Ayrılan yollar

Ayrılan yollar

Qarlı-boranlı qış ağır keçmiş, artıq kəndə yaz gəlmişdi. Evlərdə bişən təndir çörəyinin qoxusu bütün kəndə yayılırdı. 

Günəş zəif şüaları ilə isitməyə çalışır, yeni pöhrələnmiş üzüm tənəklərinin körpə budaqları sanki əllərini uzadıb tutacaq yer axtarır, quşlar yuva qurmaq təlaşı ilə səs-küy salırdılar. Sanki təbiət ağır yuxudan yavaş-yavaş oyanırdı.

Tozlu kənd yolunun başında sürətli addımlarla yürüyən iki uşaq göründü. Yanaqları qızarmış uşaqların üzlərindən və hərəkətlərindən həyəcanlı olduqları bəlli idi. Rza və Arif – iki dost, iki qonşu ilk dəfə bu gün məscidə gedirdilər. Sinələrinə sıxdıqları Qurani-Kərimləri tez bir vaxtda öyrənmənin həvəsi ilə məscid imamının yanına tələsirdilər. Bir məclisdə məscidin imamı Fikrət dayı onları yanına çağırmış, başlarını sığallayaraq onlara Allahdan, peyğəmbərdən bəhs etmişdi. İlk dəfə ataları ilə bayram namazına getdiklərində qəlblərində dərin hüzur hiss etmiş, axşamlar lampa işığında babalarının müqəddəs kitabı sağdan sola necə oxuduğunu heyrətlə izləmişdilər.

İlk hərf: "əlif". Daha sonra digər hərflər, digər surələr gələcəkdi. Rza və Arif həm məsciddə, həm də orta məktəbdə aktiv uşaq idilər. Dərslərini birlikdə oxuyur, birlikdə kənd işlərində iştirak edir, birlikdə böyüyürdülər. Bəzən qonşu kəndin uşaqları onların önünü kəsəndə Arif irəli atılar, dostunu nə bahasına olursa-olsun qoruyardı. Bəzən də özünü ac deyilmiş kimi göstərər, cibindəki son pulu ilə məktəb bufetindən dostuna şirniyyat alar, onun necə iştahla yediyinə baxıb gülümsəyərdi. Rza xəstələndiyi üçün qaçaraq ona dərman alıb gətirdiyi yağışlı günü isə heç unutmadı Arif.

İllər keçirdi. Rza və Arif orta məktəbi əla qiymətlərlə oxuyurdular.  Rzanın atası Bakıda yüksək vəzifəyə təyin olunduğu üçün orta məktəbin son sinfində dostlar məcburən ayrıldılar. Arif uşaqlıqdan bəri xəyal etdiyi ilahiyyat sahəsinə yönəlmək, gələcəkdə millətini  dini-mənəvi yöndən maarifləndirmək, xalqına bu sahədə faydalı olmaq üçün planlar qururdu. Rza isə mühəndis olmaq istəyirdi. O, Arifin bu istəyini heç cür anlaya bilmirdi.

Qızmar bir yay günü hər iki dost bir-birinə zəng edərək müjdəli xəbəri verəcəkdi: Arif rayonların birində çox arzuladığı ilahiyyat universitetinə daxil olmuşdu, Rza isə Bakıda mühəndisliyə.

İki dost ayrı düşmüşdü artıq. Arif universitetə qəbul olduğu gündən çox çalışırdı. Həm biliklərini, həm də daxili dünyasını zənginləşdirmək üçün gecə-gündüz oxuyur, mütaliə edirdi. Mənəviyyat öndərlərinin həyatlarını araşdırır, onların könül zənginliklərinin dərinliklərini heyranlıqla müşahidə edirdi. Maddi ehtiyaclarını evə bildirməkdən çəkinir, onlara yük olmaq istəmirdi. Xarakteri və davranışları ilə hər kəsin sevimlisinə çevrilmişdi. Rza isə tamamilə fərqli bir mühitə düşmüdü. Ailəsinin maddi imkanları gün keçdikcə yaxşılaşırdı. Atasının ad günündə hədiyyə aldığı bahalı maşın onu maqnit kimi çəkir, fərqli bir aləmə sövq edirdi. Artıq namazlarına diqqət etmir, hər gün yeni dostları ilə əylənir, hər gün yeni macəralar arxasınca gedirdi. Dərsləri də ilk qəbul olduğu ildəki kimi deyildi; qaiblər və kəsirlər üst-üstə yığılır, o isə bu haqda düşünmək belə istəmirdi. 

Bu müddət ərzində Arif dostunun kef-əhvalını soruşmaq üçün vaxtaşırı zəng edirdi. İlk başlarda zənglərə cavab verən Rza daha sonralar əyləncəsini pozmamaq üçün hər dəfə telefonu səssizə alırdı. Hətta cəbhə bölgəsinə hərbi xidmətə getdiyini xəbər vermək üçün zəng etdiyində belə, Rza gecə klubunun səs-küyündən zəngi eşitməmişdi.

Rza gecə dostları ilə içki məclisində əylənərkən, nişanlısının üzüyü qaytardığı xəbərini aldı. Onsuz da bir müddət əvvəl münasibətləri pozulmuşdu, indi isə üniversitetin son kursundan qovulmasını unutmaq üçün gəlmişdi bura. Qərar verdi; içkili olsa belə, elə indi yola çıxacaq, rayona gedib bunun hesabını soruşacaqdı. Yol boyu radionun səsini açır, deyinir, sükana vurur, qarşıdan gələn maşınların işığını vaxtında söndürməyənlərini söyürdü.

Ani bir qəza...  Ağaca çırpılmış maşın... Cansız bədən... Səssizlik...

Səssizliyi  bir anda yenidən işə düşən radionun musiqisi pozur. Bir neçə saniyə sonra musiqi yarıda kəsilir və radiodan həzin bir qadın səsi yayılır gecənin qaranlığına:  “Diqqət!.. İndicə aldığımız məlumata görə, Füzuli istiqamətində düşmən təxribatının qarşısını alarkən kiçik çavuş Əliyev Arif Kərim oğlu şəhid olmuşdur...”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz