VƏFALI HEYVAN
Həbibə xanım işdən əzgin halda evinə gəlirdi. Pillələri ağır-ağır qalxıb evin qapısına çatdı. Qapını açmaq istəyirdi ki, qapının ağzında körpə bir pişik balası gördü. Sakitcə dayanmışdı.sanki ev sahibini gözləyirdi. Həbibə xanım açarı çantasından çıxarıb qapını açdı.
Bu işləri elə sakitcə görürdü ki, sanki pişik balasını oyatmaqdan qorxurdu. Qapını açıb içəri keçmək istəyirdi ki, pişik ondan qabaq özünü evə saldı. Həbibə xanımın ürəyindən insanı kövrəldən qəribə bir duyğu keçdi: “Bəlkə bunun anası ölüb?!.” Niyə başqa qapıda dayanmayıb, elə bil məni gözləyirmiş –deyə öz-özünə danışa-danışa qapını bağladı. Tez əynini dəyişdi və evdə əlinə keçən nə vardısa gətirib qəzet parçasının üstündə pişiyin qabağına qoydu. Zavallı pişik balası sanki bu anı gözləyirmiş kimi yeməyə girişdi. Yeyib qurtarandan sonra başını qaldırıb Həbibə xanıma baxmağa başladı. Həbibə xanımın ürəyində mərhəmət hissləri baş qaldırdı. Belə qənaətə gəldi ki, pişik bundan sonra burada qalacaq.
Həbibə xanım dərdli qadın idi. ömür-gün yoldaşını, çox dəyərli ərini bir neçə il idi ki, itirmişdi. Bu itkidən çox əziyyət çəkirdi. Amma qürurunu, izzətini qoruyub saxlaya bilmişdi. Elə bu keyfiyyətlər ona qarşı hər kəsdə təmənnasız xoş duyğular yaratmışdı. Onu tanıyanlar tərəfindən böyük hörmətlə qəbul edilirdi. İki övladı vardı. Böyük qızı ailə qurmuşdu. Onun da iki uşağı vardı. Bunların heç biri Həbibə xanıma ərini unutdura bilmirdi.
Həbibə xanımın uşaqları axşam evə gələndə pişiyi gördülər. pişiyin evdə olması uşaqların xoşuna gəlmədi. “Ay ana, bu nədir, evə gətirmisən? Evi tamam batıracaq. Axı indiyənəcən bizdə pişik olmayıb. İcazə ver aparıb azdıraq, bura kənd deyil ki, həyətdə də pişik saxlayaq.” Uşaqlar çox danışdılar, amma Həbibə xanım bir kəlmə də olsun heç nə demədi. Bu o demək idi ki, nə deyirsiniz-deyin, pişik burada qalacaq.
Günlər, aylar keçdi. Pişik balası böyüdü. Həbibə xanımın əhvalı hiss olunacaq qədər yaxşılaşmışdı. O, işdən gələndə qapının zəngini basan kimi pişik gəlib qapının arxasında durar, bədənini, quyruğunu sürtə-sürtə səslər çıxarardı. Qapı açılan kimi Həbibə xanım içəri girər, pişik isə onun ayaqlarına, paltarına sürtünərdi. Həbibə xanım da yeməyini, suyunu verərdi. bir gün uşaqları bu qərara gəldilər ki, bu pişik bu evə gələndən anamızın əhvalı durulub. Bu pişik atamızı unutdurub. Uşaqlar öz aralarında razılaşdılar ki, pişiyi aparıb azdırsınlar. Belə də etdilər. pişiyin yoxluğunu Həbibə xanım biləndə ağlagəlməz hallara düşdü. Uşaqlar gözlənilməyən belə bir mənzərə ilə qarşılaşıb özlərini itirdilər. analarının vəziyyəti getdikcə ağırlaşmağa başladı. Təcili yardım çağırdılar. Həkimlər qan təzyiqinin artdığını, ürək döyüntüsünün çoxaldığını dedilər. verdikləri dərmanların heç bir xeyri olmadı. Həbibə xanım işdən qaldı. Yorğan-döşəyə düşdü. Heç kim bilmədi ki, bu qadına nə olub, təkcə uşaqlarından başqa.
Aradan bir müddət keçdi. Bir gün qapılarının cırmaqlandığını və pişik səsi eşitdilər. həbibə xanımın qızları qaçaraq qapını açdılar. Pişik özünü içəri atdı. Birbaş Həbibə xanımın yanına gəldi. Onun əlinə toxundu. Gah quyruğunu, gah da başını Həbibə xanıma toxundururdu. O isə sakitcə pişiyə baxırdı. Həbibə xanım pişik itəndən sonra elə gərgin anlar keçirmişdi ki, özünə gələ bilmirdi. Getdikcə vəziyyəti ağırlaşırdı. Bir gün qızı qapını açıb otağa girdi. Gördü ki, pişik anasının sinəsindən sürüşüb aşağı sallanan əlini yalayır. Bu mənzərəni görüb ağlaya-ağlaya çöl çəxdı. Qonşular gəlib gördülər ki, arvad dünyasını dəyişib. Qızlar analarının ölümünə səbəb özlərini bildilər. Bu dərdi, bu vicdan əzabını ömürlərinin sonuna kimi çiyinlərində gəzdirəcəkdilər. Hər iksi də bu işi tutduqlarına görə bir-birinə ana qatili kimi baxırdılar.
Həbibə xanım dünyasını dəyişdiyi gündən etibarən pişik də yoxa çıxdı. Anaları öldükdən sonra qızları hər gün qəbir üstünə gələr, göz yaşı tökərək başdaşını öpərdilər.allahdan günahlarının bağışlanmasını istəyərdilər.
Qızları qəbiristanlığa baxan bir nəfərə pul verib analarının qəbrinin üstünü təmizləməsini ona tapşırmışdılar. Özləri də hər dəfə gələndə məzarçını razı salacaq dərəcədə hörmət edirdilər.
Bir gün məzarçı qəbrin üstünü təmizləmək üçün gələndə gördü ki, Həbibə xanımın məzarının üstündə bir pişik ölüsü var. Zəng edib qızlarına bildirdi ki, analarının qəbri üstünə pişik ölüsü atıblar. Qızlar başılovlu halda özlərini qəbiristanlığa çatdırdılar. Məzarçıdan nə olduğunu soruşdular. O da “Qəbrin üstündə pişik ölüsü vardı, mən də götürüb bir kənara atdım” –dedi. Qızlar pişik ölüsünü hara atdığını soruşduqda, pişiyi tulladığı yerdən götürüb onlara göstərdi. Pişiyi görən kimi ağlamağa başladılar. Məzarçı qorxdu, nə olduğunu soruşdu. “Bu, elə bizim pişikdir. Gəlib anamızın qəbri üstə ölüb.” –dedilər.
Həbibə xanımın qızları bir-birinə sarılıb ağlayırdılar. Dodaqlarından bu sözlər töküldü: “Allah başımıza daş salsın. Bu heyvan anamıza bizdən vəfalı çıxdı. İnsan olduğumuza görə bizi utandırdı.”
ŞƏRHLƏR