KİTAB TƏQDİMATI: “ƏBƏDİYYƏTƏ YOLÇULUQ”
Hər ay qapınızı döyüb evinizə eyni “ailə”dən olduğumuzu xatırladan və “təbəssüm” etdirən hədiyyələri ilə daxil olan, eyni zamanda hər il İslami əsərlər arasından seçdiyimiz dəyərli, nəfis bir əsəri gözəl güllərdən dərilmiş zərif bir buket kimi ən səmimi duyğularla istifadənizə təqdim edən “İrfan”ınız bu il də həyəcanla görüşünüzə tələsir. Əlbəttə, bu il də əliboş deyilik...
İrfan jurnalının dəyərli abunəçilərinə ərməğan edəcəyi builki hədiyyəsi daha əvvəlki hədiyyələrdən bir çox yönü ilə fərqlənməkdə və daha çox əhəmiyyət kəsb etməkdədir. Əsər ilə tanış olduqdan sonra, əminik ki, təkcə kitabxananızda ən mühüm yeri tutmayacaq, eyni zamanda stolüstü kitabınız olacaq və bir çox suallara bu kitabda ən dolğun cavabları tapacaqsınız. Çünki bu kitab insan oğlu üçün ən böyük müəmma sayılan: ölüm və sonrasını – axirət həyatının təfərrüatlarını anlatmaqdadır.
İman əhli olmayanlar o dəhşətli hesab gününü qəbul etməməklə dünyadakı bir çox günahlarından, hesabını verə bilməyəcəkləri davranışlarından zehnən boyun qaçırmağa çalışırlar. Bəs müsəlmanlar necə? İman əhli olanlar, öldükdən sonra yenidən dirilişi qəbul edib buna inananlar axirət haqqında nə düşünməlidirlər? Müsəlmanın axirət düşüncəsi ona necə yön verməlidir?
Axirətdə ən karlı qazancla qarşılaşmaq istəyən kəs orada qarşılaşacağı məşəqqətləri, soruşulacaq sualları, keçəcəyi mərhələləri açıq bir şəkildə bilməlidir ki, özünü nəyin gözlədiyini bilərək bunlara hazırlıq görsün. Bu səpkidə bizi ən çox maraqlandıran suallar nələrdir?
“Bu qədər insan haradan gəlib, hara gedir?”
“Əcəl nədir?”
“Ruh nədir?”
“Ölüm necə gerçəkləşir?”
“Öldükdən sonra insanı nə gözləyir?”
“Qəbir həyatı necə olur?”
“Qiyamət nə zaman qopacaq?”
“Diriliş necə olacaq?”
“Hesab nədir, mizan nədir, kövsər nədir, sirat nədir?”
“Cənnət və cəhənnəm necə bir yerdir?..”
Bütün bu və bənzər sualların cavablarının sizi də maraqlandırdığını düşünərək İrfanın builki hədiyyəsini bu səpkidə yazılmış əsərlərin arasından seçdik. Dini mövzularda çox dərin araşdırmaların və qiymətli əsərlərin müəllifi, qiymətli elm adamı və könül insanı olan möhtərəm Osman Nuri Topbaşın “Əbədiyyətə yolçuluq” əsəri axirət və sonrası ilə əlaqədar maraqlandığınız suallara ən dolğun və doğru cavabları tapa biləcəyiniz əvəzolunmaz bir qaynaq əsərdir. Açıqlanmaqda olan hər mövzudakı mənbə və dəlillərin açıqca ifadə edildiyi bu əsərdə eyni zamanda həmin mövzuda alınacaq ibrətlər və müsəlmanın bu mövzuda hazırlıq üçün nələr etməsi lazım olduğuna dair qiymətli məsləhətlər də yer almaqdadır ki, bu da əsəri daha məzmunlu və maraqlı hala gətirməkdədir.
Müəllif bu mövzunun əhəmiyyətini belə xülasə edir:
“Hər kəsi “həyat” möcüzəsindən daha dəhşətli və atəşli bir girdab halında ağuşuna alan “ölüm” həqiqəti bu dünyada hər kəsin başına gələcək ən çətin hadisədir. Ona görə də ölüm və ölümdən sonrakı məchulları məluma çevirmək bəşəri qayələrin ən başda gələnlərindəndir.
Çünki həyat beşiklə tabut arasındakı məsafəyə sığmayacaq qədər ülvi bir həqiqətdir. Sırf insan idrakı ilə dərk edilməsi mümkün olmayan ölüm və sonrasına dair istiqbal düyününü çözə bilmək isə nəfs əngəlini keçərək vəhyin nidasını can-dillə dinləməyi zəruri edər. Bunu kamil mənada həyata keçirə bilmək peyğəmbərlər və onların varisləri olan övliyaullahın könül aləmindəki eşq, vəcd və bihuş halından nəsib ala bilməklə mümkündür”.
Kitabda iman əhlinin üzüağ çıxmağını ümid etdiyi axirət mərhələləri anladılmaqla yanaşı, eyni zamanda bu imtahanda zərərli çıxacaq olanların üzləşəcəyi peşmanlıq və qarşılaşacaqları rüsvayedici aqibət də izah edilməkdədir. Bu fəlakətin əsas səbəbini və hüzn qaynağı mənbəyini isə müəllif İmam Rəbbani həzrətlərinin dilindən belə nəql etməkdədir:
“Ölmək fəlakət deyildir. Əsl fəlakət öldükdən sonra başa gələcəkləri bilməməkdir”.
Uca kitabımızda: “...Heç bilənlərlə bilməyənlər bir ola bilərmi?...” (əz-Zümər 9) – buyurulur. Elə isə bu sahədə bilmədiklərimizi öyrənmək, bildiklərimizi və ya haqqında eşitdiklərimizi dəqiqləşdirmək, ölüm və axirət barəsində həqiqi təfəkkür şüuruna nail ola bilmək və bu təlaşla Rəbbimizin buyruğuna yönəlib Onun əmrində ibadət və itaətlə dolu bir həyat yaşayaraq axirət nemətlərinə nail ola bilmək naminə, ümid edirik ki, bu əsər həm müəllif adına böyük bir sədəqeyi-cariyə, həm də oxucular üçün minnətdarlıqla yad edəcəkləri əvəzsiz bir xəzinə olacaqdır.
ŞƏRHLƏR