DUA İBADƏTİN ƏSASIDIR
Bildiyimiz kimi, dua qulun Allahdan kömək istəməsi, Ondan yaxşılıq və mərhəmət diləməsidir. Hər zaman Allaha möhtac olan insan çətinliyə düşdükdə Ona pənah aparır, arzu və istəklərini Ona bildirir. Beləliklə insan Allahın böyüklüyü və sonsuz qüdrəti qarşısında öz acizliyini və gücsüzlüyünü dərk edərək, Onun hər şeyi əhatə edən mərhəmətinə olan ehtiyacını səmimi hissələrlə ifadə edir.
Dua insanın səmimi qəlblə Allaha üz tutması, həm qəlbi, həm də dili ilə öz istəklərini Ona bildirməsidir. Deməli, bir qulun öz acizliyini etiraf edərək bütün mənliyi ilə Allaha üz tutması və qəlbinin dərinliklərindən gələn təmiz hisslərlə Ona dua etməsi həm də bir ibadətdir. Sevimli Peyğəmbərimiz buyurmuşdur: “Dua ibadətin əsasıdır.” Uca Kitabımız Qurani-Kərimdə duanın əhəmiyyəti və müsbət nəticələri açıq-aşkar ifadə edilmiş və duaya çoxlu nümunə göstərilmişdir.
Allah-Taala buyurur: “Rəbbiniz buyurdu ki, Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim!”
Uca Kitabımızda dua etməyimizi əmr edən və duaların qəbul ediləcəyini bildirən ayələrdən başqa, çox gözəl və son dərəcə mənalı dualara da yer verilmişdir. Belə ki, namazların hər rükətində oxuduğumuz və Allaha layiq ən gözəl tərif cümləsi ilə başladığımız Fatihə surəsində duanın ən dərin və gözəl ifadəsini görürük.
Uca Rəbbimiz dua edərkən necə hərəkət etmək lazım gəldiyi haqda belə buyurur:
“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.” Deməli, dua edərkən qışqırmaq, sözü lazım olduğundan artıq uzatmaq, günah olan və ya layiq olmadığın şeyləri istəmək və fövqəladə şeylər tələb etmək düzgün deyildir. Bunlar həddi aşmaqdır. Həddini aşanları isə Allah sevməz. Sevimli Peyğəmbərimiz müsəlmanlara xitabən buyurmuşdur: “Hər hansı biriniz: “Rəbbimə neçə dəfə dua etsəm də duamı qəbul etmədi”. -deyərək tələsmədiyi müddətdə duası qəbul edilər.”
Dua ibadət şüuru ilə Haqqa yönəlib təvazö və mütilik içərisində ehtiyaclarımızı Ona ərz etməyimizdir. Deməli, dua edən kəs bütün qəlbiylə Allaha yönəlib sığına bildiyi təqdirdə özünə hər şeydən daha yaxın olan Rəbbinə qarşı ehtiramını ifadə etmiş olur. İnsan yalnız ibadət düşüncəsi ilə yaşadığı müddətdə Allah qatında bir dəyər qazana bilər. Bu gün sadəcə beş vaxt namazın və ya müəyyən ibadətlərin sonuna sıxışdırılaraq kiçildilən dua həqiqətdə həyatın hər sahəsini əhatə edir. Həyatımızı duasız düşünmək mümkün deyildir. Diqqət etsək görərik ki, duanı mühüm saymayanlar ibadətə əhəmiyyət verməyənlərdir. Allah-Təala buyurur: “(Ya Rəsulum) de: “Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” Əbu Hüreyrə (r.a)-dan gələn bir hədisi-şərifdə Sevimli Peyğəmbərimiz müsəlmanlara belə buyurur: “Bütün ehtiyaclarınızı Allahdan istəyin, hətta ayaqqabı bağınızı da!.. Çünki Allah asanlaşdırmazsa, ayaqqabı bağını əldə etməyiniz də asan olmaz!” Peyğəmbərimizin hər tövsiyəsi kimi, bu tövsiyəsindən də bərk-bərk yapışan Abdullah bin Ömər (r.a) elə demişdir: “Hər işimdə Allaha dua edirəm, hətta heyvanımın hərəkətinə genişlik və asanlıq verməsi xüsusunda da… Buna görə də məni sevindirən nəticələrlə qarşılaşıram.” (Buxari, əl-Ədəbul-Müfrəd, 628)
Hz. Aişə Peyğəmbərimizin mənalı duaları sevdiyini bildirmişdir: Allah-Təala Peyğəmbərimizə “Cəvamiul-Kəlam - az sözlə çox məna ifadə etmək” xüsusiyyətini bəxş etmişdir. Bu səbəbdə o, söhbətləri kimi dualarını da mənalı edərdi.
Bizə hər mövzuda ən gözəl nümunə olan Sevimli Peyğəmbərimiz duadakı ədəb və incəliklərlə bağlı diqqət edilməsi lazım olan məqamları da açıqlamışdır. Dua edərkən Allaha həmd-səna, Peyğəmbərimizə də salət və salam ilə başlamaq lazımdır. Dua istək və ehtiyaclarımızı Allaha ərz etməkdən başqa, həm də Allahı xatırlamağın, ucaltmağın bir yoludur. Peyğəmbərimiz (s.ə.s)-də həmd, salət və salam olmadan başlanan hər hansı bir duanı tələskənlik kimi qiymətləndirmişdir. Çünki dua edərkən insan Allahdan başqa hər şeylə əlaqəni kəsib, yalnız Ona yönələrək acizliyini ən gözəl şəkildə hiss edə bilmək üçün əvvəlcə həmd etməli, sonra İslam nemətini bəşəriyyətə gətirən Peyğəmbərimizə minnətdarlıq borcu olaraq salət və salam deməli, daha sonra duaya keçməlidir.
Sevimli Peyğəmbərimiz (s.ə.s) dua haqqında müsəlmanlara tövsiyə edib söyləmişdir: “Şübhəsiz ki, Allah çox həyalı və çox əliaçıqdır. Bir insan əllərini qaldırıb dua etdiyi vaxt onu boş qaytarmaqdan həya edər.” Başqa bir hədisdə də belə buyurulur: “Hər hansı bir müsəlman bir dua ilə Allaha yalvarsa, bu dua günah işləmək və ya qohum-əqrəba ilə münasibətləri kəsmək üçün deyilsə – Uca Allah ona 3 şeydən birini verər: 1) Ya onun duasını qəbul edib istədiyi şeyi ona bu dünyada verər. 2) Ya ona verəcəyi şeyi axirət dünyası üçün saxlayar. 3) Yaxud da duasının əvəzində bir pisliyi, bəlanı ondan uzaqlaşdırar.”
ŞƏRHLƏR