HEÇLİK QAPISI
Uca Allah Qurani-Kərimdə belə buyurur: “And olsun axşam çağına ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələr başqa (belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır)”. (əl-Əsr, 1-3)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun. İnsan övladının Haqqı tanıma və sonsuz qüdrətinə təslim olma sevdası yalnız tərəqqi rəhbəri və istiqaməti düz seçildikdə onu arzu etdiyi hədəfə yaxınlaşdıra bilər. İlahi qüdrətin önündə heçlik qapısına uğramayan könüllərin tərəqqi sevdasının isə quru bir aldanış olacağı şübhəsizdir. Rəbbinə saleh bir qul olma yolunda heyrətamiz bir həyat məktəbi keçən Mövlana həzrətləri bu barədə belə buyurur: “Ey könül! Sənə bu mübarək yolu sözlə, dedi-qodu ilə verməzlər. Yoxluq qapısından keçmədən Haqqa qovuşmanın üzünü göstərməzlər. O mübarək məqamın pərvanələrinin uçduğu havada qanad çalmadıqca sənə heç bir zaman qol-qanad verməzlər”.
Rəvayət edildiyinə görə, bir gün Hz. Mövlana Şəmsi Təbrizini evinə dəvət edir. Şəms Mövlananın evinə gedir və ev sahibinin hazırlığını gördükdən sonra soruşur:
– Mənim üçün şərab hazırladınmı?
Cəlaləddin Rumi heyrət içində soruşur:
– Məgər sən şərab içirsən?
Şəms cavab verir:
– Bəli.
Mövlana:
– Bunu bilmirdim.
– Madam ki öyrəndin, mənə şərab təqdim elə.
– Gecənin bu vaxtında şərabı hardan ala bilərəm axı?
– Qulluqçularından birinə de, gedib alsın.
– Bu iş üzündən Rəbbimin qarşısında şərəf və ləyaqətim qara qəpiyə dəyməz.
– O zaman get, özün al.
– Bu şəhərdə hamı məni tanıyır. Hansı məhəllədən gedib şərab ala bilərəm ki?
– Əgər mənə hörmətin varsa, bunu etməlisən. Mən gecələr şərabsız yemək yeyə bilmirəm.
Düşmüş olduğu həyat imtahanının ağırlığını idrak edən Mövlana həzrətləri Şəmsə olan müstəsna sayğısının təsiri ilə cübbəsini geyinir və qoltuğunun altına bir şüşə qoyaraq qonşu məhəlləyə yola düşür. Şəhərdə hamının diqqət mərkəzində olan Mövlananın qonşu məhəllənin şərab dükanına girdiyini və oradan şərab alaraq çıxdığını görən şəhər əhli onu heyrətlə izləməyə başlayır. Bir az sonra camaata imam olaraq namaz qıldırdığı məscidin önünə yaxınlaşan Mövlananı baş verənlərdən hiddətlənmiş müsəlman qrup əhatəyə alır. İçlərindən Hz. Mövlanaya müxalif biri:
– Ey millət! Hər gün arxasında durub namaz qıldığınız Şeyx Cəlaləddin qonşu məhəlləyə gedib şərab aldı, - deyərək Mövlananın cübbəsini çəkib yerə atır. Bu anda millətin də gözü şüşədədir. Adam davam edir:
– Mömin olduğunu iddia edən, sizin inandığınız bu münafiq indi şərab alıb və onu evinə aparır.
Camaatın hiddətini özünə alət edən həmin adam Hz. Mövlananın üzünə tüpürür və başına elə bir yumruq endirir ki, Cəlaləddin Ruminin sarığı açılıb boynuna dolanır. Xalq bu səhnəni gördükdə, yəni təhqirlər qarşısında Mövlananın səssiz duruşunu seyr etdikdə Cəlaləddin Ruminin saxta təqva libası altında illərlə onları aldatdığını düşünür. Bir anda gözü dönmüş insanlar Hz. Mövlanaya hücum edərək onu öldürməyə niyyətlənir. Xalqın qınaq yerinə bir anda ildırım kimi şığıyan Şəms həzrətləri gözü dönmüş qələbəliyə səslənir:
– Ey həyasız insanlar, dini bütün olan bir insanı şərab içmə töhməti altında buraxmaqdan utanmırsınız? Gördüyünüz bu şüşənin içində sirkə var. Hər gün yeməyində istifadə etdiyi sirkə!
Mövlananın müxalifi həmin an qışqırmağa başlayır:
– Bu, sirkə deyil, şərabdır!
Şəms həzrətləri şüşənin ağzını açır və Mövlananın rəqibi də daxil, oradakı hər kəsin ovcuna şüşədəki mayedən bir miqdar tökür. Mayenin şərab deyil, sirkə olduğunu görən müxalifi əllərini başına çırparaq Hz. Mövlananın ayaqlarına qapanır, camaat da üzrxahlıqla onun əllərindən öpərək dağılışır. Cəlaləddin Rumi həzrətləri ustadından soruşur:
– Məni niyə belə bir faciənin içinə sürükləyərək rəzil-rüsvay olmağıma səbəbkar oldun?
Şəms həzrətləri cavabında bunları söyləyir:
– Ömrün boyu qürurlandığın şeylərin, əslində, bir boşluqdan ibarət olduğunu anlaman üçün. Sən indiyə kimi əhatəndəki insanların hörmətini özün üçün əbədi bir qurtuluş sərmayəsi bilirdin. Amma gördün ki, bir şüşə şərab aldatmacası ilə hamısı yox olub getdi. Sənin üzünə tüpürdülər, başına vurdular və hətta həyatına qəsd etmək istədilər. Öyündüyün sərmayən yalnız bu qədər idi və onun da bir anda necə yox olduğunu gözlərinlə gördün. O halda elə bir şeyə malik ol ki, zamanın keçməsi və hadisələrin dəyişməsi ilə o yox olmasın. Dünya da bir heçdir, əhli də. Sən heçlə heçin birləşməsindən bir şey hasil olduğunu gördünmü? Səni ölümündən sonra əbədiyyət aləminin sönməyən günəşi edəcək nemət bütün fani sifətlərdən soyunaraq heçlik qapısının astanasında Haqqa duyacağın, yaşayacağın və uğrunda canını verəcəyin İlahi Eşq və Məhəbbətdir. Onlardan başqa axtardıqların isə, gördüyün kimi, sadəcə bir sərabdır.
ŞƏRHLƏR