HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

Abdulqadir Gilani həzrətləri buyurur:

“Ölmədən əvvəl nəfslərinizi, yəni nəfsani arzularınızı, şeytanınızı öldürməlisiniz. Sizə, bilinən və hər kəsə şamil olan ölümdən əvvəl xüsusi ölüm gərəkdir. Siz ruhun bədəndən ayrılışı olan ölümdən əvvəl daxilinizdəki pis xislətləri öldürməlisiniz…”

[Əhli-irfan belə buyurmuşdur: “مُوتُوا قَبْلَ اَنْ تَمُوتُوا” - yəni “Ölmədən əvvəl ölün”. Burada “ölün” ifadəsi ilə qəsd olunan məna əcəl yetib dünya ilə vidalaşmadan əvvəl nəfsin məşru olmayan istəklərini, tükənməz ehtiraslarını öz iradəmizlə tərk etməkdir. “Şeytanı öldürmək” isə eynilə Hz. İbrahim və Hz. İsmayıl kimi hər xüsusda Allahın əmrlərinə tam təslimiyyətlə itaət etmək, Onun acı-şirin hər təqdirinə riza göstərmək və daxili aləmdəki nəfsaniyyət bütlərini qırmaqla mümkündür.

Haqq-Təalanın əmr və qadağalarına riayət etsək, şeytanı daşlamış olarıq. Lakin Rəbbimizə itaətsizlik etsək, - Allah qorusun – şeytan bizi daşlamağa başlayar.

İnsan oğluna ilahi imtahan hikməti gərəyi verilən nəfs nə qədər tərbiyə edilirsə edilsin, ölmək bilməz. Zatən məqbul olan da onu öldürmək yox, tərbiyə edərək nəzarətdə saxlamaqdır. Beləliklə onu ilahi riza hüdudları çərçivəsində, haqqa və xeyrə xidmətkar edə bilməkdir.

Çünki nəfs eynilə minik atı kimidir. Tərbiyə edilib cilovlanmazsa, üzərindəkini uçurumdan aşağı atar. Lakin ram edilib tərbiyə olunarsa, sahibini əmin-amanlıq içərisində mənzilə çatdıran sadiq xidmətçi olar.

Bununla yanaşı, nə qədər tərbiyə edilsə də heç vaxt nəfsin şərindən əmin olmaq mümkün deyil. Çünki o, insanın iradəsində azacıq zəiflik meydana gələn kimi dərhal başını qaldırmaq üçün pusquda duran hiyləgər düşmən kimidir. Bu səbəblə hər an ona qarşı ayıq-sayıq olmalıyıq. Hətta Allah Rəsulu r belə:

“Ya Rəbb! Məni bir göz qırpımlıq da olsa nəfsimlə baş-başa qoyma!..”[1] - deyə dua etmişdir.

Allahın Həbibi olan Hz. Peyğəmbər r belə nəfsinə qarşı bu qədər sayıq idi, elə isə düşünək görək biz nə qədər diqqətli olmalıyıq!..

Həzrət Yusuf u da vaxtilə ona atılan böhtandan bəraət etdiyi zaman ayeyi-kərimədə bildirildiyi kimi belə buyurmuşdur:

“Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”. (Yusuf, 53)

Nəticədə heç kim hansı mənəvi mərtəbədə olmasından asılı olmayaraq nəfsinin şərindən əmin ola bilməz.

Nəfsi deyil, nəfsaniyyəti öldürməyin zərurətinə dair Mövlana həzrətlərinin nəql etdiyi bu təmsil necə də ibrətlidir:

Günlərin birində bir əqrəb çay kənarında dolaşırdı. Tısbağa yanına gəlib:

- Burada nə edirsən? – deyə soruşdu. Əqrəb:

- Çayın o tayına keçmək üçün yol axtarıram. Bütün uşaqlarım və qəbiləm o tərəfdədir, - cavabını verdi.

Tısbağa şəfqət və mərhəmət duyğuları ilə onu arxasına alıb suyun üstü ilə üzməyə başladı. Çayın ortasına çatanda əqrəbin xislətindəki sancma arzusu baş qaldırdı. İynəsini tısbağanın kürəyinə toxundurdu. Tısbağa diksinərək:

- Nə edirsən? – deyə soruşdu.

Əqrəb:

- Hünərimi göstərirəm. Madam ki, sən mənə yaxşılıq edib dərdimə çarə oldun, mən də iynəmi sənə batırıram. Mənim göstərəcəyim şəfqət, edəcəyim yaxşılıq da budur, - dedi.

Bu zaman tısbağa suyun dibinə dalaraq əqrəbi boğub öldürdü.

Bu qissəni nəql edən Həzrət Mövlana belə deyir:

“Haydı, pis nəfsi öldürün! Bu məsələdə səhlənkar davranmayın! Onu diri buraxmayın, çünki o, zəhərli bir əqrəbdir”.[2]

Unutmayaq ki, bütün haramlara - imtahan sirrinə əsasən - cazibə qoyulmuşdur. Günahlar eynilə zəhərli bal kimi əvvəlcə ləzzətli gələn, lakin sonu fəlakət olan tələlərdir. Təzkiyə olunmamış bir nəfs hər an bu tələlərə düşməyə hazır haldadır. Günahlar təqva heysiyyəti qazanmamış olan, xam, nadan və qafil nəfsləri eynilə maqnit kimi özünə çəkər. Məhz bu səbəblə nəfsi təzkiyə edərək daim onu nəzarətdə saxlamaq lazımdır.

Necə ki, Allah-Təala ayeyi-kərimədə belə buyurur:

قَدْ اَفْلَحَ مَنْ زَكّٰيهَا

“Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!” (əş-Şəms, 9) Rəbbimiz bu ayə ilə əbədi qurtuluşun mənəvi paklanmağa  bağlı olduğunu bəyan etmişdir.

Rəsulullah r -in ən böyük vəzifələrindən biri də “təzkiyə”, yəni ümmətinin daxili aləmini təmizləməkdir. Çünki Allah-Təalanın sevdiyi sifətlər yalnız daxili dünyanın təmizlənməsindən sonra qəlblərdə təcəlli etməyə başlayar.

Həzrət Peyğəmbər r də Meraca çıxmazdan əvvəl “şərhi-sədr” hadisəsi yaşamışdır. Çünki Allah-Təala ona qəribəliklərlə dolu bir çox əsrarlı mənzərə göstərəcəkdi. Ona görə Peyğəmbərimizin daxili aləmi yuyularaq iman və hikmətlə doldurulmuşdu.

Deməli, biz də Allaha yaxınlaşmaq və bir növ Merac iqlimindən istifadələr əldə etmək istəyiriksə, əvvəlcə daxili dünyamızdan kin, həsəd, riya, nifaq, təkəbbür və bu kimi bütün mənfilikləri təmizləməliyik. Bunların yerini iman, ixlas, ehsan, təqva, hüzur, səkinət, şəfqət, mərhəmət və hikmət kimi gözəlliklərlə doldurmağa çalışmalıyıq.

Unutmayq ki, daxili və zahiri dünyamızı Quran və Sünnənin feyzi ilə, saleh əməllərin ruhaniyyəti ilə nə qədər bəzəyə bilsək, qulluq həyatımızda bir o qədər Allaha yaxınlıqdan həzz alarıq.

Digər tərəfdən, haram və şübhəlilərdən qorunub halallara və saleh əməllərə rəğbətimizi artırmaq surəti ilə nəfsi nəzarətdə saxlamaq da ömrümüzün hər anında zəruri olan bir qulluq vəzifəsidir. Lakin bu vəzifənin daha çox zəruri olduğu xüsusi zamanlar da var.

Allah-Təala qullarına olan şəfqət və mərhəməti səbəbi ilə zamanlar içərisində müstəsna bərəkətli anlar ehsan etmişdir. Bəzi anları digərlərindən daha fəzilətli qılmışdır ki, insanlar bu vaxtlarda daha çox dua və ibadət edib ilahi rəhmət və məğfirətə daha çox nail olsunlar. İyirmi dörd saatlıq gün ərzində səhər vaxtı, həftənin günləri içərisində Cümə günü, ilin ayları arasında Ramazani-Şərifi də əhatə edən üç aylar kimi…

Xüsusilə hazırda yaşadığımız bu üç aylar mövsümü riyazət və mücahidə ilə nəfsləri təmizləməyin, ruhaniyyəti gücləndirərək təqva üzrə qulluq həyatı yaşamağın həm lüzumlu, həm də çox bərəkətli olduğu bir zamandır.

Məlum olduğu kimi, müxtəlif peşə sahibləri müəyyən ardıcıllıqla seminar, simpozium və tədbirlər keçirər, təkmilləşmə kurslarına gedərlər. Ticarətlə məşğul olanlar digər işlərini bir kənara qoyub ticarətlərini daha qazanclı hala gətirmək və imkanlarını artırmaq üçün yarmarkalar təşkil edərlər. İdmançılar böyük əhəmiyyətli müsabiqəyə çıxmazdan əvvəl xüsusi proqrama daxil olar, necəgəldi yeməkdən və digər insanlarla münasibətdən uzaqlaşdırılarlar. Bütün güclərini əsas qayələrinə yönəldə bilmələri üçün ətraf mühitlə əlaqələrini minimum səviyyədə azaldarlar. Digər peşə sahibləri də öz sahələrində ixtisaslaşa bilmək məqsədi ilə bu kimi proqramları həyata keçirmək üçün xüsusi zaman ayırarlar.

Əbədiyyət yolçusu olan möminlər də qulluq həyatlarını gözdən keçirmək, xəta və qüsurlarını düzəltmək, Haqq qatında məqbul sayılan hal və davranışlarını daha da artırmaq üçün bu kimi zamanlara möhtacdırlar.

Məhz üç aylar, qəndil gecələri, Ramazani-Şərif kimi mübarək zamanlar iman həyəcanının təzələnərək qulluq səylərinin artırılacağı ən feyzli vaxtlardır. Bütün möminlərdə meydana gələn müştərək iman vəcdi, ibadət şövqü və Haqqa yaxınlıq istəyi ilə qulluq həyatının yenidən nizamlanacağı mənəvi fürsət anlarıdır.

Xüsusilə bu mübarək mövsümdə fani mənfəət qayğılarını bir kənara qoyub Allahın əbədi qurtuluşumuz üçün bizə bildirdiyi həqiqi qazanca daha çox yönəlməliyik. Rəbbimiz ayeyi-kərimədə bunu belə tərif edir:

Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar infaq edənlər kasad olmayacaq bir ticarət (savab) uma bilərlər”. (əl-Fatir, 29)

Bu axirət qazancının ilk maddəsi “Allahın kitabını oxumaq”dır. Yəni Quran ilə həmhal olmaq, Quranı yaşamaq və yaşatmaqdır. O uca Kitabın təbliğ və təlim xidmətinə də əmək vermək və ya dəstək olmaqdır.

Hədisi-şərifdə buyurulduğu kimi:

“Yalnız bu iki adama qibtə etmək olar:

Biri; Allahın Quran bəxş etdiyi kəsdir. O kəs gecə-gündüz Quran ilə məşğul olub onunla əməl edər. Digəri; Allahın var-dövlət bəxş etdiyi kəsdir. O da gecə-gündüz bu malı infaq edər”. (Müslim, Müsafirin, 266, 267)

İkinci maddə “namaz qılmaq”dır. Yəni bədənin qibləsi Kəbə olduğu halda qəlbin qibləsi də Kəbənin Rəbbi olacaq şəkildə qəlb və bədən ahəngi içində xüşu ilə namaz qılmağa çalışmaqdır.

Üçüncü maddə isə “infaq etmək”dir. Yəni Allahın bəxş etdiyi nemətləri ondan məhrum olanlarla bölüşməkdir. Zərurət varsa, - qəlbi riyakarlıqdan qorunmaq şərti ilə - açıq-aşkar, zərurət yoxdursa, gizli yolla xeyir işlər görməkdir.

Lakin Rəbbimiz sadəcə bu üç ayda deyil, ömrümüzün hər mərhələsində bu səyləri göstərməmizi istəyir. Biz bəndələrinə üç aylar kimi xəzinə dəyərində olan mənəvi fürsətləri lütf etməsinin hikməti isə qəlbi həyatımızı bu vaxtlarda daha çox inkişaf etdirərək bütün ömrümüzü yüksək qulluq şüuru ilə yaşamağa alışmamızdır.

Mövlana həzrətləri belə buyurur:

“Həccə gedənlər orada Beytullahın sahibini arasınlar. Onu tapandan sonra Kəbəni hər yerdə görə bilərlər”.

Eynilə bunun kimi, mübarək üç ayları idrak edənlər də onu layiqincə əhya edərək Allahın rizasına nail ola bilərlərsə, artıq yaşadıqları hər bir zaman onlar üçün üç aylar kimi ilahi rəhmət, bərəkət və məğfirətin coşub-daşdığı mövsümə çevrilər. Rəbbimiz bütün ömrümüzü Ramazani-Şərif ruhaniyyəti ilə yaşayıb son nəfəsimizi də bir bayram sevinci ilə verə bilməyi hər birimizə nəsib etsin!

Abdulqadir Gilani həzrətləri buyurur:

“Nəfs izzət və cəlal sahibi olan Allaha qarşı gəldiyi, Ona itaət etmədiyi kimi sən də eynilə onun kimi nəfsani arzulara ram olma, ona boyun əymə! Nəfsinə qarşı çıxıb, ona qulaq asmama iradəsinə sahib olduğun zaman haqq olmayan xüsuslarda başqalarını dinləməməyə də nail ola bilərsən”.

Allah-Təalaya layiqincə qulluq edə bilmək üçün nəfsin həqiqətini dərk edib onun hiylələrinə qarşı tədbirli olmaq şərtdir. Əks halda nəfs sahibini aldadaraq yanlış olanı doğru kimi göstərər.

Nəfsinə ram olan bir insan batil əhlinin zəhərli fikirlərinə də asanlıqla aldanar. Çünki onların fikirləri nəfsə xoş gələn, haqlı görünərək insanı batilə sürükləyən zahirən gözəl, daxilən çürük meyvəyə bənzəyir.

Bu səbəblə də mömin nəfsinin xoşuna gələn bir şeylə qarşılaşdığı zaman əvvəlcə ayaq saxlayıb düşünməlidir. Qarşılaşdığı şeyin gerçəkdən də dünya və axirəti üçün faydalı, yoxsa zərərli olduğuna iman və təqva ələyindən keçirərək qərar verməlidir. Düşünməlidir ki, Allah Rəsulu r yanımda olsaydı, bu halıma təbəssüm edərdi, yoxsa kədərlənərdi… Zahirən səadət kimi görsənən bir çox şeyin həqiqətdə əbədi bir fəlakət səbəbi ola biləcəyini əsla gözardı etməməlidir.

Necə ki, Rəsulullah r bir hədisi-şərifində belə buyurmuşdur:

“Cənnət nəfsin sevmədiyi şeylərlə, cəhənnəmsə nəfsə xoş gələn şeylərlə əhatə olunmuşdur”. (Buxari, Riqaq, 28; Müslim, Cənnət, 1)

Keçmişdə missionerlik fəaliyyəti ilə məşğul olan, sonradan İslamla şərəflənən bir nəfərdən soruşmuşdum:

- Bu gün xristianlığın içinin boşaldıldığını görürük. Avropada kilsələr satışa çıxarılır. Xüsusilə həqiqət axtarışında olan mütəfəkkirlər arasında İslama üz tutanların sayı artır. Bəs nə üçün bu, kütləvi hal almır?

Belə cavab vermişdi:

- Çünki İslam (həyatı nəfs çərçivəsində yaşayanlar üçün) çox çətindir. Bugünkü xristianlıqda isə hər şey sərbəstdir. Müsəlmana gündə beş vaxt namaz var, ildə bir ay oruc var, malının qırxda birini zəkat verməlidir. İnfaq var, əxlaqi məsuliyyətlər, hüquqi hökmlər və s… Xristianlıqda isə bunların heç biri yoxdur.

Təhrifə məruz qalan dinlər məhz bu səbəbdən ruhları doyurmasa da, nəfslərə xoş gəldiyi üçün davam edir.

Həqiqətən də, qulluq həm günahlardan qorunmaq, həm də saleh əməllərə sarılmaq üçün bəzi çətinliklərə qatlanmağı, fədakarlıq göstərməyi, çətinliklərə səbir etməyi, nəfsani rahatlığı tərk etməyi tələb edir. Məsələn, oruc tutmaq, müəyyən müddət ərzində ac qalmaq xam nəfslərin xoşuna gəlməz. Zəkat və infaq candan şirin olan malı möhtaclarla bölüşməkdir. Bu da xam nəfslərə ağır gələn bir haldır. Dəstəmaz, namaz və həcc də elədir.

Halbuki bütün bunlar imanın ləzzətini dadan mömin üçün böyük bir zövq və səadətdir. Çünki Allah-Təalanın qəzəbindən qurtulub Onun məhəbbət və rizasına vəsilə olacağı üçün qəlbə hüzur verən, həmd və şükür ifadəsidir. Bütün ilahi əmr və qadağalara riayət etmək də belədir. Zahirən nəfsə ağır gəlsə də nəticə baxımından səadət və qurtuluş vəsiləsidir.

Səhabədən Əbdürrəhman bin Əvf t-ın bu sözləri də sanki bəhs etdiyimiz həqiqətin ifadəsidir:

“İslam nəfsə xoş olmayan ağır əmrlər qoymuşdur. Biz xeyirlərin ən xeyirlisini nəfsin xoşuna gəlməyən bu ağır əmrlərdə gördük. Məsələn, Rəsulullah r ilə birlikdə Məkkədən çıxıb (hər şeyimizi arxada qoyub) hicrət etmişdik. Nəfsimizə ağır gələn bu hicrətimizlə bizə (mənəvi rahatlıq), üstünlük və zəfər yolları açıldı…

Yenə Allah Rəsulu ilə birlikdə Bədir döyüşünə getmişdik. Allah-Təala burada da bizim üçün üstünlük və zəfər lütf etdi.

Bir sözlə, biz ən böyük xeyirlərə həmişə nəfsimizə ağır gələn əmrlər sayəsində nail olduq”. (Heysəmi, VII, 26-27)

“Səbir acıdır, amma meyvəsi dadlıdır” sözü də məşhurdur.

Abdulqadir Gilani həzrətləri buyurur:

“Hər kim nəfsinin qiymətli olduğunu düşünərsə, bilsin ki, bu təqdirdə özünün heç bir qədir-qiyməti yoxdur”.

Təkəbbürə qapılaraq özünü böyük görən kəs əslində Allah qatında öz dəyərini kiçiltmiş olar. Hər kim qüsur və nöqsanlarından bixəbər olar, Allahın sonsuz qüdrət və əzəməti qarşısında bir “heç” hökmündə olduğunu dərk etməzsə, özünə bir qiymət və qüdrət izafə etmiş olar. Bu isə Allah-Təalanın “kibriya” və “əzəmət” sifətinə şərikliyə can atmaq deməkdir. Lakin tövhid əqidəsi əsla şəriklik qəbul etməz.

Necə ki, Qurani-Kərimdə təkəbbürün ilk təmsilçisi olaraq iblis göstərilmişdir. O, Allah-Təaladan gələn “Adəmə səcdə et!” əmri qarşısında təkəbbürlənmiş, nəticədə də bu lovğalıq onu küfrə sürükləmişdir.[3] Allah-Təala iblisin bu hərəkətinə qarşı:

“…Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad, 75) buyurmuşdur. Beləliklə də, onun səcdə etməməsinin ucalıqla heç bir əlaqəsinin olmadığını, bunun sadəcə aşağılıq duyğusundan qaynaqlandığını bəyan etmişdir.

Yüksək mənəvi dərəcələrə nail olan Bəlam bin Baura da nəfsinə uyaraq qürurun pəncəsində pərişan olmuşdur.

Həmçinin Qarun Allahın lütf və kərəmi ilə ehsan etdiyi nemətləri özündən bilərək “mən qazandım” dedi, beləcə həddi aşdı. Nəticədə arxalandığı sərvəti ilə birlikdə yerin dibinə bataraq qəhr oldu.

Deməli, lovğalıq edib təkəbbürlənən adamı Allah-Təala rəzil-rüsvay edər, xor qılar. Bunun əksinə, hədisi-şərifdə də buyurulduğu kimi:

“Allah rizası üçün təvazökar olanı Allah ucaldar”. (Müslim, Birr, 69)

Bu səbəblə biz də hər hansı bir nemət və ya müvəffəqiyyətə nail olduqda, saleh bir əməl işlədikdə, xeyirxah bir iş gördükdə bundan nəfsimizə bir pay çıxarmamalı, əksinə, heçlik və acizliyimizi etiraf edərək Allaha şükür etməliyik. Unutmayaq ki, biz bu dünyaya ərzi-hal üçün gəldik, ərzi-əndam üçün deyil…

Abdulqadir Gilani həzrətləri buyurur:

“Əməlləriniz sizin haqqınızda ən gözəl şahidlərinizdir. Allah əsla qullarına zülm edən deyil. Azacıq yaxşı əmələ böyük mükafat verər. Pis əxlaqdan uzaq olan birinə əsla fasid deməz. Sadiq, dürüst, doğru birini də əsla yalançılıqla ittiham etməz…”

İlahi hesab günü insanın lehində və əleyhində ən böyük şahidi özü olacaqdır. Ayeyi-kərimədə belə buyurulur:

“O gün onların ağızlarını möhürləyərik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər”. (Yasin, 65)

Yəni axirətdəki mükafat da, cəza da bu dünyada öz əlimizlə etdiklərimizin qarşılığıdır. Allah-Təalanın bizim heç bir yaxşı əməlimizə ehtiyacı olmadığı kimi heç bir pis əməlimizlə də Onun uca şanına zərrə qədər ziyan dəyməz. İnsan etdiyi əməllərlə ancaq öz səadətini, yaxud da fəlakətini hazırlamış olar. Bu haqda ayeyi-kərimələrdə buyurulur:

“Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!..” (əl-İsra, 7)

“Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!” (Yasin, 54)

“Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər!” (Yunus, 44)

Uca Rəbbimiz xüsusilə bu mübarək üç aylarda təqva zirehinə bürünərək hər cür günahdan qoruna bilməyi, saleh əməllərə coşqu ilə sarılmağı və könül dünyamızı Ramazani-Şərifə gözəl şəkildə hazırlaya bilməyi hər birimizə nəsib etsin.

Amin!..


[1] əl-Camius-Sağir, I, 58.

[2] Əhməd Əflaki, Ariflərin Mənqibələri, I, 497.

[3] Bax. əl-Bəqərə, 34.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz