QİBLƏN HARADIR?

QİBLƏN HARADIR?

Rusiyada gənc yaşda vəfat edən bir qızın valideynləri onun qəbir daşını “iPhone” telefonu şəklində hazırlatdırıblar. Qızları “iPhone-6” telefonunu çox sevirmiş. 

Qəbir daşının dəyərinin 1800 dollardan çox olduğu deyilir[1]. Orta aylıq əmək haqqı ilə dolanan bir ailənin beş-altı aylıq qazancı daşa sərf edilib. İnsaf!..

Hər sevəni sevdiyi ilə birgə dəfn etsələr, yaxud hər seviləni qəbir daşı halına gətirsələr, necə bir mənzərə ortaya çıxar, düşündünüzmü?! Telefonu çox sevən qız vəfat edib. Ata-anası həmin telefonu nə deyə tabutun içinə qoyar? Qədim dövrlərdə fironların mumiyasının yanına baldan çiçəyə, silahdan gəmiyə, qızıldan pal-paltara kimi hər şey qoyularmış. Ölən kimsəni atı ilə birlikdə gömmək adəti qədim türklərdə də var idi. Halbuki bu əşyalar ölənə deyil, ehtiyac sahibinə yaraşır. İnsanın həmişə “mənim, mənim!” deyən eqoizmi ölümündən sonra da davam edir. Maşını ilə, kostyum paltarda, yaxud dəniz mənzərəli bir yerdə dəfn edilməyini istəmək ilə böyük bir piramidanın içində gömülmək istəyi arasında heç bir fərq yoxdur. Piramidalara sərf edilən əmək, işçi qüvvəsi və maddi vəsait ilə Nil çayının sularını kanallar açaraq ölkənin quraq dərinliklərinə aparmış olsaydılar, Misir əkinçilik sahəsində böyük bir inqilab etmiş olardı. Piramidalar qədim mavzoleylərdir. Mavzoleylər isə içində bir quşun belə yuva qurmasına icazə verilməyən, mərhəmətdən uzaq beton yığınıdır.

İslam dinində ölü üzüqibləyə - Kəbəyə çevrilərək dəfn edilir. Günümüzdə bir çox karikaturada ölüləri arxasıüstə uzanmış halda çəkirlər. Cahillik, cizgi şəklində də olsa, özünü büruzə verir. “Qiblə” kəlməsi lüğətdə yön, istiqamət mənasına gəlir. Əslində, qiblə Kəbənin daş binası deyil, onun yerləşdiyi ərazidir. Namazın şərtlərindən biri üzüqibləyə dayanmaqdır. Üzünü qibləyə çevirmək ilə üzünü Kəbəyə çevirmək arasında fərq var. Bu gün gördüyümüz  Kəbəni daş divarları, qapısı, qızıl novları, qara örtüsü ilə birlikdə götürüb yerini dəyişsələr, insanlar üzlərini çevirib o binaya baxmayacaqlar. Binası olmasa belə, namazlarını qiblə olaraq təyin olunan o məkana yönəlib qılacaqlar. Hal-hazırda Kəbənin yerləşdiyi məkan vertikal olaraq yerin altından səmaya qədər qiblə sayılır. Buna görə də, dənizin dibində olan, yerin altındakı mədən yataqlarında işləyən, yaxud təyyarə ilə yüksəkdə uçanlar da o istiqamətə dönərək qibləyə üz tutmuş olar.

Müsəlmanın qiblə ilə əlaqəsi təkcə namazla məhdud deyil. Tualetinin istiqamətindən yataq otağının dizaynına, qurban kəsərkən üzünü qibləyə tutmağından dua edərkən əl açmasına, Quran oxumasına qədər hər işində qibləni mərkəzə alar. Həyat boyu mərkəzdə yer alan qibləyə yönəliş ölüm ilə də davam edər. Hədisi-şərifdə: “Beyti-Həram (beytullah, kəbə) sizin diri və ölü (yəni həyatda ikən ibadətdə yönünüzü çevirəcəyiniz, öldükdən sonra da qəbirdə üzünüzün çevriləcəyi) qiblənizdir” (Əbu Davud, hədis 2874), - buyurulur. Dünya həyatında imtahan sualları əvvəlcədən bilinərsə, bu yolla yüksək bal qazanmaq olar. Suallar ələ keçdikdən sonra bircə onları əzbərləmək qalır. Qəbirdə soruşulacaq suallar isə bütün insanlar tərəfindən bilinsə də, onları tutuquşu kimi əzbərləmək kifayət etmir, həyata keçirmək lazımdır.

İnsan ən çox nə ilə maraqlanırsa, ən çox nəyi sevir və üzünü ona tutursa, o, onun qibləsidir. Qəbirdə soruşulacaq olan “qiblən haradır?” sualının cavabı insanın dünyada ikən ən çox üzünü və könlünü yönəltdiyi şeydir. Türkiyədə günlük televizor izləmə ortalaması 5 saat 9 dəqiqədir.[2] Gündə beş-on dəqiqə namaz qılmayan insanlar gündə beş saat televizoru qiblə qəbul ediblər. Bənzər şəkildə, telefona sərf edilən müddət televizordan daha çoxdur. Televizor adətən olduğu otaqda qalır, istifadəçi ilə birlikdə həyətə, tualetə, ictimai nəqliyyat vasitəsinə, yaxud məscidə getmir. Bəs telefon belədir? Oksigenin olduğu hər yerə telefon da daxil olur. Qurani-Kərimin üzünü açıb baxmayanlar, bir neçə sətirini oxuyub düşünməyənlər xüşu içində telefona gömülməkdədir. Təkcə telefon deyil, yemək süfrəsi və mətbəx də insanın qibləsinə çevrilə bilər. Bəs yaxşı, cümə namazından nəsibi olmayan, amma hər həftə stadiondan hippodroma, əyləncə məkanlarından alış-veriş mərkəzlərinə qədər hər yerə böyük bir istək və həvəslə gedənlərin qibləsi haradır?

İnsanın qibləsi ya Leyla olar, ya da Mövla... İnsan qibləsiz yaşaya bilməz. Yaşamaq qiblə sahibi olmaq deməkdir. Hədisi-şərifdə belə buyurulur: “Elə bir dövr gələcək ki, insanların məqsədi qursaqları, şərəfi malları, qibləsi qadınları olacaq. Dinləri isə qızıl və gümüş olacaq. Bunlar xalqın şərliləridir; Allah qatında onların nəsibi olmaz” [3].

Öz-özümə soruşuram, qibləm haradır? Namaz qılmaq, Quran oxumaq, əlləri duaya açmaq, qurban kəsmək, günahlardan uzaq dayanmaq, zikrullah ilə məşğul olmaq “qibləm Kəbədir” deməkdir. Qibləsini itirmiş olduğu halda hələ də qibləsinin Kəbə olduğunu zənn edən bir çox insan var. Hesab günü həqiqi qiblələrin meydana çıxacağı gündür. Kəbəni qiblə etmək və qibləni qarışdırmamaq heç də asan deyil...

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz