Media pəncərəsindən milli-mənəvi dəyərlərimiz
Bu məqalə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 30 noyabr 2018-ci il tarixində keçirilən “Media və mənəvi dəyərlər” məqalə müsabiqəsində 2-ci yerə layiq görülmüşdür.
Milli-mənəvi dəyərlər hər xalqın öz gələcəyini keçmişindən qopmayaraq inşa etmək üçün arxalandığı özül – əvəzolunmaz dəyərlər bütünüdür. Tarix şüurundan milli mənsubiyyətinə, dini etiqadından ədəb-ərkan qaydalarına, insanlıq məziyyətlərindən ictimai münasibətlərə, hətta dövlət-vətəndaş həmrəyliyinə qədər bir çox sahədəki davranış tərzi insanın milli-mənəvi dəyərləri zəminində formalaşır. Belə görünür ki, gələcəyimizi sarsılmaz ümidlərə malik və nikbin baxışlı bir nəslə etibar edə bilməyimiz üçün onların ruhunu milli-mənəvi dəyərlərimizlə qidalandıraraq yoğurmağımız şərtdir. Əks halda körpəlikdən etibarən ətrafındakı hər bir bilik və məlumatı şüuraltında mənimsəyib qəbul etməyə hazır olan gəncliyimiz öz mənəvi aclığını doyurmaq üçün məqsəd və istiqaməti qeyri-müvafiq olan mənbələrə üz tutacaqdır.
Mənəvi dəyərlərin başında insanın həyatının başlanğıcı olan ailə məfhumu gəlir. Körpə nəsillər hələ evdən küçəyə ilk addımını atmadan, məktəbdə müəllim qarşısında, parta arxasında əyləşmədən əvvəl ilk həyat dərsini öz ailəsindən alır. İnsana verilən dəyəri ananın nəvazişində, anaya verilən dəyəri atanın hərəkətlərində, ataya göstərilən hörməti də ananın simasında görərək göz açdığı dünyaya təbəssüm edir.
Yüz il əvvəlin ailə quruluşuna və tərbiyə sisteminə nəzər salsaq, uşağın, demək olar ki, bütün uşaqlıq illərinin tamamilə ailəsinin təlqin etdiyi bir xarakter əsasında formalaşdığını deyə bilərik. Nəinki onun ailədaxili davranışları, hətta dostluq quracağı kimsələr belə ailəsi tərəfindən təyin edilə bilirdi. Dostlarını da nəzərə alsaq, onun xarakterində ailəsinin təsirinin ən azından yarı-yarıya olduğu mütləq idi. Əlli il əvvələ getsək, ailə təsirinin ilkin məktəb çağı ilə məhdudlaşdığını, uşağın məktəbə başlamasından etibarən bu təsirin üçdəbirə qədər azaldığını (digər üçdəikisini məktəb tərbiyəsi və sinif yoldaşlarının təsiri təşkil edir) deyə bilərik. Günümüzdə isə hələ məktəbə başlamadan əvvəl, bəzən yeriməyə başladığı, dil açdığı ilk günlərdən etibarən, bəzən də hələ beşikdə ikən uşaqlar rəngli ekranlarla tanış olur, günümüzün inkişaf etmiş texnologiyasının sehrli cazibəsindən özlərini ayıra bilmirlər. Uşaqların bu marağını oyuncaq əvəzi məşğuliyyət kimi dəyərləndirən, yaxud “uşağım indidən texnoloji inkişafa yiyələnsin” deyə düşünən valideynlərin bu səhlənkarlığı bəzən körpə balaları daha sonra qarşısı alına bilməyəcək, əsla düzəldilə bilməyəcək pozulmalara sövq edir.
Məsələn, bu pozulmaların başında milli-mənəvi dəyərlərin ən başlıcalarından olan dilin pozulması və əxlaq normalarının degenerasiyaya məruz qalması gəlir. İnsan səhhətində yaranan pozulmalar isə bundan heç də geri qalmayacaq dərəcədə böyük fəsadlarla müşahidə edilməkdədir.
Bu bir həqiqətdir ki, günümüzün insanı həyat tərzi və həyatdan gözləntiləri ilə çox fərqlidir. Artıq həyat standartları yüksək – əyləncə tərzi və özlərini ifadə etmə şəkilləri dəyişmiş bir cəmiyyətin içində yer alırıq. Bu xüsusda insanların həyatında ən böyük dəyişikliyə səbəb olan və bu səbəbdən də ən böyük yeri tutan vasitə inkişaf edən texnologiyanın əsərlərindən biri olan kütləvi informasiya vasitələri, yəni “media”dır.
Bəlkə də, müəyyən bir yaş dövründə gənc nəsillər təkcə sosial şəbəkələrdəki “söhbət-chat” proqramlarına və xüsusi paylaşımlara əhəmiyyət verə bilərlər. Amma istər-istəməz bu paylaşımlar arasında kütləvi media vasitələrinin paylaşımları, xəbər və reklamları özünə yer tapmaqdadır. Yaş səviyyəsi irəlilədikcə insan media ilə münasibətdə elə bir mərhələyə gəlib çatır ki, nə son xəbərlərə göz atmadan işinə başlaya, nə də gün boyu baş vermiş yeniliklərə son dəfə nəzər yetirmədən yata bilir. Artıq media insan həyatının hər bir sahəsinə – milli-mənəvi dəyərlərimizdən iş, ailə, təhsil sahəsinə qədər hər sahəyə nüfuz etmiş vəziyyətdədir.
Medianın təsiri bunlarla məhdud deyil. Bilirik ki, media texnologiya aludəçiliyinin mühüm bir parçasını təşkil etməkdədir. Texnologiya asılılığının empatiya duyğusunun korlaşmasına, pisliyin sıraviləşməsinə, problem həll etmə yolu olaraq şiddətə üstünlük verilməsinə, diqqət əskikliyinin yaranmasına və ya artmasına, səbir və dözümlülüyün zəifləməsinə səbəb olan mənfi təsirləri məlumdur. İnternet mühitində istifadəçinin inkişafa və şəxsiyyətə uyğun olmayan məzmunla qarşılaşma riskini də nəzərə alsaq, başıboş media istifadəsinin istifadəçini haralara sürükləyəcəyini təxmin etmək çətin deyildir. Təkcə əxlaqi cəhətdən deyil, elə dini nöqteyi-nəzərdən də vəziyyət heç də qənaətbəxş deyildir. Müxtəlif cərəyanların internet və media vasitəsilə özlərinə tərəfdaş tapmaq və əks düşüncədəki qrupları aşağılamaq canfəşanlığı dövrümüzün ən acınacaqlı həqiqətlərindən biridir. Milli-mənəvi dəyərlərin ən qucaqlayıcı və təyinedici ünsürü olan din və əxlaq şüurunun mənfi təsirlərdən qorunması və gələcək nəsillərə saf, təmiz və həqiqi möhtəvası ilə ötürülməsi üçün media vasitələrindən vaxtında, düzgün və səmərəli istifadə etmək qaçılmazdır. Unutmayaq ki, insan həyatında yer alan hava, su kimi tələbatlarla yarışacaq səviyyədə özünə güclü bir tələbat yarada bilən medianın gücü heç də inkar ediləcək və azımsanacaq dərəcədə deyildir.
Mediadan səmərəli istifadə etmək iki paralel fəaliyyəti öz daxilində ehtiva edir: mənfi tərəfi olan zərərlərini neytrallaşdırmaq və müsbət tərəflərindən faydalanmaq.
Günümüzün internet əsasına söykənən mediası elə güclü bir silaha çevrilmişdir ki, dünyanın hər hansı bir nöqtəsindən qərəzli olaraq hazırlanmış bir xəbəri gerçək dona bürüyərək ictimaiyyətə təqdim etmək mümkündür. Xüsusilə milli-mənəvi dəyərlərimizi hədəf götürən – xalqın birlik və bərabərliyinə, milli şüura, bayrağa, orduya və ya dini əsaslara istiqamətlənmiş məkrli siyasət məhsulu olan nəşr və yayımların internet sahəsində nəzarət altına alınması imkansız deyiləcək dərəcədə çətin bir prosesdir. Bunun üçün hazırlanan xüsusi nəzarət edici və əngəlləyici proqramlar müəyyən səviyyədə də olsa, effektiv bir təsir ortaya qoya bilər. Lakin bu sahədəki əsas əngəlləyici təsir yalnız ikinci yolla – medianın müsbət mənada maarifləndirici imkanlarından istifadə etməklə mümkündür.
Medianın müsbət təsirinin öz effektini göstərməsinin ən birinci şərti kütləvi dəstəyin ortaya qoyulmasıdır. Əlbəttə, bu xüsusda qanunvericiliyin və dövlət dəstəyinin də öz xüsusi yeri vardır. Bu sahədə son illərdə dövlət rəhbərimiz tərəfindən atılan addımlar, yaradılan qurumlar da eyni siyasəti təsdiq edən addımlardandır. Bu səpkidə aparılacaq işlər, təşkil ediləcək tədbirlər, təşviqedici fəaliyyətlər və media sahəsində əldə olunacaq nailiyyətlər istər-istəməz maddi vəsaitə, dolayısı ilə dövlət qayğısına ehtiyac duymaqdadır. Çünki dövlət təkcə xalqın maddi rifahı deyil, eyni zamanda milli-mənəvi ab-havadan qidalanan ruh yüksəkliyinin də ən böyük təminatçısıdır.
Əslində milli-mənəvi dəyərlər və media bir-birini bəsləyə biləcək təsir qüvvəsinə malikdir. Məsələn:
“Yarana məlhəmsə, mənim al qanım,
Al, o da sənindir, Azərbaycanım!”
– şüuruna malik olan, azərbaycançılıq prinsipini mənimsəyən, vətənpərvər bir vətəndaş əsla vətənini, milli-mənəvi dəyərlərini zədələyəcək bir xəbəri paylaşa, ictimailəşdirə bilməz. Bu şüurun ortaya qoyulması üçün vətəndaş şəxsiyyətinin formalaşmasında rol oynayan digər vasitələrdən də effektiv istifadə edilməlidir. Mərhum Ümummilli liderimiz Heydər Əliyev bu həssas məqamı necə də gözəl xülasə etmişdir: “Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.
Elə isə bu sahədəki səyləri gücləndirəcək digər vasitələrin, xüsusilə də ədəbi fəaliyyətlərin – kitab, jurnal, afişa, teatr və kino fəaliyyətləri, təşviqedici müsabiqələr kimi ünsürlərin də ciddi şəkildə dəstəklənməsi və kütləviləşdirilməsi lazımdır. Məsələn, kitab oxuma səviyyəmizin qənaətbəxş olmadığını düşünə bilərik. Amma unutmayaq ki, bu səviyyənin yüksəldilməsi üçün də yenə medianın gücündən istifadə oluna bilər.
Hər nə qədər media müasir inkişaf tempini qorumaq üçün zəruri olsa da, milli-mənəvi dəyərlərimizin qorunması da ən azı bir o qədər həyati əhəmiyyət daşımaqdadır. Unutmayaq ki, hər bir xalqın özülü, kökü, ana mayası onun milli-mənəvi dəyərləridir.
ŞƏRHLƏR