Yanğın
Hz. Ömər (r.a) zamanında Mədinədə bir yanğın oldu. Evlər, binalar, hətta quş yuvaları belə yanmağa başladı. Daşlar da quru ağaclar kimi yanırdı. Şəhərin yarısı atəş içində qaldı. İnsanlar əllərinə düşən qablarla, vedrələrlə su daşıyır, yanğını söndürməyə çalışırdılar. Amma atəş get-gedə yüksəlir, yanğın daha da güclənirdi. Camaat Hz. Ömərin yanına gəlib belə dedi:
- Yanğın suyla sönmür.
Ömər (r.a) cavab verdi:
- O yanğın Allahın əlamətlərindəndir. Sizin xəsislik atəşinizdən bir parçadır, suyla sönməz. Suyu bir kənara qoyun, yoxsullara yemək paylayın.
Camaat cavab verdi:
- Bizim qapılarımız yoxsulllara həmişə açıqdır. Biz əliaçıq adamlarıq.
Ömər (r.a.) cavab verdi:
- Siz yoxsullara adət olduğu üçün yemək verirsiniz, bunu Allah rizası üçün etmirsiniz. Göstəriş və öyünmək üçün comərdlik edirsiniz. Allahdan qorxduğunuz üçün deyil. Hər kəs öz yaxınlarına yaxşılıq edər, nadanlar isə bir iş gördüklərini hesab edərlər.
İBRƏTLƏR
Yaradılanı Yaradandan ötrü sevmək
Rəvayət edildiyinə görə İbrahim bin Ədhəm həzrətləri bir sərxoşun üfunət qoxuyan çirkli ağzını yumuş və bunu nə üçün etdiyini soruşanlara da:
- Əgər Şanı Uca Allahın adını zikr etmək üçün yaradılan dil və ağızı çirkli halda buraxsaydım, hörmətsizlik olardı... -demişdir.
Adam ayıldığında ona:
- Xorasanın zahidi İbrahim bin Ədhəm sənin ağzını yudu, -dedilər.
Bu hadisədən xəcalət çəkən sərxoşun könlü oyandı və:
- Elə isə mən də tövbə etdim, -dedi.
Belə bir hadisəyə vəsilə olan İbrahim bin Ədhəm həzrətlərinə Haqqın dərgahından belə nida edildi:
- Sən bizim üçün onun ağzını yudun! Biz də sənin üçün onun qəlbini təmizlədik!
Axırzaman fitnələri.
Rəsulullah (s.ə.s.) bir gün:
- Gənclərinizin fisqə (fasiqliyə) düşdüyü və qadınlarınızın yolunu azdığı zaman halınız necə olacaq? -buyurdu. Yanındakılar təəccüblə:
- Ey Allahın Rəsulu, yəni elə bir hal başımıza gələcəkmi? -dedilər.
- Bəli, hətta ondan da betəri! -buyurdu və sözünə davam etdi:
- Əmri bil-məruf və nəhyi anil-münkər (yaxşılığı əmr edib pisliklərdən çəkindirmədiyiniz) etmədiyiniz vaxt halınız necə olacaq?”
Səhabeyi-kiram təəccüblə:
- Yəni bu da olacaqmı? -dedilər.
- Bəli, hətta ondan da betər! -buyurdu və davam etdi:
- Münkəri əmr edib, mərufu qadağan etdiyiniz zaman halınız necə olacaq?
Yanında olan insanlar bir daha təəccüblənərək:
- Ey Allahın Rəsulu! Bu da mütləq olacaqmı? -dedilər.
- Bəli, hətta ondan da betər! -buyurdu və davam etdi:
- Mərufu münkər, münkəri də məruf (yaxşılığı pislik, pisliyi də yaxşılıq kimi) qəbul etdiyiniz zaman halınız necə olacaq?
Səhabələr:
- Ey Allahın Rəsulu! Bu da olacaqmı? -deyə soruşdular.
- Bəli, olacaq!” (Heysəmi, VII, 281)
Başqa bir gün Rəsulullah (s.ə.s.):
- İnsanlar üzərinə elə bir zaman gələcək ki, həmin vaxt möminin qəlbi duzun suda əridiyi kimi əriyəcək! -buyurdu.
Səhabeyi-kiram:
- Nə üçün əriyəcək, ya Rəsulallah!? –deyə soruşdular. Bundan sonra Rəsulullah (s.ə.s.) belə cavab verdi:
- Pislikləri görüb onları düzəltməyə gücləri çatmadığı üçün.” (Əli əl-Müttəqi, III, 686/8463)
Elmin fəziləti
Qeys bin Kəsir belə rəvayət edir:
Dəməşqdə yaşayan Əbu Dərda həzrətlərinin yanına Mədineyi-Münəvvərədən bir şəxs gəldi. Əbu Dərda -radiyallahu anh-:
- Ey qardaşım, sənin buralara qədər gəlib çıxmağına səbəb olan nədir? -deyə soruşdu.
Mədinədən gələn şəxs bu cavabı verdi:
- Bir hədisi-şərifdir. Eşitdiyimə görə sən həmin hədisi Rəsulullahdan (s.ə.s) rəvayət etmisən. (İlk ravidən eşitmək üçün gəldim.)
- Hər hansı bir ehtiyac üçün gəlmədinmi?!
- Xeyr.
- Ticarət üçün də gəlmədin?!
- Xeyr.
- Yalnız o hədisi-şərifi öyrənmək üçün gəldin, eləmi?! Mən Rəsulullahın (s.ə.s.) belə buyurduğunu eşitdim:
“Kim elm öyrənmək üçün yola çıxarsa, Allah-Təala ona cənnət yolunu asanlaşdırar. Mələklər, elm öyrənənlərdən xoşlandıqları üçün onlara qanadlarını gərərlər. Göylərdə və yerdə olan varlıqlar, hətta sudakı balıqlar belə alimlərin bağışlanması üçün Allaha yalvararlar. Bir alimin yalnız ibadətlə məşğul olan bir insana üstünlüyü, on dörd gecəlik ayın digər ulduzlara üstünlüyü kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər qızıl, gümüş deyil, yalnız elm miras qoymuşlar. Məhz bu elm mirasını əldə edən şəxs, çox böyük bir qismətə nail olar.” (Tirmizi, Elm, 19/2682; Əbu Davud, Elm, 1/3641)
ŞƏRHLƏR