RAMAZANA DOĞRU
Rəbbimiz bəndələrinin əbədi səadəti üçün həyat təqvimində ilahi rəhmət, əfv və məğfirətin tüğyan etdiyi bir sıra mənəvi qazanc mövsümləri təyin etmişdir.
Bu mövsümlərin ən bərəkətlisi, heç şübhəsiz ki, “üç aylar” olaraq bilinən, içində Rəğaib, Merac, Bərat və Qədr gecələrinin də yer aldığı Rəcəb, Şaban və Ramazan aylarıdır. Xüsusən də hidayət rəhbərimiz Qurani-Kərim bu mübarək mövsümdə endirilmişdir.
Allah-Təala buyurur:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar...” (əl-Bəqərə, 185)
Ayədə Quranın Ramazanda endirildiyi və onun haqq ilə batili, xeyir ilə şəri, yaxşı ilə pisi bir-birindən ayırd edəcək hikmət və həqiqət nurları ilə dolu bir kitab olduğu bildirildikdən sonra bu mübarək aya qovuşanların Quran tərbiyəsi altında oruc tutmaqla mükəlləf olduqları bəyan edilir. Bu baxımdan Quran ilə Ramazan arasındakı dərin yaxınlıq və xüsusi əlaqənin çox yaxşı dərk edilməsi lazımdır.
Abdullah bin Abbas (r.anhüma) belə anladır:
“Rəsulullah (s.ə.s) insanların ən səxavətlisi idi. Onun ən səxavətli olduğu zamanlar da Ramazanda Cəbrayıl (ə.s) ilə görüşdüyü vaxtlar olurdu. Cəbrayıl (ə.s) vəhy gətirmək vəzifəsindən başqa, Ramazan ayının hər gecəsində Peyğəmbər (s.ə.s) ilə görüşür, bir yerdə Quran oxuyurdular. Buna görə Rəsulullah (s.ə.s) Cəbrayılla görüşəndə heç bir maneə tanımadan əsən rəhmət küləklərindən daha səxavətli davranırdı”. (Buxari, Bədul-Vəhy, 5-6, Savm, 7; Müslim, Fəzail, 48, 50)
Bu həqiqətin bizə təlqin etdiyi mənəvi təlimatı yaxşı dərk etmək lazımdır. Buna görə də Ramazani-Şərifin və ona hazırlıq mərhələsi sayılan Rəcəb və Şaban aylarının feyz və bərəkətindən layiqi ilə istifadə etmək üçün artırdığımız xeyir iş və ibadətlərlə yanaşı, xüsusən bu aylarda Qurani-Kərim ilə daha çox məşğul olmalıyıq. Quranın məna iqliminə girərək tələbinə görə əməl etməyə, davranışlarımızı bu ilahi təlimatlar qarşısında yoxlayaraq əskiklərimizi düzəltməyə çalışmalıyıq. Çünki fərdin və toplumun rahatlığı Quranın ruhani həyatına girməklə meydana çıxır.
Hz. Aişə (r.anhə) anladır:
“Rəsulullah (s.ə.s) Ramazan ayında ibadət məsələsinə digər aylarda olduğundan daha çox fikir verərdi. Ramazanın son on günündə isə özünü daha çox ibadətə həsr edərdi. Bu günlərdə gecələri ehya edər, ailəsini oyandırar və izarını bağlayardı (Yəni ibadət üçün hazırlıqlarını tamamlayar və böyük bir əzmlə Haqqa yönələrdi)”. (Buxari, Fadilul-Leylətil Qədir, 5; Müslim, Etikaf, 8)
Ramazani-şərifi layiqi ilə ehya edənlər saysız nemətlərə nail olurlar. Onu duymayanlar isə dəhşətli bir məhrumiyyətə düçar olurlar. Hədisdə Peyğəmbər (s.ə.s) belə buyurur:
“Cəbrayıl (ə.s) mənə göründü və: “Ramazana yetişdiyi halda günahları əfv edilməyən kimsə rəhmətdən uzaq olsun!..” - dedi. Mən də “amin” dedim...” (Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545)
Ramazan orucu halalların da bir riyazət içində istifadəsinin təlimidir. Bu vəziyyət bizə haram və şübhəlilərdən nə qədər böyük bir həssaslıqla çəkinməyimizin zəruriliyini təlqin edir.
Abdullah bin Ömər (r.a) belə buyurur:
“Namaz qılmaqdan zəifləyib yay kimi olsanız, oruc tutmaqdan da əriyib bir dəri-bir sümük qalsanız da, haram və şübhəlilərdən qaçmadıqca Allah o ibadətləri qəbul etməz”.
Üç ayları layiqi ilə idrak və ehya edə bilmək tövhidin həqiqətində dərinləşərək yalnız “Haqqa qulluq” şüurunu yaşamağa bağlıdır. Bunun üçün də mənəvi bir lütf mövsümü olan bu aylarda xüsusən ruhaniyyətimizin səviyyəsini yüksəltməyə çalışmalıyıq.
Bu məsələdə yeganə keçərli vasitə isə “ixlas”dır. İbadətlərin kamalını artıran qəlb təmizliyi, niyyət saflığı və səmimiyyətdir. Haqq rizasından əlavə başqa qayələrin də qarışdığı, ortaq edildiyi ibadətlərdən bir xeyir ummaq olmaz. Hədisdə belə deyilir:
“Nə qədər oruc tutanlar var ki, orucundan ona aclıqdan başqa bir şey qalmaz. Gecələr nə qədər namaz (təravih və təhəccüd) qılanlar var ki, namazlarından onlara qalan yalnız yuxusuzluqdur”. (İbn Macə, Siyam, 21)
Böyük bir qazanc mövsümü olan Ramazanda edilən ibadətlər də bu aya məxsus bir alışqanlıq və vərdiş kimi deyil, Allah-Təalaya səmimi bir qulluq şüuru ilə ifa edilməlidir.
Əks halda ibadətlərin ruhaniyyəti yox olar, tutulan oruclar bir pəhriz, sürətlə qılınan təravihlər isə bir həzm vasitəsi olmaqdan başqa bir şey olmaz.
Halbuki bu feyzli gün və gecələrdə ibdətləri daha böyük bir həssaslıqla icra etmək lazımdır. Namazları Rəbbimizlə müstəsna bir görüş vəsfi ilə qılmalıyıq. Çünki həqiqi mənada qılınan bir namaz insanın nöqsan, acizlik və heçliyini etiraf ilə bərabər maddi-mənəvi bütün ehtiyaclarını Allah-Təalaya ərz etməsidir.
ŞƏRHLƏR