BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: أَوْصَانِي خَلِيلِي بِثَلاَثٍ لاَ أَدَعُهُنَّ حَتَّى أَمُوتَ: صَوْمِ ثَلاَثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَصَلاَةِ الضُّحَى، وَنَوْمٍ عَلَى وِتْرٍ

Əbu Hüreyrə (r.a) belə demişdir: "Dostum (Rəsulullah) mənə üç şey tövsiyə etdi ki, onları ölənə qədər tərk etmərəm: hər ay üç gün oruc tutmağı, duha namazı qılmağı və vitr namazını qıldıqdan sonra yatmağı".(Buxari, Təhəccüd, 32; Müslim, Müsafirin, 85)

Yaxşı işləri əmr edib, pis əməllərdən çəkindirmək kimi önəmli bir vəzifəyə sahib olan Rəsulullah (s.ə.s) bəzən fərdi olaraq müəyyən səhabələrə qabiliyyət və imkanlarına uyğun bəzi tövsiyələr edərdi. Yuxarıda qeyd olunan hədisdə Rəsulullahın (s.ə.s) ən çox hədis nəql edən səhabələrdən biri olan Əbu Hüreyrəyə bəzi nəsihətlər etdiyini görürük. Lakin hədisin digər təriqlərində eyni nəsihətlərin Əbu Dərda və Əbu Zər əl-Ğifari kimi başqa səhabələrə də edildiyini görmək mümkündür.(Müslim, Müsafirin, 86; Nəsai, Siyam, 81)

Hədisdə Rəsulullahın (s.ə.s) etdiyi ilk tövsiyə hər ay üç gün oruc tutmaq tövsiyəsidir. Məlum olduğu kimi, İslam dininə görə, görülən hər yaxşı əməlin mükafatı on qat olaraq verilir.(əl-Ənam, 6/160) Buna görə də, hər aydan üç gün oruc tutmaq insana bütün ili oruclu keçirmiş kimi böyük bir savab qazandırar. Belə ki, Rəsulullah (s.ə.s) də bir hədisində bu xüsusa diqqət çəkərək belə buyurmuşdur: "Hər aydan üç gün oruc tutmaq bütün ili oruclu keçirməyə bərabərdir".(Buxari, Savm, 58, 60). Oruc tutulması tövsiyə edilən bu üç günün hansı günlər olacağına dair məlumatı da yenə Rəsulullahın (s.ə.s) hədisində görmək mümkündür. Allah Rəsulu (s.ə.s) belə buyurur: "Hər aydan oruc tutacağın zaman: ayın on üçüncü, on dördüncü və on beşinci günləri tut!" (Tirmizi, Savm, 54)

Hədisdə ikinci olaraq duha namazının qılınması tövsiyə olunur. Günəşin çıxmasından təqribən qırx beş dəqiqə sonra qılınan duha namazının iki, dörd, səkkiz və ya on iki rükət qılına biləcəyinə dair fərqli hədislər mövcuddur.(Buxari, Məvaqitus-səlat, 31; Müslim, Müsafirin, 78; Tirmizi Vitr, 15) Rəsulullah (s.ə.s) bu namazı davamlı qılsa da, fərz kimi qəbul olunmaması üçün bəzən bilərəkdən tərk etmişdir.(Tirmizi, Vitr, 15)

Hədisdə üçüncü olaraq yer alan tövsiyə yatmadan öncə vitr namazının qılınmasıdır. Hər nə qədər qeyd etdiyimiz hədisdə vitr namazının yatmadan öncə qılınması qeyd olunsa da, başqa hədislərə baxıldıqda gecə ibadəti üçün oyana bilənlərə vitr namazının gecə ibadətlərinin sonunda qılınması tövsiyə olunmuşdur.(Müslim, Müsafirin, 162) Hədislərdə vitr namazının yeddi, beş, üç və ya bir rükət olmaqla fərqli şəkillərdə qılına biləcəyi də yer almaqdadır.(Nəsai, Qiyamul-leyl, 40)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz