QƏDİM TƏBRİZ

QƏDİM TƏBRİZ

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır. Mühüm ticarət yolları Cənubi Qafqaz, İberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Beynəlnəhreyn və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir.

Hələ Manna dövləti dövründə bu şəhər dövlətin mühüm mərkəzlərindən biri olmuşdur. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri Polibi, Diodor və Ptolomeyə görə Ovront dağının (Səhənd) ətəyində yerləşir.

Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir.

Təbriz ərazisi kontinental iqlimə malikdir. Burada qışda temperatur -28, yayda isə +25/30 dərəcə olur.

Təbrizdə ən güclü zəlzələ 858 və 1042-ci illərdə baş vermiş və şəhəri yerlə-yeksan etmişdir. Mənbələrin verdiyi məlumta görə Təbrizdə 858-ci ildə baş vermiş zəlzələ nəticəsində şəhərdə 40 min nəfər adam həlak olmuşdur. Təbrizdə yerin xəfif tərpənməsini həmişə hiss etmək mümkündür. Bəzi alimlərə görə yerin belə tərpənməsinə səbəb vaxtilə Səhənd dağının vulkanik olmasıdır. Lakin Xanıkov bunu yer təbəqələrinin dəyişməsi ilə sübut etməyə çalışır.

Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hömdarı II Sarqonun (e.ə. 722-701) eramızdan əvvəl 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: “Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan sədlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım.”

Lakin İran tarixçiləri şəhəri xeyli gəncləşdirərək onun orta əsrlərdə Abbasilər sülaləsindən olan Harun ər-Rəşidin hakimiyyəti dövründə inşa edildiyini yazırlar. İran tarixçilərindən Məhəmmədhəsən xan Zinət “Zinət əl məcalis” və “Təqvim buldan “ adlı əsərlərinə istinad edərək Təbrizin Azərbaycanın böyük şəhərlərindən biri olduğunu və xalq arasında Toriz adı ilə məşhur olduğunu göstərir. Onun fikrincə qədim müəlliflər Azərbaycanın paytaxtının Kanza və yaxud Kanzak (Gəncək, Qazaka) olduğunu qeyd etmişlər. Qədim müəlliflər Təbriz şəhərini həm də Şahıstan adlandırırlar. Şahıstan iberdilli xalqlarda möhkəm deməkdir. Azərbaycanın qədim hökmdarları, sonra isə Sasani şahları öz xəzinələrini bu şəhərdə saxlayırmışlar.

Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağı yaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

Mənbələr göstərir ki, Təbriz bir şəhər kimi heç də İran tarixçilərinin iddia etdiyi kimi orta əsrlərdə yox, eramızdan əvvəl birinci minillikdən etibarən yaşayış məntəqəsi kimi formalaşmışdır və bu şəhər haqqında ilk dəfə məlumat verən mənbələr qədim Assur mənbələridir. Bu mənbələrdə şəhərin adı Tarui və ya Tarmakis kimi qeyd edilir.

Şəhərin adı barədə mütəxəssislər yekdil qərara gələ bilməmişlər. Bəzi tarixçilər Tarui sözünün qədim türk dilində ikiqat qala mənasını verdiyini deyirlər. Tədqiqatçılar qeyd edirlər ki, bu ikiqat qala müasir Təbriz şəhərinin yerində olmuşdur. E.A.Qrantovskiyə görə müasir Təbriz sözünün tələffüzü özü-özlüyündə müəyyənləşdirir ki, bu ad göstərilən Tarui sözündən əmələ gəlmişdir.

Öz mədəniyyəti, tarixi abidələri və rəngarəngliyi ilə seçilən Təbriz dəfələrlə paytaxt olmuşdur. Belə ki;

XII-XIII əsr -Atabəylər dövlətinin,

 1375-1468 - Qaraqoyunlular dövlətinin,

 1469-1501 - Ağqoyunlular dövlətinin,

 1501-1548 - Səfəvilər dövlətinin paytaxtı olmuşdur.

Daha sonralar Qacar sülaləsi dövründə İran vəliəhdinin qərargah şəhəri, 1905-1906 illərdə isə İran Konstitusiya İnqilabının mərkəzi olmuşdur.

Qədim Təbriz şəhərinin gözəlliyinə görə daim səyyahlar, alimlər, din xadimləri, sərkərdələr buranın qonağı olmuş, xoş təəssüratlarla ayrılmışlar. Qədim küçələri, enişli yoxuşlu dərələri qalaları, köhnə tikililəri şəhərə özünəməxsus gözəllik verir.

Qədimi məscid və mədrəsələri, həmçinin keçmişə aid elm ocaqları, tarixi memarlıq inciləri buranın gözəlliyinə gözəllik qatır. Buna Göy məscidi, Cümə məscidini, Şah gölünü, Məşrutə evini, Təbrizin şəhrdarısını, Ərk qalasını və s. abidələri missal verə bilərik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz