BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

2.263 قَوْلٌ مَعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِنْ صَدَقَةٍ يَتْبَعُهَا اَذًى وَاللّٰهُ غَنِىٌّ حَلِيمٌ
Xoş bir söz və bağışlamaq arxasınca əziyyət (minnət) edilən sədəqədən daha xeyirlidir. Allah heç bir şeyə möhtac deyildir, həlimdir (cəzaları təxirə salandır)!” (əl-Bəqərə, 2/263)

Bizim həqiqi mənada insan olduğumuzu göstərən, bizi gözəlləşdirib dəyərli edən və başqa canlılardan ayıran əsas xüsusiyyətlərdən biri də söz demə qabiliyyətimizdir. Bir insan kimi çox vaxt əhəmiyyətini dərk edə bilmədiyimiz bu nemətlə əlaqəli olaraq Uca Rəbbimiz bildirir ki, gözəl söz və insanları bağışlamaq ardından minnət qoyulan sədəqədən və ya yardımdan daha xeyirlidir. Burada dil ilə edilən üç əmələ diqqət çəkilir ki, bunlar minnət qoymaqgözəl söz və əfv etməkdir. Ayədə diqqət çəkilən xüsuslardan biri budur ki, sədəqə verdiyimizdə, yaxud birinə yaxşılıq etdiyimizdə həmin insana minnət qoymamalı və bu yaxşılığı daha sonra onun üzünə vurmamalıyıq. Belə olan halda həmin insana mənəvi əziyyət vermiş olarıq və etdiyimiz yaxşılıq puça çıxar. Çünki bir sonrakı ayədə Uca Allah belə buyurur: “Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın!” (əl-Bəqərə, 2/264) Deməli, minnət qoyaraq yaxşılıq edənlərin qəlbində həm riyakarlıq, həm də iman zəifliyi vardır. Ona görə də sədəqəni ehtiyac sahibinə onu incitmədən və gülər üzlə vermək daha məqsədəuyğundur.

Digər tərəfdən, burada sözün və insanları bağışlamağın nə qədər əhəmiyyətli və təsirli olduğuna işarə olunur. Dil neçə-neçə dostluq münasibətlərinə son verə bilən, eyni zamanda düşmənçilikləri aradan qaldıra bilən bir əmanətdir. Gözəl bir söz qəlblərin yaralarını sarıyar, onları razılıq və gülərüzlülük hissləri ilə doldurar. Bağışlamaq və əfv etmək isə ruhların kinlərini təmizləyər, onun yerinə qardaşlıq və doğruluğu yerləşdirər. Bu səbəbdən Allahın bizə əmanət olaraq bəxş etdiyi dilimizin istifadəsində çox diqqətli olmalıyıq. Çünki İslam ədəbinin bir təzahürü kimi möminin şirin danışması və gülərüz olması gərəkdir. Həzrət Peyğəmbərimiz (s.ə.s) də: “Gözəl söz sədəqədir”, (Buxari, Ədəb, 34) – buyurmuşdur. Digər bir ayeyi-kərimədəki “Pak söz Ona tərəf yüksələr və pak sözü də yaxşı əməl ucaldar!” (Fatir, 35/10) ifadəsi də söylədiyimiz gözəl sözlərin bizə mükafat olaraq geri dönəcəyini xəbər verir. Buna görə də səmimi bir mömin olaraq sözlərimizi gözəlləşdirməli, insanlara qarşı bağışlayıcı olmalıyıq. Həmçinin yardım edərkən qarşımızdakı insana minnət qoyaraq əziyyət verməməli, hətta yardımın kim tərəfindən edildiyini belə hiss etdirməməliyik ki, o insan bizimlə qarşılaşdığı zaman xəcalət çəkməsin. Uca Allah hər birimizi bu xislətlərə sahib kimsələrdən eyləsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz