“ÖLÜM”Ü ANLAMAQ

“ÖLÜM”Ü ANLAMAQ

Həyatda bəzi həqiqətlər var ki, insanlar nəinki onlarla qarşılaşmaq, hətta düşünməkdən belə çəkinirlər. Bu da bir həqiqətdir ki,  qorxulardan qaçmaq imkansızdır. 

Qorxuların öhdəsindən gəlməyin yolu isə onunla üzləşmək, qəbul etmək və onu sevməyə çalışmaqdır.

Dünyada yaşayan insanların böyük əksəriyyətinin qorxduğu və üzləşmək istəmədiyi həqiqətlərdən biri də ölümdür. Kapitalist, liberal və istehlakçı sistemlər, eyni zamanda bütün reklam və moda nəşriyyatları insanları ölümdən uzaq – axirətsiz həyat tərzi yaşamağa sövq edir. Nəfsin istəkləri yönündə və dünyalıq üçün yaşamağa çağırır. Ancaq bu vaxta qədər ölümdən qurtulan bir kimsə olmadığı kimi, o barədə heç bir məlumat da eşidilməmişdir. Həmin günə hazır olmadıqlarına görə insanlar ölümdən qorxur və onu dəhşətli ayrılıq kimi görürlər. Unutmayaq ki, həmin qorxunun əcələ heç bir faydası olmayacaqdır.

Həqiqət odur ki, hər doğulan ölmək üçün doğulur. Əbədilik sadəcə Allaha məxsusdur.  Ölüm elə bir həqiqətdir ki, insan ondan yaxa qurtara və onu görməzlikdən gələ bilməz. Ölümün olmadığına özümüzü inandırmağa çalışmaqdansa onun varlığını qəbul edərək dostlaşmağın, sevmənin yollarını axtarmaq lazımdır. Buna görə də sözün əsl mənasında “ölümü öldürmək” lazımdır. Ölümü öldürən kəs bir gün ölər, ancaq ölümdən qorxan hər gün ölər. Odur ki, onu sevmək və onunla dostlaşmaq lazımdır. Nəcib Fazil Kısakürəkin bu misraları ölümü necə də gözəl xülasə edir:

            Ölüm gözəl şeydir; budur pərdə arxasından xəbər,

            Heç, gözəl olmasaydı, ölərdimi Peyğəmbər?!

Bəşəriyyətin öhdəsindən gələ bilmədiyi və çarəsini tapa bilmədiyi ölüm əslində inananlar üçün bir rəhmət və yeni həyatın başlanğıcıdır. Dini nöqteyi-nəzərdən ölüm yox olmaq deyil, əksinə, bir aləmdən başqa bir aləmə köç etməkdir. Ölüm yuxudan ayılaraq gerçək həyata gözlərini açmaqdır. Böyük İslam alimləri deyirlər ki, inanan insan üçün ölümdən qorxmağa gərək yoxdur. Çünki inanan insan hər an ölümə hazırdır. İnanan insanın əməl heybəsində az-çox “azuqəsi” vardır. Ölümü sevənlər o günü “toy günü”nə bənzədirlər. Çünki belə kəslər ölüncə sevdiyinə qovuşmuş olur.

İnsanlar hər gün kiminsə vəfat etdiyini eşidir, ancaq özünün öləcəyini heç yadına salmır. “İnsan bilmədiyinin düşmənidir” məfkurəsindən yola çıxaraq hər kəs danılmaz həqiqət olan ölümü düşünməli, təfəkkür etməlidir. Ölənlərdən ibrət almalı, qəbiristanlıqda yatanlardan birinin günlərin birində özü olacağını düşünməlidir. Belə olduğu halda ölümlü dünyaya bel bağlamağın mənasız olduğunu dərk edəcəkdir. Kiminsə xətrinə dəymənin, aldatmanın, sadəcə dünyəvi mənfəətlərin arxasınca qaçmanın yersiz olduğunu anlayacaqdır. Hər an ölüm çağında olduğunu və hər saniyə ölə biləcəyini düşünə bilən kimsə namazını son namaz kimi qılacaq, tutduğu orucun son oruc ola biləcəyini düşünərək tutacaq, dəstəmazını ən mükəmməl şəkildə almağa çalışacaq, verdiyi sədəqənin hüzurunu bütövlükdə hiss edəcəkdir.

İnsanların əksəriyyəti fiziki ölümdən, yəni bədənlərin ölməsindən qorxurlar. Ancaq əsas fəlakət qəlblərin ölməsidir. Əgər insanın qəlbi ölübsə, insanlıq xüsusiyyətlərini itirmiş sayılır. Qəlbsiz insanın nə özünə, nə də ictimaiyyətə faydası vardır. Qurani-Kərim belə insanları məxluqatın ən aşağı səviyyəsindəki varlıq kimi təsvir edir. Bəs nədir insanın qəlbini öldürən? İşlənən günahlar, qul haqqı, məzlumların ahı, haqsız qazanclar və s.

Günahlardan çəkinmə həssaslığını itirən qəlbin qəbirdəki meyitdən heç bir fərqi yoxdur. Əsas fəlakət isə ölü qəlbə sahib olduğunu bilməmək, xəstəliyi hiss etməməkdir. Vəhb ibn Münəbbih necə də yerində ifadələr işlədib. Deyir ki: “İnsanlar çox qəribədirlər. Bədəni ölənlər üçün ağlaşır, ancaq qəlbi ölənlər üçün ağlamırlar. Halbuki əsas fəlakət qəlbin ölməsidir”.

Bəs çarəsi nədir? Əslində, çox bəsitdir. Necə ki, bədən narahat olduqda xəstələnən üzvlə əlaqəli mütəxəssis həkimləri axtarır və müalicə üçün onlara müraciət ediriksə, sözün əsl mənasında “qəlb xəstəliyinə” düçar olanda da “qəlb həkiminə” müraciət etmək və müalicə almaq lazımdır. Qəlb diri və sağlam olarsa, fiziki ölümlər bizim üçün rəhmətə – qorxu əvəzinə  sevgiliyə qovuşma anına çevrilər.

Ağıllı kəs odur ki, maddi (fiziki) və mənəvi cəhətdən sağlam qalmağa çalışsın. Dünyadakı hər növ sərmayəsini axirət qazancını əldə etmək üçün sərf etsin. Çünki heç bir itkisi və riski olmayan, qat-qat artıq qazanc gətirən investisiya axirət üçün qoyulan investisiyadır.

Mövzumuzu bir hədis və ayə ilə yekunlaşdıraq: “Necə yaşasanız, elə də ölərsiniz; necə ölsəniz, elə də dirilərsiniz”, - buyurur Həzrət Peyğəmbər (s.ə.s). Uca Allah da: “Ancaq müsəlman olaraq can verin”, - şəklində əmr edir. Seçmək bizə qalır…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz