Selçuk TÜRKYILMAZ – BİZ EYNİ QƏDƏRİ PAYLAŞIRIQ!

Selçuk TÜRKYILMAZ – BİZ EYNİ QƏDƏRİ PAYLAŞIRIQ!

MÜSAHİBƏ:

İrfan: Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Ustada sayğı gecəsi” adlı tədbir münasibətilə Azərbaycana gəlmisiniz. Əvvəla xoş gəldiniz deyirik. Sizin üçün “Bəxtiyar Vahabzadə” nə ifadə edir? Ortaq tariximizdəki digər şairlərdən nə ilə seçilir?

Selçuk Türkyılmaz: Türkiyə ilə Azərbaycan arasında tarixən ədəbiyyat sahəsində güclü əlaqələr olub. Məsələn, “Çırpınırdı Qara dəniz”in yazarı Əhməd Cavadı şəxsən bir çoxumuz tanımasaq da, bu şeiri Türkiyədə bilməyən yoxdur. Amma Bəxtiyar Vahabzadə xüsusilə Sovet dövründən etibarən tanınan şairdir. 1970-ci illərdə XX əsrin gətirdiyi fikri cərəyanların nəticəsi olaraq şair və yazarlarımız tariximizə və mədəniyyətimizə arxa çevirmişdi. Ziyalılarımızın başı sağ-sol kimi qütbləşmələrə qarışdığından güclü şair olmalarına rəğmən mədəniyyətimizə və tariximizə biganə qalmışdılar. Məhz belə bir dövrdə Bəxtiyar Vahabzadə Sovet İttifaqı ilə bağlı fikirlərimizin, ümumi qənaətimizin əksinə olaraq tariximizə, ədəbiyyatımıza və mədəni irsimizə sahib çıxan bir şəxs kimi Türkiyədə də ciddi mənada tanınmağa başladı. Qeyd edim ki, bizim Azərbaycanla həmrəyliyimiz ən qədim zamanlardan bəri davam edir. Məsələn, Çar Rusiyası dövründə çarlıq hakimiyyəti altında yaşayan türklərə xitab edən “Tərcüman” qəzeti eyni zamanda Azərbaycanda da oxunurdu, İstanbulda da. İsmayıl Qaspıralını hər kəs tanıyırdı. “Tərcüman” və 1903-1905-ci illərdə Məhəmməd Ağa Şahtaxtlı tərəfindən nəşr olunan “Şərqi-Rus” qəzeti Osmanlı coğrafiyası ilə Qafqaz arasında ədəbi münasibətləri formalaşdırırdı. Türkiyə ilə Azərbaycan arasındakı ədəbi və fikri münasibətlərin ən güclü olduğu dövr ikinci məşrutiyyət illəridir. Rusiyada yaşanan çevriliş nəticəsində bölgədə baş verən qarışıqlıqdan istifadə edən Qafqaz türkləri (o dövrdə Azərbaycan türkü deyilmirdi) nəşriyyat fəaliyyətlərini artırdılar. Yeni bir ziyalı sinif formalaşmağa başladı. Lakin Çar Rusiyası yenidən gücləndikdən sonra buradakı ziyalılar İstanbula mühacirət etmək məcburiyyətində qaldılar. Bunun nəticəsində də Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Məmməd Əmin Rəsulzadə kimi öndərlər hər iki coğrafiyada tanındı.

XX əsrdə Bəxtiyar Vahabzadə yaxından tanıdığımız bir şairdir. Amma qeyd etmək lazımdır ki, bizim qarşılıqlı fikir mübadiləmizin, həmrəyliyimizin, ədəbi sahədəki müştərəkliyimizin kökləri daha dərindir.

- Azərbaycan-Türkiyə arasında fikir alış-verişi ilə yanaşı milli birlik, mənəvi bağlar da müşahidə olunur. Qafqaz İslam Ordusu bunun ən böyük örnəklərindəndir. Yaxud Çanaqqala cəbhəsində Azərbaycan türklərinin candan keçməsini nümunə göstərmək olar. Bu qardaşlığın təməlində nə var sizcə?

- Qafqaz türkləri heç vaxt Osmanlının diqqətindən kənarda qalmayıb. Daim aramızda qarşılıqlı sevgi münasibətləri olub. Qafqaz coğrafiyası ilə Anadolunun həm milli, həm də dini bağları var. Bu bağlar ta qədimdən bəri var olmuşdur. Eyni zamanda unutmamaq lazımdır ki, Osmanlının bir parçası da Qafqaz ərazisidir. Məsələn, Gürcüstanın mühüm bir hissəsi Osmanlıya aid idi. Dolayısı ilə Osmanlı ilə buradakı türklər daima qarşılıqlı olaraq müsbət münasibət qurmuşlar. Əvvəllər bir o qədər də fərqinə varılmayan bəzi şeylər zamanla fərq edilə bilir. Məsələn, daha əvvəllər Rusiya yoxdu, amma Rusiyanın varlığı hamımız üçün təhlükəyə çevrildi. Belə ki, 1804-cü ildə Rusiya Gəncəni ələ keçirir, bundan sonra Azərbaycan üzərində mütləq hakimiyyət təsis edir. Eyni zamanda Qafqaz üzərindən Osmanlıya hücuma keçir. Qars, Ərdəhan, Ərzurum kimi şəhərlərimiz və Şimali Qafqazda yaşayan müsəlman əhali bundan mənfi mənada təsirlənir. Yəni bizim qədərimiz eynidir.

Bu gün Qafqaz İslam Ordusundan bəhs edirik, amma unutduğumuz bir nüans var. Təşkilati-Məxsusanın fəqərə sütunu qafqazlılardan ibarət idi. Bizi bir-birimizə bağlayan, birləşdirən saysız bağlar var. Təşkilati-Məxsusanın məşhur Kuşçubaşı Əşrəf bəyi Qafqazdandır. Bildiyim qədər İttihad və Tərəqqinin quruluşunda (1889) Əli bəy Hüseynzadə var. Birinci Dünya Müharibəsində Qafqaz İslam Ordusunun buralara gəlməsində ən böyük təsirlərdən biri Qafqaz torpaqlarının tamamilə rusların əlinə keçməsi idi. Artıq rusların önünü kəsəcək bir güc yox idi. Osmanlı hər tərəfdə mövqelərini itirir, türklər və müsəlmanlar durmadan qan itirirdi. Məhz belə bir dövrdə 1917-ci il inqilabı Rusiyanı pərişan edir. Bu qarışıqlığı fürsət bilən müsəlmanlar və türklər vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

 1918-ci ildə Azərbaycan türkləri Ənvər Paşaya ermənilərin böyük bir qətliama hazırlaşdığını xəbər edirlər. Ermənilər həm Şərqi Anadoluda, həm də Azərbaycanda təhlükə sayılırdılar. Yaşadığımız coğrafiyanı bütün olaraq düşünsək, eyni qədərin bir parçası olduğumuzu görərik. Ənvər Paşa bunu yaxşı bildiyi üçün Qafqaz İslam Ordusunu bir an əvvəl qurub hərəkətə keçmək istəyir. Azərbaycanı erməni quldur dəstələrindən xilas etmək, Bakını azad etmək üçün Qafqaz İslam Ordusu yüzlərlə kilometrlik yolu at belində gəlir. Bu hadisə böyük əhəmiyyət kəsb edir.

O tarixdən bu günə baxaq bir az. Ogünkü münasibətlər ilə bugünkü münasibətləri, 1990-cı ildən sonrakı Azərbaycan ilə Türkiyə yaxınlığını necə dəyərləndirərdiniz?

- Müqayisə etsək, 70-80-ci illərə baxanda Azərbaycan və Türkiyə münasibətlərinin son dərəcə fərdi müstəvidə, dar çərçivədə irəlilədiyini görərik. Mərhum Turqut Özaldan etibarən bütün türk dünyasından Türkiyəyə tələbə gətirmə layihəsi həyata keçirildi. Səhv etmirəmsə 90-cı illərin əvvəlində Türkiyədə on minə yaxın tələbə vardı. Bütün Türk dünyasından gələn tələbələr arasında Azərbaycan türkləri önəmli pay sahibi idi. Sonra beynəlxalq arenada siyasi dəyişim nəticəsində bəzi durğunluqlar yaşandı. Təəssüflə deyim ki, bu dövrdə qlobal güclər Fəthullahçı terror təşkilatının əli ilə Türkiyə-Azərbaycan münasibətlərini və bütün Türk dünyası ilə əlaqələri fərqli məcralara daşıdı. Böyük zaman itkisi yaşandı. Bu zaman zərfində əlaqələrimiz zədələndi. Düşünün ki, 90-cı illərin başındakı on min tələbənin bugünkü əks-sədası necə olardı? Aradan illər keçdi, Türkiyədə çevrilişə cəhd yaşandı. Bu kimi mənfi siyasi hadisələr yaşandı. Əlbəttə ki, bütün bunlar yolumuza çıxan əngəllərdir. Bütün bunları bir kənara qoysaq, bu gün Türkiyə və Azərbaycanın səyləri ilə Bakı-Tbilisi layihəsi, dəmiryolu, Dəmir İpəkyolu layihələri həyata keçirilir. Neft və qaz kəmərləri üzərindən inkişaf etdirilən iqtisadi münasibətlərimiz get-gedə güclənir. İqtisadi münasibətlər aramızdakı bağları bir az da gücləndirməyə xidmət edir. Bu gün Türkiyədəki Azərbaycan təşkilatlarının və buradakı Türkiyə təşkilatlarının göstərdiyi fəaliyyətlər işıqlı gələcəkdən xəbər verir. 

Lakin burada bir məsələni də diqqətə almalıyıq. Biz bu düşüncələrimizi hansı təməl və məfkurə üzərinə bina edəcəyik? Zənnimcə bu xüsusda hələ dəqiq bir istiqamət təyin etməmişik. Ümid edirəm ki, zaman içərisində bu xüsusda da yaxşı nəticələr əldə olunacaq. Əlbəttə ki, keçmişdə yaşanan gözəl hadisələrin xatirəsi hələ də canlılığını itirməyib və bunun müsbət təsirləri olacaq. Əgər hələ də Azərbaycanda və Anadoluda Qafqaz İslam Ordusunun xatirəsi hörmətlə yad edilirsə, deməli, güclü mənəvi bağlarımız var. Münasibətlərimiz məhz bu güclü təməllər üzərində daha da inkişaf etməlidir.

Son olaraq “İrfan” oxucusuna nə kimi ürək sözü söyləmək istərdiniz?

- Bəlkə də müəllim olmamdan qaynaqlanan bir hisslə gənclərə demək istədiyim bir söz var: gərək insanın içindəki həyəcan sönməsin. Həyəcanın sönməməsi üçün gərək atəş içəridə olsun. Bu atəşin sönməməsi, həyəcanın tükənməməsi üçün insanın başqalarına ehtiyacı olmadan oxuması lazımdır. Oxuduğumuz kitablar hər gün bizə yeni həyəcan verməlidir. Düzgün seçərək oxuduğumuz kitablar milli-mənəvi məfkurəmizi daha da irəli aparacaq. Başqaları deyərkən yanlış anlaşılmasın, insanlardan təcrid olunmağı nəzərdə tutmuram. Çünki insanıq, əlbəttə ki, başqalarına ehtiyacımız var. Ətrafımızdakı insanlar yolumuza işıq olur, önümüzü açır. Ruh düşkünlüyü yaşayanda bizə ruh verir, inancımızı itirəndə dostlarımız yanımızda olur. Sevdiyimiz insanlar həyata tutunmamızı təmin edir. Amma unutmayaq ki, hər kəs düşə bilər, geri qala bilər. Əgər sən düşmək və geri qalmaq istəmirsənsə, həyəcan atəşin öz içində olmalıdır. Bunu vurğulamaq istəyirəm. Həyəcanımız daim diri olmalıdır. Bunun üçün də oxumaq çox mühümdür.

Dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirik.

- Mən də öz növbəmdə Azərbaycan oxucusu ilə görüşmək şansı verdiyiniz üçün sizə təşəkkür edirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz