdi:
“Allahım! Rəcəb və Şabanı haqqımızda xeyirli və mübarək elə, bizi Ramazana qovuşdur!”
اللَّهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَشَعْبَانَ وَبَلِّغْنَا رَمَضَانَ
Allah Rəsulu (s.ə.s) ümmətini Ramazan gəlmədən əvvəl mənəvi mənada Ramazan ayına hazırlamışdır. Bunun üçün özü Rəcəb və Şaban aylarında tutduğu orucların sayını artıraraq, sədəqə verərək və gecələri qalxıb namaz qılaraq ümmətinə bu ayların necə qiymətləndirilməsi, yaşanması lazım olduğunu şəxsən göstərmişdir.
“Üç aylar” özümüzü hesaba çəkmə ayıdır. Bu aylar ibadətlərlə birlikdə həmçinin özümüzü yoxlama və qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir. Əvvəlcə keçmişimizin hesabatını aparıb gələcəyə hazır olmanın tədbirlərini almalı və öz-özümüzə sual verməliyik:
“Ey Allahı sevirəm deyən insan! Borclu olduğun qulluq vəzifəni edə bilirsənmi?”
“Peyğəmbəri sevirəm deyən müsəlman! Onun sünnəsini, əxlaqını yaşayırsanmı?”
“Kitabım Qurandır dediyin halda əmrlərinə sarılıb qadağalarından çəkinirsənmi?”
“Allahın nemətlərini yediyin halda şükrünü yerinə yetirirsənmi?”
“Şeytanın düşmən olduğunu Quran deyir, sən də bilirsən. İman gücün ilə qarşı gələ bilirsənmi?”
“Cənnət haqdır dediyin, inandığın və onu arzuladığın halda ona layiq nəyin var?”
“Cəhənnəm də haqdır deyirsən -haqlı olaraq- qorxursan. Amma cəhənnəmə aparacaq pis işlərdən uzaq dayana bilirsənmi?”
“Ölümün haqq olduğunda da şübhə yoxdur. Bu an ölümə hazırsanmı?”
“Öz xətalarını/günahlarını düzəldib tövbə etmək var ikən, onun-bunun ayıbıyla niyə məşğul olursan?”
“Keçən ilin bu mübarək günlərində birlikdə olduğun halda, hal-hazırda görə bilmədiyin yoldaşın, dostun, qohum və tanışlarını düşünüb özünə nizam-intizam verə bilirsənmi?”
“Daim özün üçün çalışıb durdun. Bu günə qədər İslamın yaşanmasına faydan olacaq bir xidmətin varmı? Neçə nəfəri müsəlman etdin? Neçə yetimin başını sığalladın, qarnını doyurdun, üstünü geydirdin? Səndən sonra insanlığa xidmət edəcək, malından, elmindən, nəslindən və nümunə əxlaqından bir miras qoya bildinmi?”
Bəli, bütün bu sualları özümüzə ünvanlayıb vəziyyətimizi qiymətləndirmək, bu mübarək günlərin, gecələrin və ayların şüuruna çatmaq deməkdir. Bu aylar tez-tez günah ləkəsiylə kirlənən dodaqlarımızı duaya, könüllərimizi uca dərgaha yönəltmək üçün verilmiş olan böyük bir fürsət, insanların həyat dəftərinə xeyirlərin yazılmasına, səhvlərin bağışlanmasına, savabların artmasına vəsilə təşkil edən dəyərli bir nemətdir. Qədrini bilmək və dəyərləndirmək duası ilə...
ŞƏRHLƏR