NƏ QƏDƏR Kİ GEÇ DEYİL

NƏ QƏDƏR Kİ GEÇ DEYİL

Bağdadda isti bir yay günü idi. Camaat günəşin istisindən qaçmaq üçün başını soxacaq kölgəlik axtarırdı. Hər kəsin gözündə qol-budaq atmış bir ağac o anda dünyanın ən gözəl nemətinə çevrilmişdi. 

Bu əsnada dağdakı mağaradan gətirdiyi buzları satmağa çalışan bir nəfər də küçələri gəzirdi. Səhərdən bəri alveri yaxşı getməmiş, günortaya qalan buzlar əriməyə başlamışdı. Yeganə sərmayəsi buzdan ibarət olan adam göz görə-görə iflasın astanasına gəlmişdi. Bir anda dəhşətlə qışqırmağa başladı: “Yoxdurmu sərmayəsi əriməkdə olan bu zavallıdan buz alan?”. Həmin an tələbələri ilə oradan keçən Cüneyd Bağdadi həzrətləri bu sözləri eşidib anidən ayaq saxlayır, olduğu yerə çöküb başını iki əli arasına alıb fikrə dalır. Təlaşa qapılan tələbələri şeyxin halının nə üçün pisləşdiyini soruşurlar. Böyük İslam alimi belə buyurur: “Bu adamın dediklərinə dəqqət edin! Bir anda əriyənin sadəcə buzlar deyil, eyni zamanda ömrüm olduğunu fərq etdim. İsti hava onun maddi sərmayəsi olan buzları əritdiyi kimi zaman da əsl sərmayəmiz olan ömrümüzü tükədir. Bunu hiss edirsinizmi? O zavallının buzlarına ağladığı qədər ömrünün boş yerə tükənməsi qarşısında qəlbi titrəməyənlər ziyandadırlar…”

Bəli, bu dünyaya hər birimiz öz sərmayəmizlə gəlirik. Keçib gedən zaman durmadan sərmayəmizdən yeyərək onu bitirməyə çalışır. Biz istəsək də, istəməsək də, sərmayəmiz tükənir. Elə isə əsas məsələ tükənişinə mane ola bilmədiyimiz sərmayəmizi hansı yolda xərcləməyimizdədir. Ömrünü bihudə işlərdə keçirənlər də ölür, Yaradanın rizasını qazanmaq üçün çalışanlar da. Hər an, hər saniyə bizi son dayanacağa yaxınlaşdırarkən bunun nə qədər fərqindəyik, görəsən? Şair nə gözəl deyir: “Hər naxışda o məna, öləcəyiz nə çarə”. Hər naxışda o mənanı görənlər məhz ömür sərmayəsindən düzgün istifadə edənlərdir. Çünki doğru addım atmaq işin fərqinə varmaqla başlayır və yalnız sabahı görənlər, gələcəyi düşünənlər əllərindəkini dəyərli işə sərmayə edərlər. Yaşadığımız ömür əslində insana xeyir işlərə sərmayə edilsin deyə verilmişdir. Həyat sürdüyümüz müddətdə bizə verilən sağlamlıq, gənclik, var-dövlət, güc-qüvvət əslində sabahımız üçün bəxş edilmiş müstəsna nemətlərdir. Bizə əbədi həyatımızı qazanmaq üçün verilənləri fani dünya həyatında hədər etmək necə də acınacaqlı israfdır. Hz. Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur:

Yeddi şey gəlmədən əvvəl xeyir işlər görməyə tələsin! Olmaya unutduran kasıblığı, azdıran zənginliyi, pərişan edən xəstəliyi, ağlına gələni danışdıran qocalığı, anidən gələn ölümü, gəlməsi gözlənən şeylərin ən şərlisi olan Dəccalı və ya dəhşətli qiyamətin gəlməsini gözləyirsiniz?”.

Bu hədisi-şərif bizə sahib olduğumuz sərvətin bir gün əlimizdən çıxa biləcəyini və yaxud kasıb ikən zənginləşərək özümüzü itirə biləcəyimizi xatırladır. Sağlam vücudumuzun bir gün xəstələnə biləcəyini, beləcə, halsız düşərək işə yaramayacağını, güvəndiyimiz gəncliyin bir gün yerini qocalığa tərk edəcəyini xəbər verir. Ən dəhşətlisi isə ölümün və qiyamətin bir gün qapımızı döyəcəyi gerçəyini xatırladır.

Elə isə əgər bu gün əlimizdə madd imkan varsa, onu sədəqə və infaqlarla daha da faydalı hala gətirməliyik. Əlimizdən çıxmadan əbədi gələcəyimiz üçün yatırmalıyıq. Allah yolunda xərcləyərək zənginliyin bizi azdırmasına mane olmalıyıq. Ömrümüzün gənclik çağını ilahi riza istiqamətində keçirməli, vücud sağlığımız əldən getmədən, qocalıq qapımızı döymədən ömrümüzü xeyir işlərdə tükətməliyik. Hər kəsin başına gələcək dəhşətli ölüm və qiyamətlə qarşılaşmadan o çətin an üçün hazırlıq görərək təhlükəsizliyimizi zəmanət altına almalıyıq. Əbədi axirət səfərimiz üçün yol tədarükümüzü indidən görməliyik ki, yarı yolda qalmayaq. Əlbəttə ki, bu yol üçün ən gözəl tədarük Qurani-Kərimdə buyurulduğu kimi təqva azuqəsidir. (əl-Bəqərə, 197)

Nə qədər ki gec deyil, əlimizdəki nemətləri xeyir işlərə sərf etmək lazımdır. Əslində əlimizdəkilərin bizə əmanət olaraq verildiyini dərk etsək, heç nəyi sahiblənməz, əbədiyyən bizim imiş kimi davranmarıq. Madam ki can, mal, sağlamlıq, gənclik, ömür əmanətdir, elə isə onlarla əsl sahibinin razılığını qazanmağa çalışaq. Rəbbimiz Qurani-Kərimdə: “Allah möminlərdən cənnət qarşılığında mallarını və canlarını satın almışdır”, - buyurur (ət-Tövbə, 111). Bu ayeyi-kərimə ilə malımızın və canımızın yeganə varlıq səbəbinin cənnəti almaq üçün bir sərmayə olduğunu dərk etməli və sərmayəmizi ona görə tükətməliyik. Əlimizdəki fürsətləri dəyərləndirərkən də hər an sahib olduğumuz nemətlərdən məhrum ola biləcəyimizi düşünərək xeyir işlərdə tələsməliyik. Bu xüsusda bizə örnək olan səhabələrin saysız- hesabsız misallarından biri belədir:

Bədir döyüşü başlamaq üzrə idi. Hz. Peyğəmbər (s.ə.s) əshabına özü əmr verənə qədər heç kimin yerindən tərpənməməsini tapşırmışdı. Bütün səhabələr döyüşə hazır vəziyyətdə Allah Rəsulunun ağzından çıxacaq hücum əmrini gözləyirdi. Müşriklərin yaxınlaşdığını görən Peyğəmbər (s.ə.s): “Haydı, genişliyi göylərin və yerin genişliyi qədər olan cənnəti qazanmağa tələsin!” – buyurdu. Səhabədən Umeyr bin Hümam: “Göylər və yer qədər geniş olan cənnət?” – deyə təəccüb etdi. Hz. Peyğəmbər: “Bəli”, - buyurdu. Umeyr (r.a) heyrətini gizlədə bilməyərək: “Nə gözəl!” – dedi. Hz. Peyğəmbər heyrət və sevincinin səbəbini soruşduqda bu cavabı verdi: “Sevinməyimə səbəb onu qazanacağımı ümid etməyimdir”. Hz. Peyğəmbər o anda Umeyrə bu müjdəli xəbəri verdi: “Sən onu qazananlardansan”. Sevincindən yerində dayana bilməyən Umeyr ox sadağından bir neçə xurma çıxarıb yeməyə başladı. Amma bir anda: “Bu xurmaları yeyənə qədər gözləsəm, uzun zaman keçəcək”, - deyərək dərhal əlindəki xurmaları atıb müşriklərin üzərinə hücuma keçdi və şəhid olana qədər vuruşdu.

Allah Rəsulunun tərbiyəsində yetişən səhabələr xeyir işlərə bu qədər təşnə idilər. Onlar eşitdikləri bir ayəni, yaxud Peyğəmbər təlimatını dərhal həyata keçirməyə çalışırdılar. Bizdən fərqli olaraq, araya dəqiqələrin, saatların girməsinə imkan vermirdilər. Çünki sonraya buraxılan xeyir işə şeytanın əngəl olacağını yaxşı bilirdilər. Nəfsin fədakarlıqdan xoşlanmadığını da çox gözəl anlayırdılar. Bir-iki xurma yeyəcək qədər qısa zaman kəsiyi belə onlar üçün həddən artıq uzun gəlirdi. Onların xeyrə can atması nəticəsində dünya ən məsud çağını yaşadı. Yetimin üzündəki təbəssüm oldular. Kimsəsizə dayaq, yolunu azmışlara yol oldular. Bu gün də xoşbəxtliyin yolu xeyirdə yarışmaq, yaxşı əməllərə tələsməkdən keçir. Unutmayaq ki, sabah edərəm deyənlər həlak oldular

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz