SÜBH NAMAZI DİRİLİŞDİR

SÜBH NAMAZI DİRİLİŞDİR

Ən şirin səhərlər sübh namazı ilə başlayır. Sübhün qaranlığı ilə səhərin nuru arasında dörd rükətlik incə bir fərq vardır. Amma bəzən çox istəsən də, səhərin nurundan məhrum qalırsan,  sübh namazına qalxmaqda çətinlik çəkirsən.

Güclü olduğunu düşünürsən? Elə isə sübh namazında üzərindəki yorğanı qaldır.  Çox ağır olur, elə deyilmi? O saatlarda yuxu çox şirin olur. Şeytan və nəfs o yuxunu sənə dünyanın ən ləzzətli anı kimi göstərməyə çalışır. Amma zərrə qədər iman varsa, nə itirdiyini oyanınca fərq edirsən.

Sübh namazı günün ilk imtahanıdır. Bunun nəticəsində ya qazanclı çıxacaq, yaxud da zərər edəcəksən. Sən qazananlardan olmağa çalış. Bu gün namaz qılanların böyük əksəriyyəti sübh namazını vaxtında qıla bilməməkdən şikayətçidirlər. Bəziləri günəşin son anında qılarkən, bəziləri də qəzaya saxlayırlar. Vəziyyət belə olduqda biz də istədik ki, bu yazımızda sübh namazını vaxtında qıla bilməyinizə yardımçı olacaq, “ip ucları” deyə biləcəyimiz bəzi tövsiyələri sizinlə paylaşaq. Bu tövsiyələrə əməl edən biri, ümidvarıq ki, çox rahat bir şəkildə sübh namazına qalxa biləcəkdir:

  • Hər şeydən əvvəl niyyət etməlisən. Unutma ki, əməllər niyyətlərə görə qiymət qazanır.[1] Həyatını namaza görə planlamalısan. Müsəlmanın həyatı namaza görə şəkillənir. Namaza qalxmaq niyyəti ilə yatsan, Allah (c.c) səni oyandırar. Yuxunda belə namazla məşğul olarsan.[2]  Yatmazdan əvvəl gözəl bir şəkildə dəstəmaz al, iki rükət namaz qıl, sübh namazı vaxtında camaatla namaz qıla bilməyin üçün dua et. Dəstəmazlı yatsan, yuxun da sənə ibadət savabı qazandırar. Belə yatsan, “könül saatını” da qurmuş olarsan. Könül saatının səni oyandırması digər saat zənglərinə bənzəməz. Bu üsul çox təsiredicidir. Əsl iş könlü qura bilməkdir. Qulaqları kar bir adamın heç vaxt sübh namazını qəzaya buraxmadığını eşidən arif bir insan bu hadisə qarşısında təəssüratlarını belə dilə gətirmişdir: “İndi anladım ki, sübh namazına qalxmaq üçün saat yox, qəlb qurulurmuş!”
  • Yatarkən ixlas, fələq, nas və ayətəl-kürsini oxu, ovcuna üflə və əllərini başından başlayaraq bütün vücuduna sürt. Bu şəkildə etsən, Peyğəmbərimizin (s.ə.s) tövsiyəsi üzrə yatmış olarsan. Çox faydalı bir duadır və bununla nəfsini o nəfsin sahibinə həvalə etmiş olarsan.
  • Erkən yatmağa çalış. Sünnəyə uyğun olan istirahət yatsı namazından dərhal sonra yatmaqdır. Bədən bir əmanətdir. Üzərimizdə haqqı vardır. Yetərincə dincəlməzsə, səhər qalxmaqda çətinlik çəkər. Allah-Təala gecəni istirahət və dincəlmək üçün yaratmışdır. Ən yaxşı yuxu saatı yatsı namazından təhəccüd saatına qədər olan vaxtdır. Yəni yatsıdan imsak vaxtına qədər olan müddətdir.
  • Axşam yeməyini erkən yeməyə çalış. Saat 19:00-dan sonra yemək yeməməyə çalış. Gec yeyilən yeməyin faydadan çox zərəri var. Gec yemək yedikdə mədə və digər orqanlar dərhal fəaliyyətə başladığına görə gecəni tam və rahat dincələ bilməyəcəkdir. Beləcə, sübh namazına qalxmaqda çətinlik çəkiləcək.
  • Zəngli saatı da qurmağı unutma. Könül saatıyla yanaşı, zəngli saatı da qur. Saatı yatdığın yerdən bir az uzaq yerə qoy. Çünki yaxında olanda  oyanmadan, özün də bilmədən, söndürərsən. Oyanmaqda çətinlik çəkirsənsə, bir neçə zəngi birdən qur.
  • Ailə fərdlərindən və dostlarından bu məsələdə köməklik istə.  Xeyirli işlərdə yardımlaşmaq və yarışmaq gözəl bir davranışdır. Allah-Təala belə qullarını sevər. Namaz yoldaşlarınla öz aranızda oyanmaqda köməklik edəcək bir telefon və ya mesaj qrupu qurun. Tez oyanan digərlərini mesajla və ya zəng edərək oyandırsın. Bu mövzuda bir-birinizlə yarışın.
  • Oyanmadığın və namaza dura bilmədiyin günlərdə nəfsini cəzalandır. Həmin gün oruc tutmağa niyyət elə. Bir saleh əməli əldən buraxmağın cəzası başqa bir saleh əməli işləmək olsun. Eyni zamanda bir kasıba və ya ehtiyac sahibinə sədəqə ver. Bunun çox faydasını görəcəksən.
  • Sübh namazına qalxa bilmədiyin zaman dərhal tövbə et. Çünki sübh namazına qalxa bilməmək böyük itkidir. Allahın xoşlanmadığı bir haldır. Eyni zamanda əvvəlki gün işlədiyin bir günahı da təsbit et. Ona görə də tövbə et və bağışlanmağını dilə.

Allah-Təala bizləri sübhün bərəkətindən məhrum eyləməsin.  Bu bərəkəti cəm olaraq əldə edənlərdən eyləsin. Bizi sübh namazı ilə diriltsin. Çünki sübh namazı dirilişdir.


[1] Buxari.

[2] Uşaqlara Allahı və Namazı Sevdirmək, M. E. Karabacak. İpəkyolu nəşriyyatı

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz