NECƏ OXUYURUQ?

NECƏ OXUYURUQ?

“23 aprel” tarixi YUNESKO-nun 1996-cı il tarixli qərarı ilə bütün dünyada Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunur.

 Bu tarixin seçilməsindəki təsiredici amillərdən (məşhur yazıçılar – V.Şekspir, M.Servantes və İ.Qarsilasonun vəfat tarixidir) asılı olmayaraq “kitab” və onu ərsəyə gətirən “müəllif” məfhumlarına diqqət çəkilməsi, onlara yönəlik problemlərin ön plana çıxardılması və bu sahəyə qayğının artırılması mənasında, həqiqətən də, təqdirəlayiq bir addımdır. Nəzərə alsaq ki, hazırda dünyada 900 milyona yaxın insan savadsızdır və 100 milyondan çox uşaq təhsildən kənarda qalmışdır, o halda elmin, savadın, məktəblərin və oxuyan tələbə sayının artırılması üçün hələ çox işlər görülməlidir. Bütün bunlar bir yana, bəs yaxşı, oxumuş kütlənin içində yer alan insanların neçə faizi insanlıq naminə xeyirli işlə məşğul olur?

Əvvəla bunu qeyd edək ki, ən az oxuma sayının artırılması qədər oxuma keyfiyyətinin yüksəldilməsi də insanlığın qarşısında dayanan mühüm bir öhdəlikdir. Kütləvi qırğın silahlarını kəşf edən, zərərli texnologiya və şiddət aşılayan virtual oyunları tərtib edən, insan bədənində həzm olunmadığı halda qidaların gec xarab olması üçün onlara əlavə olunan təhlükəli qarışımları hazırlayan, orqan ticarəti mafiyaları ilə iş birliyi edərək ən acımasız və alçaq cinayətlərə şəriklik edən “oxumuş” insanları da hesaba qatsaq, nə demək istədiyim daha yaxşı anlaşılacaqdır. Demək ki, təkcə oxumaq, ali savadlı olmaq, peşə sahibi olmaq insanı ali mənada “insan” etməyə yetmir. Bəs yaxşı, elə isə bu oxumaqda çatışmayan cəhət nədir?

İnsani keyfiyyətləri yüksək olan biri ilə düşük xarakterə malik insan arasında ən əsas fərq “ağıl” faktorudur. O ağıl ki, təkcə oxumaqla, diplom əldə etməklə, elm öyrənməklə çoxalmır. Amma elm öyrənildiyi zaman fərasətdən nəsibi olanlar o ağılı daha üstün bir səviyyədə işlədə bilərlər. Qurani-Kərimdə belə buyurulur:

“Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar”. (əz-Zümər, 9)

Demək ki, seçkin, üstün bir insan xarakterinə bürünmək üçün əvvəla “bilən” olmaq, “oxumuş” olmaq, yəni elmə yiyələnmiş olmaq lazımdır. Bundan sonrakı addım isə ağıl qabiliyyəti nisbətində oxuduqlarını düşüncə müstəvisində yoğuraraq ibrət götürməkdir. İbrət götürmədikdən, yəni gördüklərini, bildiklərini səbəb-nəticə hikməti əsasında qiymətləndirmədikdən sonra “ağıl” sahibi olmaqdan söhbət gedə bilərmi?!

Həqiqi elm insanlığa göstərdiyi xidmət ilə yanaşı, Allahı daha yaxından tanımağa sövq etməlidir. Yaradanını tanımaq elə insanlığa göstəriləcək ən böyük xidmət deyilmi?! İnsanı əbədi səadətə aparacaq yoldakı kilidləri açmaq, dərin sirləri aşkarlamaq, görünməzləri sərgiləmək və sonsuz qüdrət qarşısında ağılları heyran qoyub kimliyini idrak etdirmək ən böyük nailiyyət deyilmi?!

Ən çətin əməliyyatları uğurla həyata keçirən cərrah ürəklə, tənəffüs orqanları ilə, göz və beyin arasındakı görünməyən pərdələrlə söhbət etməli, onlardan bu qabiliyyəti bəxş edən xaliqi soruşmalıdır.

Genetika sahəsində araşdırmalar aparan alim incələdiyi hüceyrələrlə, onların nüvəsi, sitoplazması və adi gözlə görünməsi mümkün olmadığı halda ən sürətli kompüterlərdən belə daha sürətli və qüsursuz işləyən digər hissəcikləri ilə söhbət etməli, bu zərrə miqyaslı, lakin heyrətamiz işçiliyin sahibini axtarmalıdır.

Bənzər şəkildə elmin hər sahəsi hikmət arayışındakı bənzər sualların işıq saçdığı yollarla tərəqqiyə davam etməlidir. Sarı çiçəklə söhbət edərək Rəbbini axtaran Yunus Əmrə təkcə tarixdə qalmamalı, inkişaf edən elmin hər sahəsində fərqli bir xirqə altında özünü büruzə verməlidir. Bu şüur ilə idrak edilərsə, əlbəttə, nəticə mənfəət naminə dünyanın məhvini görməzdən gəlmək deyil, insanlığın mənfəəti naminə bütün dünyanı mühafizə edib qoruyacaq bir elmi arayış çöhrəsinə bürünəcəkdir.

Qurani-Kərimdə buyurulur:

“Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar”. (Fatir, 28)

Demək ki, gerçək mənada Allah şüurunu və Uca Yaradan qarşısındakı heçliyi dərk etmək üçün “alim” olmaq, yəni oxumaq lazımdır. Çünki ancaq həqiqi elm insanı heyrət vadilərində səyyaha çevirər, kainatdakı hikmət və həqiqətlərdən xəbərdar edər. Beləliklə, böyük qüdrət və əzəmət qarşısında onu acizlik hissi bürüyər, öz həddini, nəfsini dərk edər, Rəbbini tapar. Mülkün əsl sahibini anlamaq ən böyük həqiqət deyilmi?!

Qurani-Kərimdə buyurulur:

“Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik”. (Fussilət, 53)

Uca Allah, hər nə səbəblə olursa-olsun, elmin inkişafı sayəsində bizi heyrətdə qoyacağını, dünya xaricində və dünya daxilində bir çox həqiqətləri önümüzə sərəcəyini on dörd əsr əvvəldən vəd etmişdir. Biz də bu yolda addım-addım irəliləməyə - oxumağa davam edirik. Yetər ki, ürəklərimiz “kilidli” olmasın; oxuduğumuz hər yeni nailiyyətə və elmi dərinliyə bu ehtişamlı mülkün sahibini görmək niyyəti ilə baxa bilək.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz