BİR YANARDAĞDIR 20 YANVAR...

BİR YANARDAĞDIR 20 YANVAR...

 “Bu vətən torpağı, bağrında sıra dağlar kimi uzananların, tarix boyunca onun uğrunda özünü tarixə bəxş edənlərindir” deyir şair....

Bəli, o dağlar olmazsa, nə zəfərlər çalınar, nə də qəhrəmanlıq salnamələri yazılardı. O salnamələr ki, müəllifinin əlinə aldığı qələm ilə nə yazacağı dəfələrlə götür-qoy edilmədən yazılar. “Məsələ vətənsə, gerisi təfərrüatdır” deyərək atar özünü odun, alovun içinə. Düşünməz ki, bu dünyada onun da xəyalları var idi, planları var idi... Daha oğul-uşaq böyüdəcəkdi... Onların mürüvvətlərini, toy-büsatlarını görəcəkdi... Ona görə əsl toy-büsat ay-ulduzun nəqş edildiyi üçrəngli bayrağın dağların zirvəsində dalğalanmasıdır  ki, baxdıqca öz övladının toyunu edərcəsinə sevinər, fərəhlənərək qəhər içində göz yaşına boğular. Şərbətini içdiyi şəhadət məqamında uğruna canından keçdiyi bayrağının dalğalanarkən çıxardığı səs ona lay-lay deyər. Elə bir hüzur, elə bir rahatlıq içərisində əbədi yaşama doğru yol alar ki, dünya həyatındakı heç bir dəyər onunla müqayisəyə belə gəlməz.

Şəhidlikdir o!..

O şəhidlik ki, əvəzedilməz, tərifedilməz bir məqamdır!..

Uca Yaradanın qatında ölmədikləri, əksinə, diri olaraq əbədiyyətdə nemətə qərq olaraq yaşadıqları buyurulur uğruna can verdikləri müqəddəs kitabı Qurani-Şərifdə.

Bu duyğu ilə yaşamayan və yaşatmayan toplumlar tarixin qaranlıq səhifələrində özünə yer tutmağa məhkum olmuşlar. Elə bir məhkumluq ki, nə varlıq göstərməsi mümkün, nə də gücünü toplayıb təkrar dirçəlməsi mümkündür.

Bir millət gücünü birləşdirərək mücadilə apardığı zaman millət kimi var olmağa və yaşamağa davam edər. Gücünün parçalandığı, milləti millət qılan dəyərlərinin daxili və xarici ünsürlər tərəfindən qəsb edilərək əvəzində milli ruhu daşımayan dəyərlərin təlqini ilə yaşamağa vadar olan bir millətin mücadiləsinin hüznlə nəticələnəcəyi qaçınılmazdır. Millət yalnız dəyərləri ilə millət olur. Sadəcə iqtisadi güc, pul, mal-dövlət təyinedici rol oynamaz belə bir təşəkküldə. Mübarizlik, qəhrəmanlıq, fədakarlıq, vətən sevgisi, bayraq sevgisi kimi dəyərləri uğruna hər şeyindən keçə bilmə şüuru daşıya bilən bir dünyagörüşü, yalnız, daim və qaim qılar bir milləti.

Məhz xalq olaraq keşməkeşli tariximizdə xüsusi bir gün olan “Qanlı 20 Yanvar”  gününü zülmə məruz və zülmətə düçar olaraq keçirsək də, hürriyyət uğruna birlik və bərabərlik içərisində o acıları yaşayaraq istiqbalımızın təsisi yolunda elə bir addım atıldı ki, artıq heç bir zaman sönməyəcək o atəşi alovlandıraraq milli mücadilə əzmini bir daha ortaya qoymuş olduq. Soydaşlarımızın, bacı və qardaşlarımızın, məsum övladlarımızın  xüsusi amansızlıqla və vəhşicəsinə qətlə yetirilərək şəhidlik zirvəsini fəth etməsi, əlbəttə ki, xalq olaraq bizi misilsiz üzüntüyə sövq etmişdir, ancaq onların xalqımıza bəxş etdiyi əbədiyaşar ölkəmizin istiqbalını düşündükdə isə iftixar hissi ilə qəhərlənməmək imkansız olur. Həqiqətən, o əzm və mücadilə ruhu o gecə boy göstərməmiş olsaydı, canı və qanı bahasına soydaşlarımız əli-ayağı yalın halda düşmənlə qarşı-qarşıya durmasaydı, daşı-torpağı qızıldan da dəyərli vətənimiz düşmən tapdağına məhkum olacaqdı. Bu isə birmənalı olaraq sonun başlanğıcı olacaqdı. Ancaq elə olmadı və ola da bilməzdi. Çünki vətən övladı elə bir uca amal uğruna yaşamağı özünə hədəf seçmişdi ki, namusuna, torpağına, bayrağına kəm gözlə baxan kim olursa olsun, layiqli cavabı alacaqdı.

O şəhidlərimiz həyatın ata-ana olmadan, ən çox sevdiyi, canından bir parça olan övladı olmadan da yaşana biləcəyini bilirdilər, ancaq vətənsiz, əsla!.. Nəyin bahasına olursa olsun, vətən var olmalı, vətən torpağı onun övladlarına miras olaraq qalmalı idi. Bunu öyrətdilər və bunu göstərdilər bizə həmin gecə. Gecənin zülməti bir millətin gələcəyini aydınladaraq nurunu saçdı. Tarix boyu var olduğumuz bu coğrafiyada bədxah niyyətlərini gizlətməyən dövlətlər də əsl mübarizlik, əsl vətənpərvərlik gördülər. Elə bir vətənpərvərlik ki, mənsublarına sadəcə təlim və tərbiyə ilə qazandırılmayacaq bir keyfiyyətdir o!.. Qandadır, candadır o!..

Torpağımızın bütövlüyü, bayrağımızın daim zirvələrdə dalğalanması, xalq olaraq sahib olduğumuz milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə sağlam şəkildə ötürülməsi uğrunda tərəddüd etmədən canından keçən, torpağını evindən, ailəsindən və öz doğma övladından daha dəyərli bilərək şəhadət zirvəsinə ucalan bütün soydaşlarımıza Uca Yaradandan rəhmət diləyirəm. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz