QƏDƏR VƏ QƏZA

QƏDƏR VƏ QƏZA

Qəza və qədərə iman insanın əqidəsi baxımından böyük əhəmiyyət daşıyır. Hər şeydən əvvəl insanın iradəsinin olub-olmadığı məsələsini izah etmək zərurəti ortaya çıxır.

İradə - istək, arzu, meyl, qəsd, sevgi və s. mənalara gəlir. Bir sifət olaraq qəbul edilir. Hər hansı bir işin meydana gəlməsində iradə sifəti ilk və ən əhəmiyyətli rol oynayır. İradə və istək olmazsa, hər hansı bir iş meydana gəlməz. İradəni anlamaq üçün iki məsələni ayırd etmək lazımdır:

- İnsan iradəsini də əhatə edən ilahi iradə.

- İnsanın öz iradəsi.

İnsan iradəsini də əhatə edən ilahi iradə: Allahın iradəsinin olduğu və bu iradənin hər şeyi əhatə etdiyi məlumdur. Allah mütləq iradə sahibidir. Bu ilahi iradənin varlığına ağıl və nəql (ayə və hədislər) şahidlik edir. Aləmdə heç bir şey Allahın mütləq iradəsinin xaricində deyil. İlahi iradənin hər şeydə hökmran və söz sahibi olması baxımından Allahın iradə və təqdirinə “külli iradə” deyilir. Bu baxımdan ilahi iradə insanın iradəsini də əhatə edir.

İnsanın da iradəsi vardır; bəzən istəkli, bəzən istəksiz olur. Bunlar onun iradəsinin varlığının dəlilidir. İnsanın bu tərzdə aydın olan iradəsi Allahın uca, mütləq, tərifi qeyri-mümkün iradəsinin yanında kiçik bir iradədir. Bu baxımdan insanın bu iradəsinə  “cüzi iradə” deyilir.

İnsanın iradəsi: İnsanın iradəsinin olduğu qətidir. Bu iradə insan təkbaşına ələ alındığında müstəqil, azad və bütövdür. İnsanda ortaya çıxan hərəkətlər iki cürdür:

1- İxtiyari hərəkətlər: Etmək və etməmək qulun əlindədir. Qul cüzi iradəsi ilə bunu istər, Allah (c.c) da yaradar. Ona görə qul ixtiyari hərəkətlərdən (öz etdiyi işlərdən) məsul olar. Oxumaq, dərsə hazırlaşmaq, namaz qılmaq, içki içmək və s. İnsan özündə olan və bir bütün olaraq qəbul edilən iradəsini istifadə edərək bu hərəkətləri edər və bunları özü üçün iradi hərəkət halına gətirər. Sözgəlişi insanın qarşısında “məscidə getmək və ya getməmək” şəklində iki seçim olsa, insanın bunlardan birini seçməsi istənsə, bu təqdirdə insanda həm külli iradənin, həm də cüzi iradənin varlığı görülər. İnsan məscidə gedib getməmək nöqtəsində külli, ikisindən birini seçdikdə isə cüzi iradədən istifadə etmiş olar.

Gerçəkdə insanın həyatı davamlı bir seçimlər zənciri şəklində davam edib getməkdədir. İnsan özündə olan iradeyi-cüziyyəsi ilə Allahın əmrlərinə uyğun və ya tərs seçimlər edər. Allah da qulun seçiminə uyğun olaraq o hərəkətləri etmə qüdrəti xəlq edər. O hərəkətləri istəyən və edən qul öz hərəkətlərindən məsul olar. Bu hərəkətlərində özü seçim etdiyindən hərəkətə məcbur deyil. Beləcə, seçimlər həyat boyu qulun əməllərini meydana gətirər.

Peyğəmbərimiz (s.ə.s) bir gün yatsı namazından sonra sonra Hz. Əlinin yanına gəldi. Hz. Əli (r.a) yatmağa hazırlaşırdı. Peyğəmbərimiz (s.ə.s) soruşdu:

-Gecə təhəccüd namazı qılırsanmı?

Hz. Əli (r.a) belə cavab verdi:

-Ey Allahın Elçisi! Həyatımız Allahın əlindədir. Diləsə verər, diləsə təslim alar (bizi oyandırmaq istəsə oyandırar).

Peyğəmbərimiz (s.ə.s) mübarək əlini dizinə vuraraq:

-İnsan nə qədər mücadiləçi olurmuş! - deyərək bu cavabdan məmnun olmadı və otaqdan çıxdı”. (Buxari, Təhəccüd 5; Müslim, Müsafirin 28;)

2- Qeyri-ixtiyari hərəkətlər: İnsanların öz iradəsi və istəyi olmadan sırf Allahın yaratması ilə olan hərəkətlərdir. Məsələn, insanın boyunun qısa və ya uzun olması, gözünün çəp olması, lal və ya kar olması, acması, xəstələnməsi, unutması və s. kimi hallar buna aiddir. Bunlara görə insan məsul deyil.

- Allah, imtahana tabe tutduğu hər insana imtahanı qazana biləcək qədər təchizat vermişdir. Bu təchizata sahib olmayan, məsələn, uşaq və ağıl qüsuru olan insanları məsul tutmamışdır.

Hər insana verilən iradə gücü, imtahanı qazana biləcək qüvvətə sahibdir. Əks halda onsuz da ədalətli bir imtahandan söz edilə bilməz. Ancaq Allah, insana verdiyi azad iradəsini əlindən alacaq şəkildə, hər kəsi doğruları etməyə məcbur etməz. Bu halda insanlar bir kukladan ibarət olardı.

Dünya imtahanında çalışanlar qazanar, tənbəllər məğlub olar. Din imtahanı da belədir. Əgər Allah hər kəsi imtahandan keçirmək üçün onları məhdud və məcburi bir iradəyə tabe tutsaydı, bu təqdirdə imtahan öz ciddiliyini itirib bir oyun və əyləncədən ibarət olacaq, həmçinin çalışqanlarla tənbəlləri, ağlını istifadə edənlərlə nəfsini  istifadə edənləri, ülvi duyğuları qane etməyə çalışanlarla süfli duyğularını qane etməyə çalışanları, xülasə, fəzilətli insanlarla rəzil insanları eyni tərəzinin gözünə qoymuş olacaqdı.

“Məgər mömin kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!”  (əs-Səcdə, 18)

    Halbuki imtahanın varlığı bu iki sinif insanı ayırd etmək üçündür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz