HƏYAT DƏFTƏRİNDƏN

HƏYAT DƏFTƏRİNDƏN

ƏN DƏYƏRLİ İNSAN

İki qonşu ölkə vardı. Bu ölkələrin hökmdarları bir-biriylə müharibə etməz, amma hər fürsətdə bir-birlərini narahat edərdi. Ad günlərində, bayramlarda qeyri-adi hədiyyələr göndərərək bir-birlərinə savadlı olduqlarını göstərməyə çalışardılar. Bir gün onlardan biri ölkəsinin ən mahir heykəltəraşını hüzuruna çağırdı. Ona bir-birinin eynisi olan üç insan heykəli düzəltməyi əmr etdi. Aralarında bir fərq olacaqdı, amma bu fərqi də sadəcə ikisi biləcəkdi. Heykəllər hazırlandı və ad günündə qonşu ölkənin hökmdarına göndərildi.
Heykəllərin yanına da bir məktub qoyulmuşdu. Məktubda yazılırdı:

“- Ad gününü bu üç qızıl heykəl ilə təbrik edirəm. Bu heykəllər bir-birinin eynisi kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən daha çox dəyərlidir. O fərqi tapanda mənə xəbər et.”

Hədiyyəni alan hökmdar əvvəlcə heykəlləri tərəzidə çəkdirir. Üç qızıl heykəlin qramına qədər bir-birinə bərabər olduğunu görür. Ölkəsində sənətdən yaxşı başı çıxan nə qədər adam varsa hamısını hüzuruna çağırtdırır. Çağırılanların hamısı heykəlləri diqqətlə araşdırır, amma aralarında heç bir fərq görmürlər. Bütün ölkə hökmdarın başına gələn bu hadisəni, bilir amma bir çıxış yolu tapılmır. Bir müddət sonra hökmdarın üsyan etdiyi üçün zindana saldırdığı ağıllı, oxumuş və zəka sahibi olan bir gənc, bu problemdən çıxış yolunu tapdığını bildirir.

Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdırır. Gənc ilk əvvəl heykəlləri dəqiqliklə yoxlayır, daha sonra incə bir sim gətirilməsini istəyir. Simi birinci heykəlin sol qulağından soxur, sim heykəlin ağzından çıxır. İkinci heykəlin üstündə də eyni şeyi edir. Sim bu dəfə heykəlin sağ qulağından çıxır. Üçüncü heykəldə isə sim qulağından girir amma heç bir yerdən çölə çıxmır. Ancaq simin sığa biləcəyi bir kanal qəlbin olduğu yerə qədər enir, oradan başqa yerə getmirdi.

Hökmdar heykəlləri göndərən qonşu ölkənin hökmdarına cavabını tapdığını xəbər edir:

“Qulağından girəni ağzından çıxardan insan məqbul insan deyil. Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil. Ən dəyərli insan, qulağından girəni ürəyində tutan insandır. Bu dəyərli hədiyyən üçün çox təşəkkür edirəm.

SADƏ BİR SEÇİM

İlk müsəlman türk dövlətlərindən biri olan Qəznəlilər dövlətinin ən böyük və dəyərli hökmdarlarından biri olan və tarixdə ilk dəfə “sultan” adını alan Sultan Mahmud İslamı yaymaq üçün Hindistana on səkkiz dəfə səfər edir. Bu səfərlərdən birində çox şiddətli bir müdafiə ilə qarşılaşmış, zəfər əldə edəcəyindən şübhəyə düşmüşdü. Elə bu çətin vəziyyətdə ikən Allaha belə yalvarır: “Ey Rəbbim, bu savaşdan qalib çıxsam, əldə etdiyim bütün qənimətləri yoxsullara paylayacağam.”

Nəticədə Sultan Mahmud qalib gəlir və çox qiymətli qənimətlər əldə edir. Qəznəyə qayıdanda əldə etdiyi bütün qənimətləri yoxsullara, möhtaclara paylamağa başlayır. Lakin bəzi vəzir və sərkərdələr araya girib “Aman Sultanım, nə edirsiniz, bu qədər dəyərli qənimətlər,  qızıllar, yoxsullara paylanarmı heç? Onlar bu malların qiymətini haradan bilkəcəklər? Üstəlik dövlətin xəzinəsinin bunlara ehtiyacı var” deyirlər. Sultan Mahmud bunu Allaha vermiş olduğu söz üçün yerinə yetirdiyini söyləyir. Yanındakılar yenə etiraz edərək: “Sultanımız, önəmsiz olanları paylayın, dəyərli olanlarını xəzinəyə qoyun, bütün ölkənin bunlara ehtiyacı var” deyirlər.

Həmin dövrdə Qəznədə yaşayan, doğrunu söyləməkdən heç bir zaman çəkinməyən fəzilət sahibi bir alim vardı. Sultan Mahmud onu da çağırtdırıb vəziyyəti anladır və fikrini soruşur. O böyük alim də belə cavab verir:

“Sultanım, bunda qərarsızlığa düşəcək bir vəziyyət yoxdur. Çox sadə bir seçim qarşısındasınız. Əgər Allaha bir daha işiniz düşməyəcəksə, adamlarınızın dediyini edin, qənimətləri xəzinəyə qoyun. Amma Allaha təkrar işiniz düşəcəksə verdiyiniz sözü tutun, nəzirinizi yerinə yetirin, qənimətləri yoxsullara paylayın!”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz