YARIM XURMA DEYİB KEÇMƏ...
İnfaq əhli olmaq dinimizdə o qədər fəzilətli bir əməl sayılmışdır ki, Peyğəmbərimiz (s.ə.s) ümmətinin hər fərdinin bu dəyərdən istifadə etməsini istəmişdir.
Bunun üçün ümmətinin infaq edə bilmə səadətindən məhrum olan kasıblarına: “Yarım xurma ilə də olsa, atəşdən qorunun. Bunu da tapa bilməyən, gözəl və xoş sözlə qorunsun”,(Buxari, Ədəb, 34) - buyuraraq infaqın hər vəziyyətdə mümkün olduğunu ifadə etmişdir.
Peyğəmbərimiz (s.ə.s) comərdliyin müsəlman kəslərin təbii xüsusiyyəti halına gəlməsini arzu edərək buyurur:
“Verən əl alan əldən üstündür”.(Buxari, Zəkat, 18)
“Yalnız bu iki adama qibtə edilər: Biri, Allahın mal verib haqq yolunda xərcləməyə müvəffəq etdiyi adam (malından Allah yolunda infaq edən adam), digəri də Allahın elm verdiyi, onunla əməl edən və bunları başqasına öyrədən (yəni elmini infaq edən) adamdır”. (Buxari, Elm, 15)
Bir gün Rəsulullah (s.ə.s): “Bir dirhəm yüz min dirhəmi keçmişdir”,- buyurdu. Səhabələr: “Bu necə mümkündür, ey Allahın Rəsulu?”- deyə soruşduqlarında Hz. Peyğəmbər (s.ə.s) bu şəkildə cavab verdi: “Bir adamın iki dirhəmi vardı. Bunlardan ən yaxşısını təsəddüq etdi (yəni malının yarısını sədəqə vermiş oldu). Digəri (isə xeyli zəngin olduğu halda), o da malının yanına gəlib, malından yüz min dirhəm çıxartdı və onu təsəddüq etdi”. (Nəsəi, Zəkat, 49)
Bu hədisi-şərif sədəqə verilən malın miqdarından çox, sədəqə verənin fədakarlıq səviyyəsinin mühüm olduğunu göstərməkdədir. Mühüm olan, qulun zəngin və ya kasıb olmasına əhəmiyyət vermədən ilahi rizanı qazanma istiqamətində həyat yaşamaq istəyidir.
Allah-Təala buyurur: “Qiyamət qopacağı vaxt. Onun olacağını heç kəs yalanlaya bilməz! O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır. Yer hərəkətə gəlib şiddətlə titrədiyi, dağlar parça-parça olub ovxalandığı və toz kimi səpələndiyi zaman, siz (ey insanlar!) üç sinifə ayrılacaqsınız: Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə xoş onlara!) Sol tərəf sahibləri (əməl dəftərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə bəxtsizdir onlar!) Və (xeyirdə) öndə olanlar. Onlar (dünyada xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) Onlar (Allah dərgahına, Allahın lütfünə ən yaxın olanlar) yaxınlaşdırılmış kimsələrdir. Onlar Nəim cənnətlərində olacaqlar”. (əl-Vaqiə, 1-12)
Bu ayənin izahı mahiyyətində Atpazarlı Osman Əfəndi əsərlərində qeyd edir ki, qullar üç qismə ayrılır:
a) Unudanlar,
b) Zikr edənlər,
c) Ehsan əhli olanlar.
Birinci növ qullar hər baxımdan zəif olanlardır. Bunlarda heç bir yöndən hüzur yoxdur. Onlar xeyir və yaxşılıqdan uzaqdır. Onlar: “Soldakılar, onlar nə bəxtsizdir”, - deyə bəhs edilən kəslərdir. Bunlar qəzəb, cəlal və qəhrə uğrayacaq olanlardır. Onlar üçün cəhənnəmdə çətin əzab və qaynar su vardır.
İkinci növ qullar bir yönü ilə zəif, bir yönü ilə də hüzur əhli olanlardır. Bir yönü ilə xeyirdən uzaq ikən, digər yönü ilə də yaxşılığa və xeyrə yaxınlıqları vardır. Onlar: “Sağdakılar, nə xoşdur o sağdakılara!” ayəsində zikr olunan kəslərdir. Allahın rəhmət, lütf və camal sifətinin təcəllisinə məzhər olacaqlar. Onlar üçün nemətlərlə dolu cənnətdə böyük və daimi sevinc vardır.
Üçüncü növ qullar hər yönü ilə hüzur və səadət sahibi olanlardır. Bunlarda xeyirli işlər görməkdə əsla heç bir zəiflik yoxdur. Onlar Allahın rəhmətinə yaxındır; xeyrə, yaxşılığa uzaqlıqları yoxdur. Onlar öndə olanlardır. “(Xeyirdə) öndə olanlar, (əcrdə də) öndədirlər. Onlar, Nəim cənnətlərində (Allaha) ən yaxın olanlardır”, - ayələri bunlardan bəhs etməkdədir. Onlar tərtəmiz, seçmə, riza və kamal sahibləridir.
Yenə bu xüsusla əlaqəli Allah-Təala buyurur: “Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etmədikcə “birr”ə - xeyrin kamalına çata bilməzsiniz. Hər nə infaq etsəniz, Allah onu haqqıyla bilər”. (Ali-İmran, 92)
Bu mövzuda olan ayə və hədislərin həqiqi həyatda yaşanması mümkündürmü deyə düşünürkən qarşımıza səhabə və haqq dostlarının həyatları çıxır və görürük ki, onlar Allahın və Rəsulullahın tərif etdiyi infaq əhli ola bilmək üçün hər cür imkandan istifadə etmişlər. Yeri gəlmiş infaq edəcək heç nəyi olmayan bir səhabə dağdan odun toplayaraq onu satıb infaq etmiş, buna gücü çatmayan başqa biri üzərində olan haqları haqq sahiblərinə sədəqə olaraq bağışlamış, yeri gəlmiş Allahın vəli bir qulu gedəcəyi iş yerinə piyada gedərək miniyə verəcəyi pulu toplamış, onu infaq/təsəddüq etmiş, amma əsla infaq etməməyə, sədəqə verməməyə bəhanələr gətirməmişdir. Muhamməd surəsinin 38-ci ayəsində belə buyurulur: “Siz Allah yolunda (malınızdan) xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik (xəsislik) edənlər də tapılır. Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız”.
İnfaq edilən mal və ya qaynaqlar əbədi səadətin sərmayələridir.
Bir hədisi-qüdsidə belə buyurulur: “Ey Adəm oğlu! İnfaq et ki, sənə də infaq edilsin!” (Buxari, Tövhid, 35)
ŞƏRHLƏR