NƏFSLƏRİ RAZI SALMAQ

NƏFSLƏRİ RAZI SALMAQ

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“Kim (dünyada) azğınlıq etmişsə, dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni cəhənnəmdir! Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini (şəhvəti) qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir!” (Naziat, 37-41)

“Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” -deyəcəkdir.” (ən-Nəbə, 40)

Aləmlərin Rəbbi olan Allahın sırf Özünə qulluq məqsədilə yaratdığı insan övladı seyr və təfəkkür etdiyimiz ucsuz-bucaqsız yer və səmaların yüklənməkdən çəkindiyi əmanət mükəlləfiyyətinə sahib və bu vəzifəni tələb edilən ölçülərdə yerinə yetirmə bacarığına qadir olan bir varlıqdır. İnsanın əbədi ömür yolunun olduqca qısa, lakin qısa olduğu qədər də müqayisə edilməyəcək dərəcədə önəmli olan hissəsi imtahan yurdu olan dünyadan keçir. Əmanət yükü ilə bərabər insana bu ötəri aləmin cazibəsinə var qüvvəsi ilə sarınmış nəfs həqiqəti də bəxş edilmişdir. Hər bir əmanətə layiq olduğu ölçüdə davranmaq təlimatını alan insan övladı bununla böyük bir məsuliyyət və amansız bir çarpışma meydanına daxil olaraq Allaha həqiqi qul olma bəxtəvərliyini qazanma yarışına qoşulmuşdur. Şübhəsiz ki, bu amansız mücadilədə məğlub edilməsi lazım olan əsas hədəf insanı pisliklərə sürükləyən nəfsi-əmmarədir. Bununla bağlı məqamlara xüsusi diqqət yetirən Allah Rəsulu (s.ə.s) tövsiyələrində hamımızı nəfs amilini ağıllı bir dəyərləndirmə süzgəcindən keçirməyə dəvət edir:

“Çevik və oyanıq olan nəfsini hesaba çəkən və onu ölümdən sonrakı həyat üçün hazırlayandır. Aciz isə nəfsinin istəklərinə uyan və Allaha (qarşı) baş qaldıranıdr.” (Hakim, Kitabul-İman, 1/57)

Nəfsani cazibənin əsarətindən qurtulmaq üçün Allah Rəsulunun (s.ə.s) söylədiyi hər sözün, etdiyi hər bir hərəkətin incəliyinə qədər həyatlarına tətbiq etmə ehtirasını bir an olsun söndürməyən şanlı ümmətin dillərə dastan olan həyatı bizi də nəfs əngəlinə qarşı son dərəcədə ehtiyatlı tərpənməyə məcbur edir. Osman bin Mazunun həyat hekayəsi şiddət anında belə nəfsini Allahın təqdirinə razı salmağın mümkünlüyünü nümayiş etdirən ibrətli bir misaldır: Osman bin Mazunun İslamı bəlağətli şəkildə anlatmasına dözməyən Abdullah bin Əbu Ümeyyə çoxdandır gözlədiyi fürsəti dəyərləndirərək Osmanın gözünə şiddətli bir zərbə endirir. Bir anda gözü qaralan Osmanı bu vəziyyətdə görən Sad bin Əbu Vaqqas Abdullahın üzərinə gedərək onun burnunu qırır. Osman bin Mazunu müşriklərdən qorumaq üçün hamiliyə götürən və Osmanın təkidi ilə bu hamiliyi geri götürən Vəlid hadisələri seyr edərək belə deyir:

- Əgər himayəmdən çıxmasaydın, başına bu işlər gəlməzdi.

Osmanın cavabı isə özünü çox gözlətmədi:

- Mənə bir müşrikin himayəsindənsə Allahın himayəsi şərəflidir. Mən, bu həqarətə Allah üçün məruz qaldım. Allah üçün nəinki bir gözüm, ikisi də yox olsa, nəfsimi buna razı edərəm. SƏn isə boş yerə kədərlənmə.

Həqiqətən də nəfsləri asan ələ keçən fani ləzzətlərə deyil, sahibini əbədi səadətə qovuşduracaq hər cür dünyəvi çətinliklərə razı salmaq insana həqiqi bir qulluq həyatının qapılarını aralayan mühüm bir bacarıqdır. Nəfsani hissləri cilovlamaq və onu ilahi əmrlərlə səsləşən məcraya yönəltmək insandan böyük bir qətiyyət və iradə gücü tələb edir. Bir Allah dostunun nəfsani çılğınlığın ram edilməsi üçün sərgilədiyi ədəb nümunəsi heyrətlənmə hissiyyatına sahib olanları biganə qoymayacaqdır:

Allah dostu belə buyurur:

Bir insan öz nəfsini Fironun nəfsindən daha aşağı görməzsə, o, Allaha yaxınlaşma yolunun əhli ola bilməz. Bu yolda varlıq iddiasından əl çəkərək yoxluğa can atmaq böyük bir işdir. Nəfsini nöqsan sifəti ilə görmək o qədər də asan deyil. Lakin nəfsin nöqsanlığını idrak edə bilmək Allaha yaxınlaşma zəfərinin başlanğıcıdır. Elə mən də bu sifətləri nəzərdən keçirərək nəfsimi varlıq aləminin hər təbəqəsi ilə müqayisə etdim və onu kainatın hər zərrəsi ilə tərəzidə çəkdim. Həqiqətdə hər şeyi, hər varlığı, hər yaradılmışı nəfsimdəndaha gözəl və daha xoş gördüm. Nəfsimi bu ölçüdə aciz və zavallı görməyim içimdəki hər cür kiri və pası təmizlədi.

Nəfsani həqiqətin bu ölçülərdə sıxışdırılaraq İlahi əmrlərə qarşı son dərəcədə həssas bir müstəvidə tərbiyə edilməsi sözsüz ki, Məhəmməd (s.ə.s) ümmətindən olan seçkin qullara xas bir keyfiyyətdir. Heç kəsi incik salmayan və heç kəsdən inciməyən bir qəlbi dərinliyə sahib olan və Aləmlərə Rəhmət olaraq göndərilən bir Peyğəmbəərə anasını, atasını, oğul-uşağını, hər şeyini, hətta canını belə fəda etməyə nəfsini razı salan insan toplumunun həyatı daim yad edilməyə və gündəlik həyatımızda daim canlı tutulmağa layiq olan ən mühüm örnəkdir. Bu canlılığın ən bariz misalı olan Hz. Əbu Bəkr Siddiqin: “Allahın rizasını qazanma uğrunda nəfsini sıxıntıya salanı Allah-Təala qəzəbindən əmin edər.” Buyurması bizi İlahi kəlamın şiddətli xəbərdarlıq mahiyyətində olan ayələrinə biganə qalmamağasəsləyir:

“And olsun günəşə və onun işığına; (günəşin) ardınca çıxan aya; onu (günəşi) parlaq edən gündüzə; onu (günəşi) örtən gecəyə; göyə və onu yaradana; yerə və onu döşəyənə; nəfsə və onu yaradana (ona biçim verənə); Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (əş-Şəms, 1-10)  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz